Tatarıstanda “Kazan Odları” jurnalının 100 yaşı qeyd edilib
24 May 2022 11:09 Mədəniyyət24-27 aprel 2022-ci il tarixlərində Tatarıstan respublikasının Kazan şəhərində "Kazan Odları" jurnalının 100 illik, eləcə də bu jurnalının ilk baş redaktoru olmuş Qalimjan İbrahimovun 135 illik yubileylərii təntənəli şəkildə qeyd edilib. Tədbirdə Rusiyanın müxtəlif bölgələrindən, türk boylarından gələnlərlə yanaşı türk respublikalarından gələn qonaqlar da iştirak ediblər. Yubiley tədbirinə Azərbaycandan İlqar Türkoğlu qatılıb. "Kazan Odları"nın əlamətdar 100 illik yubiley öncəsi münasibəti ilə Azərbaycanda 96 səhifəlik dərgi hazırlanıb. Haqqında müxtəlif mətbu orqanlarda məlumat verilən bu kitaba jurnalın keçmiş baş redaktorlarının şeirləri, indiki baş redaktorunun isə hekayəsi oxuculara təqdim olunub. Bu, tatar ədəbi ictimaiyyətinə azərbaycanlı həmkarlarının qardaş hədiyyəsi və təbriki kimi təqdim edilib. Kitaba ön sözü, yazarların özkeçmişini və şeirlərini Əkbər Qoşalı ilə Əhməd Şəfəqli (Orucov), Rüstəm Qaliullinin özkeçmişini və hekayəsini isə İlqar Türkoğlu çevirib. Tədbirlər zamanı "Kazan Odları" jurnalının indiki baş redaktoru Rüstəm Qaliullinin İlqar Türkoğlu tərəfindən tatarcadan Azərbaycan dilinə çevirdiyi 250 səhifəlik "Ata və oğul" kitabı da ədəbi ictimaiyyətə təqdim edilib. Proqram üzrə tədbirin ilk günü Tatarıstan Elmlər Akademiyasının Qalimjan İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunda "XX-XXI əsr Qalimjan İbrahimov və tatarşünaslıq" elmi-praktiki seminarla başlayıb, sonra isə Tatarıstan Mətbuat və İnformasiya Aksioner Cəmiyyətində, "Kazan Odları" jurnalının redaksiyasında, Tatarıstan dövlət TV proqramlarında davam etdirilib. Növbəti gün Qabdulla Tukayın ziyarəti və heykəli önünə gül çələngi qoyulması ilə başlayıb. Sonra Qabdulla Tukay adına Böyük Teatrda "Kazan Odları" jurnalının iki saatlıq təntənəli yubiley konserti, eləcə də Tatarıstan Yazıçılar Birliyində Birliyin sədri Rkail Zəydullanın təşkilatçılığı ilə davam edib. Kazan şəhərinin tarixi yerlərinə, Kazan Kremlinə, Qul Şərif camesinə, muzey və mədəniyyət ocaqlarına ziyarətlər təşkil edilib. Tədbirin növbəti günü TYB-nin təşkilatçılığında Qabdulla Tukayın doğulduğu Arça şəhərinə, oxuduğu kənd məktəbinə, valideynlərini itirdikdən sonra babasının yanında yaşadığı başqa bir kəndə də səfər edilib. Muzey və Mədəniyyət evlərində görüşlər keçirilib. Yubiley tədbirlərində Tatarıstan respublikasının 1-ci prezidenti Mintemir Şaymiyev və hazırkı prezident Rüstəm Minnixanov da iştirak ediblər.