BALACA ZÜMRÜDÜN BÖYÜK IŞLƏRI

Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti

Zümrüd kimi dəyərlidir balaca Zümrüd. Nənə-babasının nəvə sevinci, yaşama səbəbləri, evin şənliyi, isti nəfəsidir. 2012-ci il fevralın 11-də Rüstəmovlar ailəsinə ilk nəvə sevinci yaşadan Zümrüd bununla kifayətlənmədi, atdığı hər addımda nənə-babasını qürurlandırmağa başladı. Ən kiçik uğurunu da ballandıra-ballandıra danışır, qürur duyur, biz o qalib Zümrüdün nənə-babasıyıq, deyirlər. Yaşamaq üçün bundan böyük səbəb və xoşbəxtlik yoxdur. 


Halal zəhmətlə yaşayan Rüstəmovlar ailəsində böyüyən balaca qız artıq özündən bəhs etdirir rayonda. Bu qədər sevilməsinə baxmayın, nə atası Elşad, nə anası Lalə, nə də baba-nənələri onu ərköyün, ipə-sapa yatmaz böyütməyiblər. Atalarımızın dediyi kimi, əzizim əzizdir, tərbiyəsi ondan da əzizdir. Tərbiyəsini onun özündən çox seviblər, nəticə də çox parlaqdır. Bu gün Yevlaxın 9 saylı orta məktəbinin 4-cü sinif şagirdi Zümrüd ağlı, zəkası, gözəl tərbiyəsi ilə həm ailəsinin güzgüsüdür, həm də məktəbin ən nümunəvi şagirdlərindən biri. Sinif rəhbəri Aynur müəllimə həmişə şagirdindən fəxrlə danışır. 
Yevlax rayon 1 saylı musiqi məktəbinin fortepiano sinfində təhsil alan bu çəlim­siz qızın gələcəkdə nə parlaq səhifələrə imza atacağına şübhə qalmır. İstər rəssam­lıqda, istərsə də musiqidə kiçik dünya­sında böyük xəyallar quran və xəyal dünyasını rənglərə çəkən, fortepianonun dillərində ifa edən balaca qızcığaz artıq neçə-neçə mükafat alıb, müsabiqə qalibidir. 
Yaradıcılıq qabiliyyəti onu əvvəlcə Yevlax rayon Uşaq- Gənclər İnkişaf Mərkəzinə gətirir. Mərkəzin direktoru, hər bir uşağın sevimlisinə çevrilən Aysel Nəsibova Zümrüdün də doğmasına çevrildi. Və bu balaca qızcığaz burada rəng dünyasını ağ vərəqlərdə əks etdirməyə başladı. Cızma-qaraları rəsm müəllimi Məryəm Mustafayevanın diqqətini çəkir, təfəkkürünə heyran olur. Rayonda keçirilən rəsm müsabiqəsinə qatılır və birinci yeri qazanır. Ona ən çox uğur gətirən Türkiyə-Azərbaycan qardaşlığını təcəssüm etdirən - bir-birinə əl uzadan bayraqların rəsmidir. Qardaşlığı, birliyi, sevgini 10 yaşlı uşaq yalnız bu qədər gözəl ifadə edə bilər. "Bir millət iki dövlət" adlı Beynəlxalq rəsm müsabiqəsində 6-9 yaş qrupu üzrə III yeri tutduğuna görə diplomla təltif olunub. Bakı şəhər rəsm qalereyasına dəvət olunan Zümrüdə qalereyada türkiyəli nümayəndə 3-cü yer tutması münasibətilə medal təqdim edir, əlavə mükafat və hədiyyə verir.  Sözsüz ki, uğurları hələ qabaqdadır, uşaq olmasına baxmayaraq daima öz üzərində çalışır. Arzularından biri də gələcəkdə rayonda fərdi sərgisinin keçirilməsidir. Baba-nənələri da o xoşbəxt günü yaşamağı həyəcanla gözləyirlər.  
Hələ körpə uşaq olmasına baxmayaraq, otağını təltif olunduğu medallar, qazandığı diplomlar, layiq görüldüyü hədiyyələr bəzəyir. Onun hər işi ilə fəxr edən babası Həsən deyir ki, istərdik zamanı gələndə dünyanın ən böyük rəsm qalereyalarında nəvəmizin əsərləri nümayiş olunsun, adı ən yaxşı rəssamlarla, musiqiçilərlə bir yerdə çəkilsin. "Biz buna inanrıq. Nəvəmiz olduğu üçün demirik, Zümrüd doğrudan da istedadlı uşaqdır. Əgər gələcəkdə yorulmasa, arzularının arxasınca getməyə israrlı olsa, istədiyi zirvəni fəth edəcək. Uğurlu sabahlar istəyirsə hər gün dünənkindən daha çox çalışmalıdır". 


Biz də sizin kimi düşünürük, inşallah balaca Zümrüd uğurları ilə həm üzvü olduğu Uşaq Gənclər İnkişaf Mərkəzinin, həm də rayonumuzun adını qürurlandırsın, yevlaxın fəxri olsun.    

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31