Azərbaycan şou-biznesində kimlərin səsi yoxdur?

Ölkə şou-biznesindəki müğənnilər arasında kim məlahətli və dolğun səs sahibidir, kim isə belə səsdən məhrumdur?

Milli.Az "Publika.Az"a istinadən bildirir ki, Azərbaycanın əməkdar artisti, vokal ifaçısı Samir Cəfərov deyib: "Onlara peşəkar müğənni demək olar. Bu, xalqın zövqünə görədir. Hər bir müğənninin öz publikası var. İnsanlar var ki, səsli, şanson müğənniləri dinləyir, insan da var ki, ümumiyyətlə, müğənnilərimizi xoşlamır. Sıralasaq, bu, düzgün olmayacaq. Luçano Pavarrottinin səsi var. Amma onun öz publikası var. Röya, Flora Kərimova - onların səsi var-yoxdur... amma onların da öz dinləyiciləri var. Prinsip etibarı ilə mahnı uğurlu olmalıdır və tamaşaçının sevgisinə layiq olmaq lazımdır. Çünki həyatda populyar olub, pul qazanıb yaşa biləsən.

Rəqsanə və adını çəkdiyiniz digər müğənnilər, onlar Samir Cəfərovdan, Azər Zeynalovdan, Flora Kərimovadan və başqa bu kimi müğənnilərdən daha çox populyardırlar, publikaları daha genişdir. Onların dinləyiciləri daha çoxdur. Sənət-səs etibari ilə həqiqətən də onlar geridə qalırlar. Sadəcə olaraq, zövq məsələsidir. Ona görə də mən belə məsələlərə səthi yanaşıram. Çox dərinə getmirəm".

Opera müğənnisi Ülvi Qılınc: "Axı onlarla bizim səviyyəmiz eyni ölçülmür. Başadüşən insanlara məsləhət verə bilərəm. Onlar kimdirlər ki, onlara məsləhət də verim? Heç onlar müğənni sırasında da deyillər. Müğənni kimdir, necə olmalıdırlar? Ümumiyyətlə, bundan anlayışları yoxdur. Hər biri əlinə mikrofon alıb, deyir ki, mən oxuyanam. Elə uşaqlar o qədərdir ki... əgər çox ifaçıya qaldısa, həmin müğənnilər toyda ayaq altda qalırlar.

Sizin siyahınız haqqında bir söz deyə bilməyəcəyəm. Amma onu deyə bilərəm ki, yaxşı müğənni tarixdə öz izini buraxır. Müğənni əgər iz buraxmırsa, onun adını çəkmək də, çəkməmək də mənasızdır. Müğənni gərək özü başa düşsün ki, o özü müğənnidir, ya yox! Bu cür müğənnilər haqqında nə danışım?"

"Bir halda ki, onlar səhər acqarına gündə on dəfə telekanallarda oxuyurlarsa..."

Azərbaycanın xalq artisti, xanəndə Canəli Əkbərov: "Səssiz müğənnilər kosmosda oxuyur, səsli xanəndələr heç oxumurlar. Onlar bütün telekanalları istismar, zəbt ediblər. Telekanalların rəhbərliyindən soruşsanız, daha yaxşı olar. "Dəyirman öz içində, çarxı baş ağrıdır". Bir halda ki, onlar səhər acqarına gündə on dəfə telekanallarda oxuyurlarsa, deməli, oxuya bilirlər ki, efirə çağırırlar da... Qoy oxusunlar! Amma Allah canlarına dəyməsin! Hər meyvənin bir dadı olduğu kimi, hər ifaçının da bir dadı var. Bütün xalq bir müğənnini sevə bilməz. Bir müğənni də özünü xalqa tamamilə sevdirə bilməz. Ona görə də oxusunlar, amma yaxşı oxusunlar".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31