Qızıma məktub – Oğuz Ayvaz yazır...
28 Aprel 2022 14:02 MədəniyyətOğuz Ayvaz
Sən doğulanda şəhərə yağış yağırdı. Doğum evində qadınların əzablı səsləri yağışa qarışırdı. Pəncərənin kandarında siqareti siqaretə calayır, sənin gəlişini gözləyirdim. Mənə ata deyən bir qızın böyüyəcəyinin xəyalını qurmağa başlamışdım. Bir yandan da içimdə şeir doğulurdu. Kimə bənzəyəcəksən? Burnun yekəmi olacaq? Saçların nə rəng olacaq? Gözlərin mənim kimi böyükmü olacaq? Suallar yağış damlaları kimi üzərimə yağırdı. Gecənin ikiyə bölündüyü vaxt sən gəldin. Yür kürəsinə qondu sərçə ayaqların.
Körpəlikdə müxtəlif janrlarda ağlayırdın. Avtobusda, metroda ananın yaxasından yapşır, süd istəyirdin. İstəyin olsun deyə aləmə səs salırdın. İnsanlar sənə baxır, qımışırdılar. Az biabr etməmisən bizi. Avtobusu, metronu da evə çevirdiyin vaxtlar olub. Körpəlik günün dan ağaran vaxtı kimidi. Saf, tər-təmiz, qoxulu...
Bu məktubu yazmaq Uşaqlar Gününə təsadüf elədi. Divanda ədyala bürünüb yatırsan. Səni seyr edə-edə yazıram bu məktubu. Dan yeri yenicə ağarır. Saat 05:44-dür. Eynən atam kimi yatırsan. Dünya dağılsa vecinə olmaz. Babana bənzəyən tərəflərini tapmışam. Xarakterli, inadkar, sözündən dönməyən bir qız olacağın indidən görünür. Ancaq zamanla mənə bənzəyən tərəflərin də ortaya çıxır. Tez küsməyin, özünə qapanmağın, uşaqlarla dil tapa bilməməyin.
Bağçaya getdiyin günlər sənin üçün ən əzablı günlər olurdu. Oranın yolunu uzaqdan görəndə belə totuq dabanın topuq vurudu. Uşaq vaxtlarımda mən də bağçadan qorxur, adını eşidən kimi rəngim saralırdı. Çünki orda müəllimlər yatmadığıma görə məni nar çubuğu ilə döyürdülər. Süd içmədiyimə görə danlanırdım. Qızım, sən də nə uşaqlara qoşula bilir, nə də müəllimlərini sevirsən. Azad və mutlu olduğu sahə mənim və ananın qucaq ərazisidir.
Hərdən kitabların vərəqlərini cırırsan, içinə cızma-qara edirsən. Sənə görə, ən ciddi kitabları əl çatmaz yerə qoymuşuq. Ancaq sən Dostoyevskinin, Prustun, Ceyms Coysun, Pamukun kitablarını tapır və onları cırmağa başlayırsan. Mənasız, məzmunsuz kitablara isə toxunmursan. Bu işdə bir iş var.
Hərdən də stolun altına girir, orda oynayırsan. Mən də gizlicə sənə baxıram. Öz-özünə danışır, oyuncaqlarını hərəkət etdirir, gülür, mızıldanır, qışqırırsan. Bu sehirli anlara tamaş eləməyi seçirəm.
Ananı əsəbiləşdirəndə, qaçır otağında gizlənirsən. Mən də bu fürsətdən yararlanıb səni doyunca öpür, qucaqlayıram. Onda dünyanın ən mutlu atası oluram.
Qızım bir gün böyüyüb yazdıqlarımı oxuyacaq, dərin həssaslıq keçirəcək, üzünə təbəssüm qonacaq, gözləri uzaqlara tuşlanacaq. Onun da içində yaradıcı, kövrək bir yer var. Qorxuram, sənət adamı olar, cəmiyyət içində tənha qalar. Onun seçiminə qarşı çıxmayacam. Lakin diləyim odu ki, sənət adamı olmasın. Müəllim, mühəndis, tibb bacısı və ilaxır olsun.
Bəzən deyirlər, övladın olmaq necə hissdi. Mən bu hissi dərinlərdə anlamaq üçün hələ gənc atayam. Amma bir onu anlaya bilirəm ki, övlad sənə atadan da, anadan da, qardaşdan da, bacıdan da, yardan da doğmadı, əzizdi. Onun ən adi şeylərə reaksiyası, emosiyası, gülüşü, gözyaşı elə bil öz içində baş verən proseslərdi.
Qızım, sənə pandemiyasız, maskasız, işıqlı, müasir, müstəqil cəmiyyət arzulayıram. Ümid edirəm ki, həyat sənə tez-tez təbəssüm, mutluluq bəxş edəcək.