Cinlərin həyatımızda yeri - Oğuz Ayvaz yazır

Oğuz Ayvaz

Cəmiyyətimizin ən incə mövzularından biri də cinlərdir. Kiməsə cinlərdən, cadulardan söhbət açsan maraqla gözlərini sənə dikəcək. Yoxsa ki, Kafkadan, Hegeldən, Mirzə Cəlildən danışsan əlini havada yellədib söhbəti dəyişdirməyə çalışacaq. Eyləysə əziz oxucu, səni intizarda qoymadan cinlərdən yazacağam.

Əvvəllər cinlər lampadan çıxıb sənə deyərdilər ki, sahibim, üç arzunu de, yerinə yetirim. Sən də puldan-paradan, mal-mülkdən diləyərdin. İnternet əsrinin cinləri isə çağa uyğunlaşıb, forma dəyişdiriblər. Hələ bu cinlərin arasında qadına cinsi təcavüz edənləri də olub. Cinlərin də başına hava gəlib.

Cinlər bizim üçün həmişə aktual mövzudur. O cümlədən, cin mifik obraz kimi ədəbiyyatda, kinoda, sənətdə həmişə maraqlıdır. Nənələrimizdən, babalarımızdan cin haqda nağıllar eşidəndə qorxudan dilimiz topuq vurardı.

İstənilən halda cəmiyyət olaraq cinə inanırıq, ondan qorxuruq, adını eşidəndə çəkinirik. Cinə ədəbiyyat kontekstində yanaşsaq, çox unikal bir magik-realist obraz olduğunu görərik. Nağıllarımızda tez-tez cinlərlə rastlaşırıq.

Quranda da cinlə bağlı ayələr mövcuddur. Deyilənə görə, cinlərin şərindən qorunmağın ən yaxşı yolu "Bəqərə" surəsini və həmin surədəki "Ayətül-kürsü"nü təkrar-təkrar oxumaqdır.

Quran ayələrinə cinlərin gəlib-getmiş ümmətlərdən olduğu deyilir. Onların da nəsilləri, əcdadları var. Cinlər insanlardan fərqli məkan ölçüsündə yaşayır, insanları görür, söhbətlərini dinləyirlər.

Buna baxmayaraq, ümumi müqayisədə cinlər insanlardan üstün deyillər. Əksinə, insanlar daha mükəmməl yaradılmışlar. Cinlər insanlardan aldığını yenə insanlara satarlar. Cinlərlə təmasın tarixi insanlıq tarixi qədər qədimdir desək, mübaliğə olmaz. Keçmişdə bu cür təmas quran kimsələrə kahin və ya cindar deyirdilər. Onlar bir və ya bir neçə cinlə əlaqə yaradar, onlardan xəbərlər alar, öyrəndiklərini digər insanlara çatdırardılar.

Cinlər bəzən səmaya qalxar, mələklərdən gələcəyə aid xəbərlər almaq üçün qulaq falına çıxar, aldıqları məlumatı kahinlər vasitəsilə insanlara çatdırardı. İndiki ruh çağıran falçıların vəziyyəti elə bu kahinlər kimidir.

Mənə qalsa, mistikaya inanıram. Ümumiyyətlə, həyat bu qədər sadə ola bilməz. Bizim bilmədiyimiz, görmədiyimiz sirli, mistik, məxfi hadisələr, nəsnələr var. İntellektual adamlar cinə inananları çox vaxt lağa qoyurlar. Amma dünya ədəbiyyatı, kinosu belə cinlərdən, mistikadan onlarca şedevr yaradıb. Şəxsən mən öz həyatımda mistikanın necə gizli formada hərəkət etdiyini həmişə hiss etmişəm.

Sonda cin kimi mistik varlıqların və ümumən mistikanın sənətə verdiyi töhfələrə baxıb məşhur fikri belə ifadə edə bilərik: "Cin olmasa belə onu uydurmaq lazım gələrdi."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31