Bakıda “Ardıc irsi muzeyi” fəaliyyət göstərir- FOTOLAR
14 Aprel 2022 11:30 MədəniyyətBakı şəhəri, Binəqədi rayonunda yerləşən 99 saylı tam orta məktəbdə tarix müəllimi işləyən Səyyad Rəfiyev zəngin eksponatlardan ibarət tarix diyarşünaslıq muzeyi təşkil edib. Muzey 30 ildən çoxdur ki, məktəb nəzdində fəaliyyət göstərir və əyani vəsait olaraq tədrisdə, şagirdlərin əyani biliklərinin artırılmasında istifadə olunur.
Səyyad müəllim hələ vaxtilə işlədiyi Ermənistanın Quqark rayonunun Ardıc (ermənicə adı - Arçut) kəndinin orta məktəbində zəngin muzey yaratmış və kəndin, həmçinin ümumilikdə regionun zəngin irsini təbliğ etmişdir. 1988-ci ildə kənd əhalisi zorla deportasiya olunanda və Azərbaycana pənah gətirəndə Səyyad müəllim zəlzələdə dağınıtlar altında qalmış eksponatların böyük bir qismini xilas edərək, özü ilə Bakıya gətirmiş və işlədiyi məktəbdəki sinif otaqlarının birində muzey kimi təşkil etmişdir. Hal-hazıra qədər muzey öz fəaliyyətini davam etdirməkdədir.
Muzey eksponatları: daşişləmə, dulusçuluq, misgərlik, dəmirçilik, zərgərlik, xalçaçılıq elementlərindən ibarətdir. Muzeydə həmçinin müxtəlif dövrlərə aid olan pul nişanələri, bu baxımdan sikkələr, istiqrazlar nümayiş olunur. Maarifləndirmə məqsədilə muzeydə müxtəlif milli-mədəni tədbirlər həyata keçirilir. Çoxlu sayda qonaqlar muzeyi ziyarət edirlər.
Azərbaycanda və xarici ölkələrdə məskunlaşmış Ardıc (Arçut) sakinləri həmin muzeyi Qərbi Azərbaycanda erməni tapdağında qalmış kəndlərinin maddi-mədəni irsi hesab edir və hal-hazırda muzeyə özlərinin tarixi mədəni və ictimai sərvəti kimi sahib çıxmaq üçün mühüm işlər həyata keçirməkdədirlər. Bu yöndə kənd sakinlərinin başlıca və ümdə məqsədi muzeyin Səyyad Rəfiyevin təsisçiliyi ilə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada, xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir. Ölkə başçısı möhtərəm İlham Əliyevə və müvafiq qurumlara kollektiv müraciət edilməsi nəzərdə tutulur. Kənd sakinləri hesab edir ki, ermənilərin yalanlarını ifşa etmək üçün muzey ən mühüm maddi və mənəvi təbliğat və təşviqat vasitəsidir, düşmənə tutarlı cavab vermək üçün əldə olan ən mühüm silahdır.
Bu barədə "ARDIC" Hərəkatının təsisçisi, əslən Ardıc kəndindən olan, siyasətşünas-alim, yazıçı, publisist Elşən Nəsibov məlumat verib.


