SƏRRAF OLMAYAN SƏRRƏFİN SÖZÜNDƏN SÜZÜLƏN SUALLAR
13:02 Siyasətİran İslam Cümhuriyyətinin Elm, Tədqiqat və Texnologiya naziri Hüseyn Simayi Sərrəfin Azərbaycan Respublikasından olan qızları İran universitetlərində təhsil almağa dəvət edib. Çox gülməlidir, çox. Bəyəm, Tehran bizim dildə təhsilə başlayıb? Yoxsa, Quran dilində təhsil olacaq - "Quran" farsca enməyib, gərək bunu illa unutmasınlar. Uzaq olsun, birdən təhsil haqqı tanıdıqları ermənilərin məktəbinə sövq edərlər bizim uşaqları - inşallah daha o qədər də ağını çıxarda bilməzlər. Yaxşı, sən elə təhsil verənsənsə, əhalinin 50 fazizindən çoxunu təşkil edən türklərə nə əcəb anadilli təshili, məktəbi, kitab-dəftəri qıymırsan?
Bəli, bəzən bir amıqlama onlarla sual doğurur; bəzən bir dəvət, əslində, dəvət edənin öz ünvanına qayıdan sual məktubuna çevrilir; bəzən də başqasına göstərilən qayğı öz evində həllini gözləyən məsələləri daha aydın göstərir.
Sərraf olmayan Sərrəfin dəvətinə səbəb kimi Azərbaycanda hicabla bağlı məktəb geyimi qaydaları ətrafında yaranmış mübahisələr göstərilir.
Yaxşı, deyək ki, uşağın təhsil hüququ mübahisə predmeti deyil və zatən olmamalıdır da! Uşaq məktəbdən qıraqda qalmamalıdır, bəli; ancaq körpələr öz doğma mühitlərindən, ev-eşiklərindən də uzaqda qalmamalıdır.
Ayrıca, heç bir qız uşağının gələcəyi böyüklərin dini, siyasi, ideoloji və ya başqa səciyyəli qarşıdurmalarının girovuna çevrilə bilməz. Dünyəvi təhsil prinsipi də, vicdan azadlığı da, qanunun aliliyi də bu əsas məqsədlə uzlaşdırılmalıdır.
Azərbaycan öz təhsil siyasətini öz qanunları, Konstitusiyası və beynəlxalq öhdəlikləri əsasında müəyyənləşdirir. Mövcud problemlərin həlli də ilk növbədə Azərbaycanın müvafiq dövlət qurumlarının, məktəbin, ailənin və vətəndaş cəmiyyətinin məsuliyyətidir. Ancaq Tehranın dəvəti məsələyə tamam başqa ölçü qazandırır. İndi biz soruşmayaqmı: İİC-də Azərbaycan dilində ümumi təhsil verən neçə dövlət məktəbi fəaliyyət göstərir? Neçə universitetdə Azərbaycan dili tamhüquqlu tədris dilidir? İranda yaşayan milyonlarla Azərbaycan türkü öz ana dilində ibtidai, orta və ali təhsilin bütün pillələrindən keçmək imkanına malikdirmi? Əgər malikdirsə, bu məktəblərin, fakültələrin, proqramların, dərsliklərin və məzunların statistikası haradadır? Yox, əgər belə bir sistem mövcud deyilsə, onda başqasının balasına təhsil vəd edən dövlət öz vətəndaşının balasına niyə eyni hüququ təmin etmir?
Burada məsələnin yalnız dildən ibarət olmadığı bəsbəllidir. Məsələ hüququn mahiyyətindən, dövlətin öz vətəndaşına münasibətindən, insanın mənəvi varlığının bütövlüyündən gedir. Axı insan yalnız geyimindən daha öncə, daha üstün dili ilə də özüdür. Dil insanın yaddaşıdır, düşüncə evidir, mənəvi vətənidir. Bir uşağın baş örtüyünə həssaslıq göstərən dövlət həmin uşağın ana dilinə də eyni həssaslığı göstərməlidir, göstərməlidir. Yoxsa baş örtüyü hüquqdur, ana dili isə yalnız məişət vasitəsi? Dinin görünən rəmzləri qorunmalıdır, insanın öz dilində düşünmək və öyrənmək haqqı isə ikinci dərəcəlidir?
Allah eləməsin, qutlu Kitabın mahiyyətini siyasi mübahisəyə çevirmək niyyətimiz yoxdur. Əksinə, məhz "Quran"ın ruhuna, ədalət anlayışına və insanın yaradılış müxtəlifliyinə sayğı ilə soruşuruq: məgər "Quran" fars dilində nazil olub? - Xeyr! - "Quran" qədim ərəb dilində nazil olub. Bu, hər bir müsəlmanın bildiyi həqiqətdir.
"Quran"ın "ər-Rum" surəsinin 22-ci ayəsində dillərin və rənglərin müxtəlifliyi Allahın ayətlərindən biri kimi təqdim olunur. Elə isə dillərin müxtəlifliyini ilahi hikmətin nişanəsi sayan inancın adından çıxış edən dövlət ana dillərinin təhsil məkanında bərabər imkanlarını niyə genişləndirməsin?
Əlbəttə (və təəssüf və ədalətsizcə!), İranın dövlət dili fars dilidir. Bu dilin də zəngin ədəbiyyatı, özünəxas mədəni irsi, tarixi mövqeyi olmuş ola bilər. Biz olanları danmırıq - danmaq nə elmi, nə də mədəni yanaşma olardı; lakin fars dilinə sayğı Azərbaycan dilinin hüquqlarının boğulmasına əsas verə bilməz. Bir dilin böyüklüyü başqa dilin imkanlarının daraldılması ilə ölçülmür; əksinə, böyük mədəniyyət başqa mədəniyyətlərin də yaşamasına, inkişafına, özünüifadəsinə imkan yaratmaqla böyüklüyünü təsdiqlər. İİC Konstitusiyasının 15-ci maddəsi yerli və etnik dillərin mətbuatda, kütləvi informasiya vasitələrində istifadəsinə, məktəblərdə həmin dillərin ədəbiyyatının fars dili ilə yanaşı öyrədilməsinə icazə verir. Diqqət edək: burada ana dilinin tədrisi ilə ana dilində təhsil arasında mühüm hüquqi fərq vardır. Azərbaycan dilinin ədəbiyyatını ayrıca fənn kimi öyrənmək bir məsələdir, riyaziyyatı, fizikanı, tarixi, coğrafiyanı, fəlsəfəni Azərbaycan dilində öyrənmək isə başqa məsələ! Həmin o Sərrəfdən, digər Tehran rəsmilərindən soruşmaq istərdik: bu fərqi aradan qaldırmaq üçün indiyədək hansı sistemli addımlar atılıb? Konstitusiyanın verdiyi imkanlar niyə daha geniş və davamlı təhsil modelinə çevrilməyib?
Azərbaycan dilində təhsilin bütün pillələrini əhatə edən sistemin qurulmasına nə mane olur? Yoxsa İranda ana dilində təhsil hüququ yalnız başqa dövlətin vətəndaşına müraciət ediləndə yada düşür?
Bayaq da vurğuladıq - bir də erməni məktəbləri məsələsi var. İranda erməni icmasının məktəbləri və erməni dilinin tədrisi ilə bağlı müəyyən institusional imkanların mövcudluğu bəllidir. Bu məktəblərin hüquqi və tədris özəllikləri ayrıca araşdırılmalıdır; ancaq elə həmin örnək özü də sual doğurur - əgər bir icmanın dil və mədəni kimliyinin qorunması üçün xüsusi təhsil mexanizmləri mümkündürsə, niyə ölkənin böyük Azərbaycan türkü əhalisinin ana dilində sistemli təhsil imkanları eyni dərəcədə genişləndirilməsin?
Biz heç kimin haqqının azaldılmasını istəmirik. Erməninin də, farsın da, kürdün də, ərəbin də, bəlucun da, türkmənin də, Azərbaycan türkünün də dil və mədəniyyət hüquqları qorunmalıdır. Bizim istədiyimiz hüququn hamıya aid olmasıdır. Ədalət bölüşdürüləndə azalmır, çoxalır və hamıya şamil olunduqca öz mənasına yaxınlaşır.
Bəlkə İİC bir gecənin içində qəfildən dönüb dünyəvi dövlət olub da, biz bilməmişik? Əlbəttə, yox! Azərbaycan Respublikası isə dünyəvi dövlətdir. Bu fərq özlüyündə iki ölkə arasında münasibətlərin qarşıdurma üzərində qurulmasını tələb etmir; dövlətlərin müxtəlif siyasi-hüquqi modelləri ola bilər. Ancaq bir dövlətin öz modelini başqa ölkənin iç siyasətinə münasibətdə üstün ölçü kimi təqdim etməsi haqlı suallar doğurur.
İranın Azərbaycanlı qızlara məktəb qapılarını açmaq təklifi təhsil əməkdaşlığının ümumi və bərabərhüquqlu prinsipləri çərçivəsində səslənsəydi, buna münasibət də başqa olardı; amma çağırış konkret iç mübahisəyə bağlanırsa, burada təhsillə yanaşı siyasi anlam da meydana çıxır.
Bəlkə Tehran öz yanlışlarını etiraf etməyə hazırlaşır - nəhayət anlayır ki, insanın təhsil hüququ yalnız dini mənsubiyyəti və ya geyimi ilə məhdudlaşmır? Ya bəlkə İran dövləti öz vətəndaşlarının ana dili ilə bağlı tələblərinə yeni münasibət formalaşdırır? Bəlkə Azərbaycan türklərinin dil və təhsil hüquqları ilə bağlı illərdir səslənən narazılıqlara cavab verməyin vaxtı çatıb?
Bəlkə, bəlkə, bəlkə... - Müsbət cavab olsaydı, alqışlayardıq; amma bunun göstəricisi qonşu ölkəyə ünvanlanan haytalı, gərgin açıqlama olmamalıdır; Tehranın öz içində atdığı hüquqi və institusional addımları görməliyik. Məsələn, Azərbaycan dilində ümumi təhsil imkanlarının genişləndirilməsi, müəllim hazırlığı, dərsliklərin nəşri, universitet proqramlarının inkişafı və ana dilinin ictimai-mədəni həyatda daha geniş istifadəsi. Bax, bunlar həyata keçirilərsə, təhsil hüququ haqqında deyilən sözlə görülən iş arasında uyğunluq yaranardı - elə deyilmi? Tehranın öz vətəndaşlarına münasibətdə belə bir siyasət yürütməsi nə Azərbaycanın əleyhinə, nə də fars dilinin əleyhinə olardı; tam tərsinə, bu, oradakı toplumun mədəni zənginliyinin qorunmasına xidmət edərdi.
Burada daha bir incə məqam vardır. İslamın mənəvi dəyərləri ilə hər hansı dövlətin konkret siyasətini eyniləşdirmək doğru olmaz. İslam bir dövlətin siyasi sərhədlərindən daha geniş mənəvi-mədəni dünyadır. "Quran"ın ədalət çağırışı da yalnız müəyyən ölkənin vətəndaşlarına aid deyil. Tehran əgər insan haqqından danışırsa, bu haqqı sərhədin o tayında müdafiə edib, bu tayında isə özünü görməməzliyə vura bilməzsən. Əgər təhsil haqqından danışırlarsa, həmin haqqı həm baş örtüyü məsələsində, həm ana dili məsələsində, həm də təhsilə bərabər çıxış məsələsində müdafiə etməlidir. Yoxsa hüquq prinsip olmaqdan çıxıb münasibətə görə dəyişən siyasi alətə çevrilər.
Uzun sözün qısası, Azərbaycan türklərinin ana dilində təhsil hüquqları Tehranın dövlət siyasətində layiqli və gerçək həllini tapmalıdır. İki məsələni bir-birinə qarşı qoymaq yox, hər ikisinə eyni hüquqi ölçü ilə yanaşmaq lazımdır. - Haqqın məzhəbi, ədalətin milliyyəti, elmin isə siyasi sərhədi yoxdur.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI