Təranə Muradovadan restoran rəqqasələrinə-"Restoranda oriyental rəqs edən xanımların rəqs edə-edə stollara yaxınlaşıb pul yığmalarına pis baxıram."
21 İyun 2012 23:51 MədəniyyətXalq artisti Təranə Muradova restoran şou-biznesindən narazıdır.Rəqqasə "Simsar"jurnalına musahibəsində bildirib:
- Peşəkarlıqla şou-biznes bir-birinə ziddir. Söz davasına çıxan rəqqasələr peşəkarlıqdan uzaqdırlar. Ola bilər ki, adi adamlardan yaxşı rəqs edirlər, 1-2 rəqs elementi bilirlər. Amma onlar özfəaliyyətdir. Bu baxımdan da şou-biznes nümayəndəsi olub, daha çox qalmaqal edirlər. Məsəslən, mən o ananı başa düşmürəm ki, övladı istedadsız olduğu halda, öz istəyi ilə çalışır qızı ya müğənni, ya da rəqqasə olsun. Elə analara başa salmaq istəyəndə ki, qızınız peşəkar rəqqasə ola bilməyəcək, başa düşmək istəmirlər. Beləcə, övladlarının taleyini korlayırlar. Mənim nəzərimdə kim hansı peşədə peşəkardırsa, o işlə məşğul olmalıdır.Üstəlik də onlar reklam olmaqla reytinq qazanıb, restoranlara işə dəvət alıb, pul qazanmaq istəyirlər. Əvvəl onları belə etmələrinə görə qınayırdım. Sonra düşündüm ki, bəlkə onlar pis yaşayırlar, maddi durumları xoş deyil deyə, restoranlarda oynamaqla pul qazanmaq istəyirlər. Mən onları artıq qınamıram. Amma onlara peşəkər rəqqasə də deyə bilmərəm. Bizdə restoran şousu çox aşağı səviyyədədir. Hansı restorana gedirsən eyni rəqslərə tamaşa edirsən. Bir də, bir məqam xoşuma gəlmir. Bəzi restoran rəqqasələrinin bizim cövhərimiz olan milli rəqslərimizi çox aşağı səviyyədə restoranlarda ifa etmələri yaxşı hal deyil. Hansı ki, o rəqsləri vaxtilə Əminə Dilbazi, Roza Cəlilova və başqaları böyük səhnələrdə ifa ediblər. Bir sözlə, özfəaliyyət rəqqasələr başa düşməlidirlər ki, restoran səhnəsi professional səhnə deyil. Bir də qeyd edim ki, restoranda oriyental rəqs edən xanımların rəqs edə-edə stollara yaxınlaşıb pul yığmalarına pis baxıram. Məncə hər hansı bir qadın bu cür ucuzluğa getməməlidir. Azərbaycan qadınına belə şey yaraşmır!
Azərbaycanda bu sənətə qeyri-ciddi yanaşma halı mənə toxunur. Axı bizim peşəmiz kənardan göründüyü kimi asan deyil. Hərdən mənə deyəndə ki, nə xoşbəxtsən, öz sənətinlə dünyanı gəzirsən, səhnədə 1-2 hərəkət etməklə işini görürsən. Belə fikirlər məni qəzəbləndirir. Axı belə danışanlar haqlı deyillər. Rəqs sənəti 1-2 hərəkətlə bitsəydi, nə vardı ki. O adamlar bilmirlər ki, biz peşəkar rəqqasələr hər hansı bir rəqsi hazırlayarkən günlərlə onun üzərində çalışırıq ki, səhnəyə çıxıb təqdim edəndə nöqsanımız olmasın. Bir hərəkəti dəfələrlə təkrarlayırıq, üzərində ciddi çalışırıq. Xarici ölkələrdə rəqqasəlik sənətinə çox ciddi yanaşırlar və heç də asan saymırlar. Məsələn, Yaponiyada bu sənətə elə böyük hörmət qoyurlar ki, rəqqasələrin qarşısında baş əyirlər.