Nəcib və xeyirxah elm adamı
10 Dekabr 2021 19:28 MədəniyyətŞərqin tanınmış iqtisadçısı, professor İrşad Kərimovun 74 yaşı tamam olur
Şərqin tanınmış iqtisadçısı, gözəl insan, dəyərli ziyalı, əsl pedaqoq İrşad Abdul oğlu Kərimov (İrşad Kərimli) elmdə yeni- yeni nailiyyətlər qazanmağın kamillik dövrünü yaşayır. 1947-ci ildə Göyçay rayonunda anadan olan İrşad Kərimov ixtisasca iqtisadçıdır. Tam qətiyyətlə demək olar ki, o iqtisadiyyat elminin və elmi dərəcə almağın ən yüksək zirvəsinə çatıb. Nəinki Azərbaycanda, eləcədə Şərqdə böyük alim, bilikli, savadlı iqtisadçı kimi tanınan və qəbul edilən İrşad müəllim dünyanın bir sıra beynəlxalq elmi dərnəklərinin iştirakçısı olub, onun elimi fəaliyyəti yüksək qiymətləndirilib və buna görə, orden və medallara layiq görülüb.
Sınağa çəkilən uğurlu illər

Sadə və zəhmətkeş ailədə dünyaya gələn, atasını erkən - 1963-cü ildə itirən İrşad müəllimin 14 yaşı hələ tamam olmamışdı. O, Göyçay Kənd Təsərrüfatı Texnikumunda oxuyurdu. Ailənin böyük övladı olduğundan ananın və 4 məktəb yaşlı bacılarının bütü qayğıları və dolanışığı onun üzərinə düşməli oldu. Özü tələbə, bacılarının dördü də şagird, ana isə evdar qadın. Nə yaxşı ki, yeniyetmə İrşad Böyük Vətən Müharibəsinin iştirakçısı olan, bədənində döyüş zamanı aldığı güllələrin qalıqlarından əziyyət çəkən atası Abdul kişiyə işlədiyi işdə (atası Kərimov Abdul Kərim oğlu Göyçay avtobazasında işləyirdi) kömək etməklə həmin peşəni bir qədər öyrənə bilir. Atasının qəflətən ölümü ailəni sarsıtsa da, hər halda Kərimovlar nəslinin ağsaqqalları, Göyçayın tanınmış ziyalı şəxsiyyətlərindən əmiləri Ağasəlim və İsmayıl Kərimovlar, əzizləri - Abduləziz Süleymanov, Sədiyar Zeynalov və başqaları ailəni dolandırmağın yeganə gücünü İrşadda gördülər. İrşad müəllim atasının peşəsini davam etdirməli və ailə bu yolla dolanışıq əldə etməlidir. Belə də oldu. 17 yaşı yenicə tamam olmuş İrşad müəllim 1963-cü ilin dekabr ayından texnikumda oxuya-oxuya növbəti iş qrafiki ilə Göyçay avtobazasında ilk əmək fəaliyyətinə başladı.

Gələcəyi görünən qayğılı illər
Texnikumda oxumaq və növbəti iş nə qədər çətin olsa da, hər halda təhsillə istehsalatın əlaqələnməsi güclü həyat məktəbini formalaşdırır. Hər bir gənci, nəinki əməyə, zəhmətə alışdırır, hətta onlarda öz əməyini yeniləşdirmək üçün ağılı, kamalı da formalaşdırır. Bu dövr durğunluq kimi görülsə də hər halda həyat sınağına çəkilən bir gənc də sınaqdan çıxmaq üçün yollar tapılmasına da səsləyir. Yollar isə yalnız müntəzəm oxuyub, təhsil alıb, biliklənməklə tapıla bilər. İrşad müəllim bunu hələ uşaq yaşlarında ali təhsili din xadimi babası Kərim Əfəndinin tərbiyəsi altında keçirdiyi vaxtlarda da öyrənə bilirdi.
Elmə marağın ilk addımları
Keçən əsrin 50-ci illərinin əvvəllərində orta məktəbin aşağı sinifində oxuyarkən babası Kərim Əfəndi dövrünün tanınmış din xadimlərindən biri, Göyçayın sayılıb seçilən ağsaqqalı hesab olunurdu. Kərim Əfəndi 1915-1916-cı illərdə ali dini təhsilini Türkiyədə və İraqda almışdı. Elə buna görə də, "37-ci illərin" amansız və sərt qaydaları Əfəndi babadan da yan ötməmişdi. Ali dini təhsil alması, özü də bu təhsili Türkiyədə alması üzündən o, və ailəsi Sovet-Stalin rejiminin qara günlərini yaşadı. Sürgün olundular. Bəziləri Qazaxıstana, özü isə ailəsi ilə Azərbaycanın ucqar ərazilərinə. Lakin ədalət, həyatın mütərəqqi adamlara bəxş etdiyi həqiqət amalı qələbə çaldı. Kərim Əfəndinin və onun ailəsinin hüquqları bərpa olundu.

Məhz ötən əsrin 50-ci illərinin əvvəlinə təsadüf edilən həmin xoş anlar dövrü məktəbli İrşad müəllimin gələcəyinin ilkin cığırlarını açırdı. İrşad müəllim oğlan nəvələrinin ilkidir. Adını, babası Kərim Əfəndi Qurandan götürüb, böyük oğlan nəvəsinə qoyub. "İrşad" ərəb sözü olub, tərcüməsi "düzgün yol" deməkdir. Uşaq yaşlarını babasının yanında keçirən İrşad ümumbəşəri dinlərin, xüsusən də İslam dininin elmi əsasları haqqında babasının və ona qonaq olanların söhbətlərindən çox şey öyrənə bilmişdi. Çox vaxt əmiləri M.F.Axundov adına Rus dili Ədəbiyyatı İnstitutunun, (indiki Slavyan Universitetinin) tələbəsi Ağasəlim Kərimov, tələbə yoldaşları Sədiyar Zeynalov və Mahmud Nəbiyevlə, V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Tusi adına Pedaqoji Universitetinin) tələbəsi İsmayıl Kərimov, tələbə yoldaşları Şamil Zeynalov və Əfrəsiyab Maqsudovla birgə ataları Kərim Əfəndinin yanında olur, onları maraqlandıran elmi sualların düzgün cavabını alırlar. Əsasən fəlsəfə, astronomiya, tarix bəzən isə ilahiyyətlə əlaqələnən təbiət elmlərindən ciddi sual-cavab aparılır, ətraflı məlumat toplanılır. Məktəbli İrşad həmin elmi söhbətləri, sual-cavabları eşidir, sirli dünyanın bir çox məqamlarını əhatə edən fikirlərlə yaşayır, uşaq düşüncəsi ilə yeni möcüzələri ağlına gətirir. Yəqin ki, həmin düşüncələr İrşadı oxumağa, təhsilə və biliklərə yiyələnməyə səsləyən ilkin çağırışlar oldu.

Oxumaq, ali təhsil almaq həvəsi
Belə arzu və həvəs gənc İrşadı üçüncü bir çətinliklə qarşılaşdırmalı oldu. Texnikumda təhsili başa vurmaq, ana və bacıları dolandırmaqla yanaşı ali məktəbə daxil olmaq lazım gəlir. Həmin illərin təhsil qaydalarına görə Texnikumu bitirənlər orta ixtisas diplomu ilə yalnız 1-2 il ixtisası üzrə işlədikdən sonra ali məktəbə daxil olmaq üçün sənəd verə bilərdilər. İrşad isə orta məktəbin 8-ci sinfini bitirib (1961-ci ildə) texnikuma daxil olmuşdur. Tam orta təhsil haqqında kamal attestatı almaq zəruriliyini elə bil həyat özü İrşadın yolu üçün açdı. Texnikumun 3-cü kursunda oxuyarkən (8-ci sinifi bitirənlər üçün Göyçay Kənd Təsərrüfatı Texnikumunda təhsil müddəti 4 il idi) rayon Maarif şöbəsinin nümayəndələri 8 illik təhsillə texnikumda oxuyanlara tez-tez bildirirdi ki, tam orta təhsil almaq istəyənlər üçün rayon mərkəzindəki 5 saylı orta məktəbdə axşam fəhlə-gənclər məktəbi fəaliyyət göstərir. Bu xəbər İrşadın ürəyindən oldu. Elə həmin vaxt axşam fəhlə-gənclər məktəbinin 9-cu sinifində orta təhsilini də davam etdirir. Texnikumu 1966-cı ildə bitirərkən İrşad axşam məktəbində 11-ci sinifinə keçmişdi. İstehsalatda işləyə-işləyə 1967-ci ildə axşam orta məktəbin 11-ci sinifini yalnız əla qiymətlərlə bitirir.Məktəb pedaqoji şurası ona medal vermək barədə Respublika Maarif Nazirliyinə hətta məlumat da göndərmişdi. Lakin Nazirlik bildirmişdi ki, medallar axşam məktəbini bitirənlərə şamil edilmir.B u və ya digər hallar İrşad müəllimdə süstlük yaratmadı, əksinə təhsilini daha yüksək səviyyələdrə davam etdirməyə ruhlandırdı.

Tələbəlik illəri
Ali məktəbdə Göyçay Kənd Təsərrüfatı Texnikumunda keçdiyi iqtisadiyyat yönümlü fənnlər İrşadda iqtisadiyyata, iqtisad elminə xüsusi maraq oyatdı. Belə maraq və istək onu Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki İqtisad Universiteti) qəbul olunmağa güclü təsir etdi. İlk kurslardan yalnız əla qiymətlər alır. İnstitutun professor, müəllim və tələbələri arasında xüsusi hörmət qazanır. 2-ci kursda fakultə komsomol təşkilat katibi və İnstitut komsomol təşkilatı bürosunun üzvü olur. (Komsomol katibi olduğu fakultəni bitirən tələbə yoldaşlarından bir çoxu hazırda dövlət və hökumət strukturlarında rəhbər vəzifələrdə çalışır. İrşadın elmi tədqiqata olan qabiliyyətini Azərbaycanda iqtisad elminin formalaşmasında xüsusi əməyi olan, Azərbaycan iqtisad məktəbinin yaradıcılarından biri professor Ələsgər Qasımovun diqqətini cəlb edir. İrşad onun rəhbərlik etdiyi "siyasi iqtisad" üzrə ümumrespublika elmi dərnəyinin üzvü olur. Dərnəkdə elmi məruzələrlə çıxış edir. Tələbə ikən İrşad elmi məruzələrlə Azərbaycanın hüdudlarından kənarda 1970-ci ildə Riqada, az sonra isə Moskvada tələbə cəmiyyətinin xətti ilə keçirilən konfranslarda çıxış edir.
Elm yolu ilə addımlar
Təhsil aldığı institutun elmi, ictimai-siyasi həyatında fəal iştirak etdiyinə və institutu fərqlənmə ilə bitirdiyinə görə gənc mütəxəssis kimi 1971-ci ildə institutda saxlanılır. Bir il kafedrasa əvvəlcə laborant, sonra isə baş laborant, sonra isə baş laborant vəzifəsində işləikdən sonra istehsalatdan ayrılmaqla aspiranturaya daxil olur. Bir il ordu sıralarında xidmət edir. Aspiranturanı müvəffəqiyyətlə bitirən İrşad təyinat gözləyir. Nəhayət gənc mütəxəssis kimi Azərbaycan Xarici Dillər İnstitutunun Siyasi İqtisad kafedrasına baş müəlim vəzifəsinə təyin edilir. Uğur-uğur arxasına gəlir. Əvvəlcə namizədlik dissertasiyasını 1979-cu ildə Azərbaycan EA-nın İ qtisadiyyat İnstitutunun İxtisas- laşmış Elmi Şurasında müvəffəqiyyətlə müdafiə edir. Bir az sonra qismətinə çıxan Xarici Dillər İnstitutunda işləyən Göyçaylı qızla ailə həyatı qurur. İrşadın fikrincə mıhkəm ailə həyatı qurmağın özü böyük həyat elmidir. Onun sirlərini öyrənib açmağın özü ciddi həyat məktəbi tələb edir. İrşad müəllim həyatda hər bir hadisə və prosesin elmini axtarır. İqtisad elmində axtarışlarını isə davam etdirir. Yeni-yeni problemlərlə qarşılaşır. Doktorluq dissertasiyası üzərində işləyir. Problem mürəkkəb və çoxcəhətli olduğundan, eyni zamanda problemlə məşğul olan iqtisadçı alimlərin və doktorluq dissertasiyası üzrə müdafiə şurasının olmaması üzündən Ukraynaya göndərilir. Kiyev Universitetində dokturanturada oxuyur, tədqiqat işini davam etdirir, dissertasiyasını tamamlayır.

Elmi nəticələri
Uzun illər üzərində işlədiyi doktorluq dissertasiyanı uğurla müdafiə etmək üçün Polşada, Almaniyada olur, həmin ölkələrin təsrübəsindən istifadə edir. Dissertasiya tədqiqatına Ukrayna Milli Elmlər Akademiyasının akadekləri: Anatoliy Andreyeviç Poxomov Elmi məsləhətçilər olmuşlar. Nəhayət 19940cü ilin dekabr ayında Kiyev Universitetinin doktorluq dissertaiyasının müdafiəsi üzrə ixtisaslaşmış Elmi Şurasında iqtisad elmləri doktoru alimlik dərəcəsi alır. Bir neçə il sonra professor vəzifəsinə seçilir.1996-2020-ci illəri əhatə edən 25 il ərzində "Dünya iqtisadiyyatı" ixtisasını formalaşdıran və bu ixtisasın şifrəsinə birbaşa daxil olan 2 dərslik, 3 dərs vəsaiti, 1 monoqrafiya, 5 metodik göstəriş və 15 tədris paoqramlarını nəşr etdirmişdir. "Azərbaycan regional iqtisadi inteqrasiya prosesinə" həsr olunmuş 7 müxtəlif maraqlı məruzəsi beynəlxalq konfranslarda maraqla dinlənilmişdir.
İrşad müəllim 2015-ci ilin oktyabrından İqtisad Univeritetində yaradılmış "Beynəlxalq iqtisadiyyat" kafedrasına rəhbərlik edir. Ailəlidir, iki övladı var.İqtisad Universitetində təhsilin səviyyəsinin qaldırılması, dünya standartlarına və dünya elminə uğurla inteqrasiya olunması, həmçinin universitetdə təhsil alan gənclərin yüksək ixtisaslı mütəxəssis kimi yetişmələri ilə yanaşı onlarda Vətən, millət, dövlət sevgisi aşılayan bir müəllim, ziyalı və insan kimi ilk öncə Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilmişdir, bir müddət sonra isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Respublikanın "Əməkdar müəllim"i adına layiq görülımüşdür.
Son olaraq bizdə İrşad müəllimə can sağlığı, elmi fəaliiyətində yeni-yeni uğurlar arzulayırıq.
Mənbə: sia.az