Aşıq Ələsgəri niyə sevməliyik? – Oğuz Ayvaz yazır

Oğuz Ayvaz 

Aşıq Ələsgər Azərbaycan aşıq ədəbiyyatının ən böyük simalarından biridir. O, bünövrəsi Dədə Qorqud tərəfindən qoyulmuş ozan sənətimizin azmanlarından biridir. Kökü Ağ Aşıqdan, Qaracaoğlandan, Qurbanidən, Tufarqanlı Abbasdan, Xəstə Qasımdan gələn və bu təməl ənənə üzərində boy qaldıran Aşıq Ələsgər sözü uca bir zirvədir. Bəs onu həmişəyaşar edən nədir, niyə bu gün də o bizim hiss və duyğularımıza təsir edir, bizi düşündürür? Bu sualın əslində çox cavabları var.

Mən yalnız bu səbəblərin bir neçəsinin üzərində dayanacağam. Hər şeydən əvvəl Ələsgər sözü ana südü kimi təmiz dilimzin alt qatlarından gəlir və klassik şerimizdə olduğu kimi burada əcnəbi sözlərdən gen-bol istifadə edilməyib. İkinci səbəb onun sözünün haqqdan gəlməsidir. Dilimizdə "haqq aşığı " deyimi var. Aşıq Tufarqanlı Abbas, Qurbani kimi Aşıq Ələsgər də haqq aşığıydı və ona bu ilham, bu təb haqqdan verilmişdir.

İstər adi insanın, istər sənətkarın formalaşmasında onun yaşadığı coğrafiyanın, mühitin mühüm rolu var. Bu mənada Ələsgər əzəli torpağımız olan Göyçə mahalında, Ağkilsə kəndində doğulmuş və sorağı hər yana yayılmışdır. O dövr  köçəri elat mədəniyyətində saz sənəti geniş yayılmışdı. Hər məclisin başında saz, söz gəlirdi. Aşıq və saz isə dərvişlik, sufilik təhkiyəsindən çıxmışdı və xalqa ulu yaradanın varlığını çatdırır və onu eşq kimi təqdim edirdi. O vaxt Ələsgərin yaşadığı məkan aşıqların çox toplaşdığı yerdi və atası da onu Aşıq Alıya şagird vermişdi. Dərviş təkiyəsində mürid mürşidindən öyrənib kamilliyə çatdığı qaydada aşıq sənətində də şagird ustadından öyrənir. İlk öyrədilənsə heç şübhəsiz ədəb, dürüst əxlaqdı. Ona görə də Aşıq Ələsgər deyirdi:

Aşıq olub tərki vətən gəzənin

Əzəl başdan pür kamalı gərəkdir,

Oturub durmaqda ədibin bilə,

Mərifət elmindən dolu gərəkdir.

Ələsgər poeziyasının məhək daşı eşqdi. Bu eşqin ruhi və maddi olaraq çox qatları var: vətən sevgisi, yaradılışa heyrət, gözəlliyə sitayiş və onu tərənnüm etmək, ilahi qarşısında özünü günahkar bilmək. Bir insan cahillikdən kamilliyə necə gedirsə və necə öz həqiqətini tapırsa bütün bunlar Aşıq Ələsgər yaradıcılığında öz əksini tapıb. Onun lirik qəhrəmanı elat gözəllərinə şeirlər yazıb onları vəsf etsə də bütün bunlar müəyyən bir həddədir və cızdan qırağa çıxmaq olanda da bu bir yumor, sataşmaq həddində donub qalır. "Sənin ərin ölsün, mənim arvadım, ikimiz də qalaq yaslı-yaralı".

Aşıq Ələsgər insanları həmişə xeyirxahlığa və düzlüyə çağırmışdır. Düzlük məvhumu çox geniş məzmun əhatə edir. Burada yalan danışmamaq, əyri yola getməmək, ara vurmamaq, özgələrə quyu qazmamaq və sair kimi nəcib insani keyfiyyətlər vardır. Aşığa görə, sözünə düz olmayan, ilqarı pozan adamların başından bir qarpız qiymətlidir; "kişi gərək dediyindən dönməsin". O, yalançılığı insan üçün ən böyük qəbahət sayır. Adam gərək doğru danışsın, həm də boşboğazlıq eləməsin, ədəblə, mərifətlə oturub-dursun.

Aşıq Ələsgərin bir çox misraları xalq arasında atalar sözləri və zərb-məsəl kimi işlənməkdədir. Aşığın şeirlərinin böyük bir qismi nəsihətdən ibarətdir.Bu cəhətdən "Gərəkdi", "Dayanmaz", "Olmaz", "Ola bilməz", "Olmaz, olmaz", "Olar", "Olacaqdı", "Eylər", "Yaxşıdı" və sair rədifli qoşmaları daha səciyyəvidir.

Aşığın şeirlərində vətən məhəbbəti çox güclüdür. O, vətənin təbii gözəlliklərinin vurğunu, bu gözəllikləri özünəməxsus incəliklə vəsf edən bir aşiqdir. Böyük sənətkarın dili ilə doğma yurdun qıjıltı ilə axan çaylarından aşıq poeziyasına bir coşqunluq, dumduru sərin bulaqlardan bir şəffaflıq, "saatda yüz çiçək açan" yaylaqlarından ətirli, təmiz bir hava gəlmişdir.

Aşıq Ələsgər şeiri və sənəti haqqında uzun-uzadı danışmaq olar və bu vacibdir. Lakin qısa bir esse ilə onun yaradıcılğını ötəri təhlil etməyə cəhd etdik. Nəticə etibari ilə onu söyləmək olar ki, Aşıq Ələsgər aşıq ədəbiyyatımızın son aşıq-şairi zirvəsidir və ondan sonra gələnlər uzun müddət Aşıq Ələsgər şeirinin təsirindən çıxa bilməmiş, onun şeirlərinə çoxlu təxmislər yazmış, onu yamsılamağa cəhd etməyə çalışmışlar. Bu da bir daha Ələsgərin böyüklüyünü sübut edir. O, özündən əvvəlki aşıqların dedikləri, söylədikləri şeirlərin daha da gözəl, daha biçimli, dərin məna ilə oxucusuna çatdırırdısa və öz şeiri ilə özündən sonra dərin bir iz buraxırdısa, bu onun ötürücü, yaradıcı, hafiz kimi ədəbiyyatımızda yerini əbədi edir.

Aşıq Ələsgər xalqın bağrından qopdu və öz ədəbi-əxlaqi, istedadı ilə ona uzun müddət xidmət edərək bir dəfə də nəfsinə yenilərək boğazdan yuxarı, kimlərinsə xoşuna gələn yalanı dilinə gətirmədi, haqdan gələn dedi və haqqa da qovuşdu. Bu mənada Aşıq Ələsgərin bir sənətkar kimi alnı sənətdə və millət qarşısında ağdır. Ona görə də millətimiz, sözümüz, sazımız var olunca Aşıq Ələsgərin adı var olacaq və bizi gələcəyə daşıyacaq.O bu gündə aşıqların, müğənnilərin dilində həmişə bizimlədir və əbədiyyatdan dayanıb elə bil bizə gülümsünür və bizə dürüstlüyün, haqq sözünün varlığını təlqin edir. O, mənzili qısa, gündəlik şeirlər yazmırdı, o əbədi mövzulardan - məhəbbətdən, imamdan, ölümdən, kədərdən yazırdı. Ona görə də Ələsgərin yeri əbədiyyətdədir və heç bir qüvvə onu bu ucalıqdan silib yox edə bilməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31