Nəsiminin yaradıcılığında hürufi görüşlər – Oğuz Ayvaz yazır
10 Noyabr 2021 15:04 MədəniyyətOğuz Ayvaz
Nəsimi Azərbaycan, İran, İraq və Anadoluda yayılan hürufilik təriqətinin qüdrətli şairidir. Nəsiminin gözəl, vəcdli və həyəcanlı şeirləri hürufiliyin yayılmasında böyük rolu var. Böyük şairin şeirlərində günün sabit din təfəkkürü ilə uyuşmayan məqamlar mövcuddur. Onun bu qəbil şeirlərini oxuyan, özü də şair olan, "Julidəmu" təxəllüsü ilə yazan Şah Xəndan, qardaşının başına bəlalar gələ biləcəyindən xoflanmış və Nəsimiyə məktub yazaraq qəlbindəki hər sirri şeirə gətirməməyə, dilə-dişə düşməməkçün məxfiliyə riayət etməyə səsləmişdi:
Gəl bu sirri kimsəyə faş eyləmə,
Xanü xası aməyə aş eyləmə.
Nəsimi heç yerə sığmırdı, belə xəbərdarlıqla, lap ən aşkar hədə-qorxuyla onu məqsədindən yayındırmaq, tutduğu cığırdan sapdırmaq müşkül idi. Dərya artıq dalğalanırdı, ləpələr məcradan çıxırdı. Qardaşının nigaran beytinə Nəsimi şeirlə cavab vermişdi:
Dərya-yi mühit cuşə gəldi,
Kövn ilə məkan xüruşə gəldi.
Sirr-i əzəl oldu aşikara,
Arif necə eyləsin müdara?
Nəqqaş bilindi nəqş içində,
Ləl oldu əyan Bədəxş içində.
Küll-i yer ü göy həq oldu mütləq,
Söylər dəfü çəngü ney:"Ənəlhəq!".
İman ilə küfr bir şey oldu,
Dadlu ilə acı bir mey oldu.
Adəmdə təcəlli qıldı Allah,
Qıl adəmə səcdə, olma gümrah!
Cövhərindəki sığmazlıq şakəri onu bəktaşiliyə yönəltdi. Amma bəktaşiliyin qəlbi Nəsiminin ölçüsündən balaca idi. Bəktaşilər çox olsa da, Nəsimi tək idi, tale onu gedilmiş yolla getməyə deyil, hələ ləpir düşməmiş yollara yönəldirdi.
Onu hürufiliyin ahənrübası cəzb edirdi. Hürufilərin öndəri Şeyx Fəzlullah idi. Həllac Mənsura sevgisinə görə Seyid İmaməddin "Hüseyni" olmuşdu. Fəzullahın təxəllüsünü "Nəimi" idi, İmadəddin də ona oxşamaqçün köhnə təxəllüsünü "Nəsimi"yə dəyişdi. Təbrizdə doğulmuş Fəzullah zəmanəsinin əsas elm sahələrini yeniyetməlik illərindən mükəmməl şəkildə qavrasa da, çörəyini papaqçılıqdan çıxarırdı. Lakin onun alnına beş-on başa papaq tikməkdən daha əzəmətli bir vəzifə - yüzlərlə, minlərlə beyinə ülgülər, düsturlar bağışlamaq, təzə bir fəlsəfi fəza doğurmaq yazılmışdı.
Hürufiliyin ana kitabı, baş dərsliyi olan "Cavidannamə"ni qələmə aldı.
"Məhəbbətnamə"si, "Ərşnamə"si, "Növmnamə"si də vardı. Amma onlardan heç biri "Cavidannamə" kimi məşhur olub əl-əl, ürək-ürək, qafa-qafa gəzmədi.
O kitab Nəsiminin də beyninə işığını saldı.
Nəsiminin edamı ilə bağlı əfsanələr söylənilir. Deyilənə görə, dərisi soyulan şair özünü axıradək mərd və dəyanətlə aparıb. Edam prosesində iştirak edən din xadimlərindən biri Nəsimini lənətləyərək deyir ki, onun qanı murdardır, hara düşsə, gərək o yer qılıncla kəsilsin və odda yandırılsın. Təsadüfən Nəsiminin qanında bir damçı sıçrayıb həmin sözü deyən adamın barmağına düşür. Meydana yığışmış kütlə tələb edir ki, onun barmağı kəsilib tonqala atılsın. İşi belə görən zahid dediyini danır. Ölüm ayağında olan Nəsim bədahətən bu misraları deyir:
Zahidin bir barmağın kəssən, dönər həqdən qaçar,
Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz...
Nəsimi dilimiz, tariximiz, ədəbiyyatımız var olunca qiyamətə qədər bizimlədir. Onun irsini daim öyrənəcək və yaddaşlarımızda yaşadacağıq.