Azəri qadınına atılan böhtan

Millətini üç qəpiyə satan kəslər tərəfindən edilir

Türkiyənin "Süreç film" şirkəti tərəfindən hazırlanaraq 2 il müddətində  ATV kanalı vasitəsilə nümayiş etdirilən və Azərbaycanda geniş tamaşaçı auditoriyası qazanmış "Yaxşı Cazibə" filminin qəhrəmanı - azərbaycanlı qadın Cazibənin son seriyada fırıldaqçı, xəyanətkar kimi qələmə verilməsi Azərbaycan tamaşaçılarının, ziyalıların böyük narazılığına və etirazına səbəb olub. Belə ki, yayılan xəbərlərə görə, Cazibə rolunu canlandıran Aslıhan Gürbüz müqaviləni uzatmaq istəməyincə, ssenaristlər gözəl və istedadlı aktrisadan qisas almaq qərarına gəliblər. Serial boyu mələk kimi müsbət obrazı canlandıran azərbaycanlı Cazibə birdən-birə şeytana dönür və kişiləri dolandıran bir qadına çevrilir. Azərbaycanda böyük auditoriyaya sahib olan serialın bu cür sona çatması təbii ki, həmvətənlərimizin qəzəblənməsinə səbəb olub.
Populyar bir serialda azərbaycanlı qadının mənəviyyatının bu qədər saxtalaşdırılması, onun şeytan obrazında qələmə verilməsi azəri türklərinin milli qüruruna sataşmaq və onu aşağılamaq anlamına gəlir.  Çünki Azərbaycan tamaşaçısı həmişə filmlərdə öz qadınını ismətli, namuslu, ərinə sadiq və hətta həyat yoldaşı ilə çiyin-çiyinə yağılarla döyüşən qadın obrazında görüb. Görüb deyəndə, elə əslində filmlərdə real həyatda olan azəri qadınlarının obrazı canlandırılıb. Filmlərimizdəki Burla Xatun, Həcər, Nigar kimi neçə-neçə qadınlarımız namus və əxlaq rəmzi olaraq dünyaya nümunə göstərilib. Etiraf edək ki, dünya xalqlarının əksəriyyətinin leksikologiyasında  belə olmayan "namus" təcəssümünü məhz Azərbaycan qadınları yaradıb.  Dünyaya kifayət qədər mərd, ismətli qadın nümunəsi göstərə biləcək xalqın namusunun təhqiri əlbəttə dözülməz hal hesab olunmalıdır. Azəri qadınına qarşı fırıldaqçı, xəyanətkar kimi mənfur ittihamının mayası qarışıq toplum tərəfindən irəli sürülməsi isə millət üçün ikiqat təhqir sayılmalıdır. Təəssüf ki, bizə bu damğanı qan, din düşmənimiz deyil, elə qardaş dediyimiz kəslər vurmağa cəhd edir. Türk qardaşlarımız məgər dərk etmir ki, bu ləkə illərlə türk xalqlarının üzərində qala, əzəli və əbədi düşmənlərimiz isə bundan məharətlə sui-istifadə edə bilərlər?
Halbuki, hiyləgər ermənilər azərbaycanlıları kütləvi şəkildə qətlə yetirdikləri zaman azəri qadınlarının düşmən əlinə keçməməsi, öz namuslarını qorunması üçün etdikləri intihar hallarından dəhşətə gələrək qadın faktorundan istifadəyə birdəfəlik son qoydular. Başa düşdülər ki, azəri qadınının namusunu ləkələməyə cəhd ağ köynəyə çirkab atmaq kimi mənasız fəaliyyətdir. Təəssüf doğuran odur ki, türk qardaşlarımız bizi dünya malına, bir qarin çörək puluna  satmağa belə hazırdırlar. Görəsən, bu insanlar üçün dünyada "əl şirkindən" "müqəddəs nəsə varmı? Belə məlum olur ki, bu insanlar üçün   maddiyatın başladığı yerdə qardaşlıq bitir. Odur ki, bu məsələdə xarici anti-Azərbaycan  dairələrinin əlinin olduğu barədə iddialar ortalıqdadir. Əks halda  Azərbaycan vətəndaşları Türkiyədən belə münasibət gözləməzdi.
Daha dəhşətlisi odur ki, filmin ssenari müəllifi Gani Müjde hələ də türk xalqına arxadan vurduğu zərbənin məsuliyyətini dərk etmir. Onun belə bir rəzalətə haqq qazandırmaq cəhdi bu insanın və onun fikrini bölüşənlərin maddiyyatı hər şeydən üstün tutduqlarını, türk, Azərbaycan qadınına qarşı həqarətlərini açıq nümayiş etdirir. Ancaq fakt odur ki, Azərbaycan ictimaiyyəti Türkiyə ziyalısından, yaradıcı insanlarından özünə qarşı bu qədər alçaldıcı münasibətin ortaya qoyulacağını ağlına belə gətirə bilməzdi.  Odur ki, bu məsələdə günahı olanlar ciddi tənqidə məruz qalmalı, ilk növbədə Türkiyə ictimaiyyəti, ziyalıları tərəfindən kəskin qınanmalıdırlar.  Artıq bunun ilk işartıları ortalıqdadır. Türkiyə Cumhuriyyətinin mədəniyyət və turizm naziri Ərtoğrul Günay da türk yaradıcı insanının bu hərəkətini qəbuledilməz hesab edib.
Azərbaycanın tanınmış aktrisası, "Yaxşı Cazibə" serialının baş məsləhətçisi Məlahət Abbasova  bildirib ki, o, filmin baş məsləhətçisi olmasına baxmayaraq, finalın bu cür bitəcəyindən xəbərsiz olub: "Bu olanlardan xəbərsiz idim. Həmin bölümü bu gün izlədim, həqiqətən şoka düşdüm. Mənim filmin istehsalçısı "Süreç film"lə müqaviləm Cazibənin olduğu müddətə qədər idi. Mən həmin vaxtadək orada baş məsləhətçi vəzifəsində olmalı idim. 92-ci seriyada Cazibə Kamalı tərk edib Bakıya dönür, mənim də baş məsləhətçi vəzifəm burda bitir. 92-ci seriya çəkiləndən sonra mən Bakıya gəldim və yenidən qayıtdım Türkiyəyə. Sonra mənə dedilər ki, 93-cü seriya da çəkilib. Amma mən bundan xəbərsiz olmuşam. Mən elə bildim ki, Cazibə Bakıya gedən kimi serial bitəcək". Məlahət Abbasova filmin baş qəhrəmanları Cazibə və Kamalın Azərbaycana müraciətlərini də çatdırıb. Cazibənin ifaçısı Aslıhan Gürbüz söyləyib ki, vəkili ilə məsləhətləşdikdən sonra Azərbaycan xalqı üçün yazılı açıqlama verəcək. Abbasova deyib ki, Aslıhan serialın belə sonluqda bitməsinə görə ağlayıb da: "İnanın, o qız olanlara görə o qədər pis olmuşdu. Mənə "nə olar, bütün Azərbaycan xalqından üzr istəydiyimi və buna görə çox üzgün olduğumu çatdırın. Mən böyük bir şok yaşadım. Özlərinin yaratdıqları Cazibə roluna bir anda xəyanət elədilər". Etiraf edək ki, belə aşıqlamaların hamısı "daldan atılan daş"dan başqa heç bir təsir effektinə malik deyil. Fakt odur ki, serialda Azərbaycan qadını təhqir olunub, aşağılanıb. Əgər serialın rejissoru Azərbaycan xalqından üzr istəyib, əsal namisli, ismətli azəri qadınınn obrazını yaratsa, bəlkə türk qadınına atılan böhtanın "qaysağı quruya".

Alim   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31