Amerikalı muğam musiqiçisi Cefri Verbok  “ Fəxri Səfir” diplomuna layiq görüldü

XX əsrin 90-cı illərindən etibarən Azərbaycanın muğam incəsənəti bütün dünya dinləyicilərinin maraq dairəsində özünəməxsus  yer tapmışdır. Muğamlarımızın sorağını alan əcnəbi ölkə musiqiçiləri bu sahədə  öz addımlarını atmağa başladılar. Onlardan biri də ABŞ vətəndaşı Cefri Verbokdur. Cefri Verbok Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı və  kamança ifaçısıdır. Cefri hazırda xarici ölkələrdə və vətəndaşı olduğu ABŞ-da Azərbaycan muğamının ən fəal təbliğatçısıdır.

Bu günıərdə  Cefri Verbok  Beynəlxalq Multikultural Şəbəkənin, Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi İctimai Birliyin qonağı olmuşdur. Mərkəzin işçi heyəti ilə birgə  Azərbaycan mədəniyyətinin, multikulturalizm siyasətinin daha geniş təbliğatı ilə bağlı layihələrin təşkili istiqamətində qarşıya qoyulan məqsəd və vəzifələr ətrafında  geniş fikir  mübadiləsi aparıldı. Azərbaycan mədəniyyətinin, muğamının fəal əcnəbi  təbliğatçısı kimi Cefri Verbok Beynəlxalq Multikultural Şəbəkənin "Fəxri Səfiri"  diplomuna layiq görüldü.

Bildiyimiz kimi, muğam Azərbaycan milli musiqi mədəniyyətinin uğurlarının əsasında durur.Çoxəsrlik tarixə malik olan Azərbaycan muğamı  2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilmişdir. Azərbaycan muğamının müasir tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır.

Görüşün sonunda Cefri Verbok  səmimi abı-havada təşkil olunan görüş üçün  Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri, "Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi" İctimai Birliyinin sədri Dr. Xəyalə Məmmədovaya  və onun komandasına öz təşəkkürünü bildirərək, görüşdən böyük  zövq aldığını qeyd etdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31