Səbinə Babayeva Amsterdamı coşdurdu

Azərbaycanın "Eurovision-2012" təmsilçimiz Səbinə Babayeva Niderlanda səfəri zamanı "Eurovision İn Concert" adlı tədbirdə çıxış edərək Amsterdamda böyük rezonans yaradıb. "Olaylar" eurovision.az saytına istinadən xəbər verir ki, tədbir qayıq gəzintisi ilə başlayıb.

Azərbaycanın "Eurovision" təmsilçisi Avstriya, Niderland, Belçika, Malta, Fransa, Latviya, San-Marino, Macarıstan, Sloveniya, Bolqarıstan, Türkiyə, Portuqaliya, Moldova və digər ölkələrdən olan həmkarları ilə görüşüb.
Səbinə Babayeva bütün "Eurovision" iştirakçılarını may ayında doğma Bakı şəhərinə dəvət etmək fürsətini əldə qaçırmayıb. O, Azərbaycanın şou iştirakçılarını qonaqpərvərliyin ən yaxşı adət-ənənəsi ilə səmimiyyətlə qarşılayacağına əmin edib.
Səbinə Fransa təmsilçisi Anqun və Hollandiyanın "Eurovision-2012" iştirakçısı Joan Franka ilə dostlaşıb. Anqun Səbinəni hətta ən mühüm rəqib adlandırıb. Səbinə Avropa mediası, o cümlədən Almaniya, Fransa, Niderland, Malta, Rumıniya və Moldovanın jurnalistləri ilə görüşüb.
Səbinə Babayeva "Eurovision İn Concert" tədbirinin auditoriyası qarşısında "When the Music Dies" mahnısını ingilis və doğma Azərbaycan dillərində ifa edib.
S.Babayeva Amsterdam təəssüratlarını da bölüşüb. "Bu, mənim üçün həqiqətən unudulmaz və böyük bir gündür. Burada olmağıma və nəhayət, hamı ilə görüşməyimə çox şadam! Çox sevindim və dinləyicilərdən böyük enerji aldım.  Amsterdam çox təsiredicidir! Səbirsizliklə hamını Bakıda görməyi arzulayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31