Bu, heç “Yahşi” olmadı
“Serialın rejissoru Azərbaycan xalqında üzr istəməlidir”
18 İyun 2012 16:29 MədəniyyətSsenari müəllifi Gani Müjden, rejissoru Ali Gündoğlu, baş məsləhətçisi Məlahət Abbasova olan və 2 ildir Türkiyənin ATV kanalında yayımlanan komediya serialı "Yaxşı Cazibə"nin finalı böyük qalmaqala səbəb olub. Yayılan xəbərlərə görə, Cazibə rolunu canlandıran Aslıhan Gürbüz müqaviləni uzatmaq istəməyincə, ssenaristlər gözəl və istedadlı aktrisadan qisas almaq qərarına gəliblər. Serial boyu müsbət obrazı canlandıran azərbaycanlı Cazibə birdən-birə şeytana dönür və kişiləri dolandıran bir qadına çevrilir.
Türkiyə mətbuatının yazdığına görə, filmin baş rol ifaçısı Aslıhan Gündüz bundan sonra filmdə çəkilməmək qərarına gəlib. Buna görə də, ssenarist aktrisadan "intiqam almaq" istəyib. Azərbaycanda böyük auditoriyaya sahib olan serialın bu cür sona çatması təbii ki, həmvətənlərimizin qəzəbinə səbəb olub. Hətta sosial şəbəkələrdə azərbaycanlılar Gani Müjdənə və komandasına "Azərbaycanlı qadınlar namuslarına bağlıdırlar. Bəs biz sizin qardaşınız idik? Sizin qardaşlığınız da bu qədərdir, maddiyyatın başladığı yerdə qardaşlıq bitir" kimi etirazlar ediblər.
Serialın bu cür sonluqla bitməsinə sənət adamlarından tutmuş adi insanlara qədər hər kəs narazılıqlarını bildirib. Sorğumuz zamanı da serialın finalının hər kəsdə şok yaratdığını gördük.
Musiqili Komediya Teatrının aktrisası, əməkdar artist Nahidə Orucova deyir ki, bu ən azından Azərbaycan xalqına qarşı hörmətsizlikdir:
"Düzdür, həmin serialı əvvəldən izləməmişəm. Daha doğrusu vaxtım olmayıb. Arabir həmin seriala baxırdım. Orada Azərbaycan qadını namuslu, müsbət obraz kimi təqdim olunurdu. Lakin serialın finalının o cür sonluqla nəticələnəcəyini gözləmirdim. Bunun arxasında nəyin dayandığını bilmirəm. Amma onu deyim ki, bu ən azından Azərbaycan xalqına qarşı hörmətsizlikdir".
Xalq artisti Mehriban Xanlarova isə tamam fərqli fikirlərlə çıxış etdi. O, bildirdi ki, serialda azərbaycanlı qadını canlandıran Cazibə Azərbaycan dilindəki sözlərin tələffüzündə yalnışlığa yol verir:
"Mən əvvəllər həmin seriala baxırdım. Amma orada bəzi nüansları görəndən sonra əsəbləşib daha baxmadım. Əvvəla serialda Cazibə azərbaycanlı qadın obrazı yaradıb. Lakin onun danışığında türk aksenti hiss olunur. Ya təmiz Azərbaycanca danışılsın, ya da heç danışılmasın. Bir də ki, nə çox Azərbaycanda həmin obraza çəkiləcək aktrisalarımız. Olmazdı ki, Azərbaycanlı qadın obrazını elə azərbaycanlı aktrisa yaradardı?"
Kinoyazarlar Gildiyasının direktoru İntiqam Hacılı serialın finalının bu cür sonluqla bitməsinin günahını özümüzdə axtardı:
"Mən "Yaxşı Cazibə"nin bütün bölümlərini izləməmişəm. Serialın finalında Azərbaycan qadınının fırıldaqçı fimi təqdim olunması düzdür. Heyssiyata toxunur. Amma bu normaldır, axı Azərbaycanda hamı ədalət qanunlarına uyğun yaşamır. Həmin obraz bütün azərbaycanlı qadınlar üçün simvol ola bilərdi. Əslində bu cür hal olmamalı idi. Burada rejissorun və ssenaristin də günahı var. Amma bir xanımın-Cazibənin timsalında fırıldaqçılığını bütün qadınlara şamil etmək olmaz. Mən elə bilirəm ki, burada kiminsə barmağı, əli var. Amma gəlin bir həqiqəti də danmayaq. Bizim öz rejissorumuzun çəkdiyi "Həm ziyarət, həm ticarət" filmini. Türkiyədə gedib bizim kişilər nə işlə məşğul idilər? Həmin filmdə Rasim Balayev fırıldaqçı ticarətçi obrazını yaradıb. Biz özümüz bunu göstərə biliriksə bunu qəbul etməliyik. Əksər insanlarımız xaricə çıxanda (hamısına şamil etmirəm) fırıldaq işlərlə məşğul olur. Bu işlə məşğuluq deyənə bizə bu cür münasibət göstərilir. Bir az da günahı türk rejissorlarında, ssenaristlərində yox, özümüzdə axtaraq. Biz özümüzü tənqid edək ki, növbəti seriallarda, növbəti filmlərdə bizə bu cür münasibət göstərməsinlər. Nə qədər türk rejissoruna etiraz etsək də ki, niyə azərbaycanlı qadını bu cür göstərdin, etiraz etiraz yerində qalacaq. Amma bir az özümüzü yaxşı göstərməyə çalışaq. Xaricə yaxşı işlər arxasınca çıxaq. Özümüzü dünyaya yaxşı cəhətlərimizlə tanıdaq. Dünya artıq inkişaf edir. Bu dünyanın sivil qaydalarına uyğun özümüzü göstərsək başımıza bu cür işlər gəlməz".
Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi Nərmin Ramazanova serialın final mərhələsinin bədbin sonluqla bitdiyi üçün narazılığını gizlətmədi:
"İnanın, 2 il idi ki, "Yaxşı Cazibə"nin hər bölümünü böyük həvəslə izləyirdim. Lakin serialın finalında Azərbaycan qadınının bu cür təqdim olunması məni məyus etdi. Bayaq FACEBOOK-da da fikirlərimi dostlarımla bölüşdüm. Bu serialı izləyənlərin hər birindən narazılıq eşitdim. Hesab edirəm ki, rejissor Azərbaycan xalqından üzr istəməlidir. Azərbaycan qadınları hər zaman qeyrətli və namuslu olublar. Budurmu bizim qardaş dediyimiz Türkiyə? Bu hadisədən sonra qərara gəlmişəm ki, daha türk seriallarına baxmayım. Çünki Cazibənin sonda o cür təqdim olunması məni çox əsəbləşdirdi. Biz heç türklərə qarşı o cür edərdik? Düzü mən serialın gözəl sonluqla bitəcəyini gözləyirdim".
48 yaşlı evdar qadın Aytən Nəsirova Cazibənin sonda fırıldaqçı qadın kimi təqdim olunmasını əvvəlcə yuxu sandığını deyir:
"Ümumiyyətlə mən serial həvəskarıyam. Möhtəşəm yüzyıl"ın və "Yaxşı Cazibənin hər bölümünü izləyirəm. Lakin həftənin 6-cı günü serialın bu cür sonluqla bitməsinə çox üzüldüm. Əvvəlcə elə bildim ki, bunların hamısını Kamal yuxuda görür. Amma Azərbaycan qadınının fırıldaqçı, riyakar obraz kimi tamaşaçıya çatdırlıması məni çox əsəbləşdirdi. Düzü, bu mənim üçün çox gözlənilməz oldu, bu Azərbaycan üçün təhqirdir. Ən azından bunu qardaş bildiyimiz Türkiyə bizə qarşı etməməli idi."
Nisə Rafiqqızı
ndoğlu, baş məsləhət