Əyyub Quliyevin Rumıniyada konserti baş tutub
18 İyun 2012 15:25 MədəniyyətQurtuluş Günü münasibətilə Rumıniyanın "Olteniya" Dövlət Filarmoniyasında Azərbaycan Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin konserti keçirilib. Ə.Quliyevin "OLAYLAR"a verdiyi məlumata görə, Olteniya Filarmonik orkestrinin ifasında Azərbaycan, Avropa və Cənubi Amerika musiqisinin nümunələri səslənib. Rumıniya Mədəniyyət Nazirliyi, Krayova şəhər meriyası və Olteniya Dövlət Filarmoniyasının təşkilatçılığı ilə keçirilən konsertdə ilk dəfə olaraq Ruminiyada dahi Azərbaycan bəstəkarı Uzeyir Hacıbəylinin "Koroğlu" operasından Üverturası ifa olunub. Konsertin instrumental bölməsində məşhur rumın zərb ifaçısı, Buxarest Filarmonik orkestrinin solisti Aleksandru Anastasiunun ifasında tanınmış Braziliya bəstəkarı Ney Rozauronun Vibrafon və orkestr üçün konserti dinləyicilərə təqdim edilib. Konsertin ikinci bölməsində dahi fransız bəstəkarları Jorj Bize və Kamil Sen-Sansın müxtəlif səhnə əsərlərinin simfonik orkestr üçün işləmələri yer alıb. Dünya şöhrətli "Karmen Süita" ilə bərabər Bizenin "Arlezianka" süitasından nümunələr dinləyicilər tərəfindən böyük məhəbbət və maraqla qarşılanıb. Konsertin sonunda isə Sen-Sansın "Samson və Dalila" operasından "Vakxanaliya" simfonik lövhəsi proqrama yekun vurub. Qeyd edək ki, Əyyub Quliyev 2009-cu ildə Rumıniyada keçirilən Dirijorların Beynəlxalq müsabiqəsinin qalibi olub. Müsabiqədən sonra "Olteniya" Filarmoniyasının rəhbəri, məşhur dirijor və bəstəkar Mixal Xristesku Azərbaycanlı dirijoru Ruminiyaya konsertə dəvət edib.