“Davranış Mədəniyyəti Konsepsiyası”nın hazırlanması ilə bağlı ictimai rəyin öyrənilməsi məqsədilə sorğu keçirilir
2 Aprel 2021 14:05 MədəniyyətAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi "Davranış Mədəniyyəti Konsepsiyası"nın hazırlanmasına dair vətəndaşlar arasında sorğu keçirir.
Mədəniyyət Nazirliyindən "Olaylar.az"a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyət nazirini qəbul edərkən səsləndirdiyi "Mədəni irsimizin qorunması, saxlanılması, Azərbaycan mədəniyyətinin dünyaya təbliği, gənc nəslin Azərbaycan mədəniyyətindən, mədəni irsindən xəbərdar olması və milli ruhda tərbiyəsi işində Mədəniyyət Nazirliyinin rolunun yenidən formalaşdırılması" ilə bağlı strateji göstərişin icrası məqsədilə nazirliyin bu istiqamətdə fəaliyyəti üçün əsas platforma rolunu oynayacaq "Davranış Mədəniyyəti Konsepsiyası"nın hazırlanması prosesinə başlanılıb.
Bu prosesin ilkin mərhələsi olaraq ictimai rəyin öyrənilməsi məqsədilə sorğu keçirilir.
Qeyd edək ki, keçirilən sorğu vasitəsilə vətəndaşların milli və bəşəri dəyərlər haqqındakı fikirləri öyrəniləcək, bu dəyərlərin cəmiyyətdə mənimsənilməsi, qiymətləndirilməsi və insanların gündəlik həyatlarına olan təsiri ilə bağlı məlumatlar əldə ediləcək. Hazırlanan sorğudan əldə olunan məlumatlar milli-mənəvi dəyərlərə yanaşmanın müəyyənləşdirilməsi və vahid bir konsepsiyanın hazırlanmasında vacib mərhələdir.
Sorğuda könüllü olaraq 18 yaşından yuxarı hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər. Sorğu kompaniyası 1 (bir) ay müddətində aparılacaqdır.
Sorğuya keçid üçün https://forms.gle/v2CvcoYjUB2Kw9U9A linkindən istifadə edə bilərsiniz.