Özlərinə ad verən müğənnilər – Buna ehtiyac varmı?

Bir çox müğənnilərimiz "Xalq artisti", "Əməkdar artist" kimi rəsmi titullardan əlavə özlərinə müəyyən adlar da götürürlər. Bəzən isə onlar başqaları tərəfindən bu adlarla "təltif edilir".

Məsələn, Xalq artisti İlhamə Quliyevanın bir sıra titulu var  idi: "Primadonna",  "Ümumdünya Sülh Səfiri", "Sultan", "Sənət kraliçası" və s. Yaxud  Xalq artisti Aygün Kazımova özünü "Azərbaycanın divası", ifaçı  Səməd Səmədov, Manaf Ağayev "Toylar kralı", Nadir Qafarzadə "Əjdaha",  Xalq artisti Faiq Ağayev  "Qızıl şlyager" və.s adlandırıblar.

Bu proses təkcə bizə aid deyil. Dünya təcrübəsində də oxşar "adqoyma" hallarının şahidi ola bilirik.  Maraqlıdır, müğənnilərin bu cür titullara ehtiyacı varmı?

Bununla bağlı tanınmış prodüsser Sayqa Cahid Sfera.az-a açıqlama verib. O, müğənnilərə titul verilməsinin tərəfdarı olmadığını bildirib:

"Tamaşaçı istədiyi müğənnini sevir, istədiyi mahnını dinləyir. Ötən verilişlərin birində də dedim ki, şəxsən mən mahnını müğənniyə görə yox, əsərə görə dinləyirəm".

Prodüserin sözlərinə görə, müğənnilərin özünə titul verməsi ola bilər ki, reklam kampaniyası olsun: "Bu, fərqlilik üçün edilə bilər. Həmçinin bəzi televiziyalarda aparıcıların müğənniləri təqdimat zamanı istifadə etdiyi sözlər sonradan bir ada çevrilir və onun üzərində qalır".

Titullardan söz düşmüşkən, ötən gün Türkiyənin media qurumlarından biri meyxanaçı Aqşin Fatehi "Azərbaycanın Tarkanı" kimi təqdim edib. Bu da müzakirələrə səbəb olub. "Azərbaycanın Tarkanı danışdı" başlığı ilə yayımlanan sujet sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb.
 
Müsahibimiz həmçinin müzakirə obyekti olan məsələyə də fikir bildirib: "Türk mediasının Aqşini elə adlandırması pisdir ki? Təəssüf olsun ki, biz hələ də özümüzü tərfiləyib yüksəyə apara bilmirik. Bir-birimizin ayağından çəkirik. Bu, çox pis şeydir. Əslində isə təriflənən şəxsi daha da yüksəyə qaldırmalıyıq".

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31