Misirli professor: Azərbaycanın qədim irsini daha çox təbliğ etmək istəyirik

Bəşər, o cümlədən İslam mədəniyyətinə Nizami Gəncəvi kimi dahilər bəxş etmiş Azərbaycan xalqının qədim irsini Misirdə və Yaxın Şərqdə daha çox təbliğ etmək istəyirik. Bu sahədə kitabxanaların rolu böyük əhəmiyyətə malikdir.

Olaylar.az xəbər verir ki, bu sözləri AzərTac-ın xüsusi müxbirinə müsahibəsində Misirin yeni inzibati paytaxtı kitabxanasının direktoru, professor Zeynəldin Məhəmməd Əbdel Hadi deyib. Azərbaycanın Misirdəki Səfirliyinin kitabxanaya Azərbaycanın dahi şəxsiyyətləri, mədəniyyəti və incəsənəti haqqında kitablar hədiyyə etməsini yüksək qiymətləndirən direktor söyləyib: "Azərbaycanda Şərqin dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi ilinin elan edilməsi və bununla bağlı Misirdə keçiriləcək tədbirlər ortaq İslam mədəniyyətinin təbliği baxımından əlamətdardır. Mən, eyni zamanda, Həlvan Universitetinin professoruyam və rəhbərlik etdiyim fakültədə qədim klassik ədəbiyyat nümunələrinə dair elmi araşdırmalar da aparılır. Öyrəndim ki, müsəlman Şərqində ilk teatr və operanın da vətəni Azərbaycandır. Misirin yeni inzibati paytaxtında yerləşən Mədəniyyət və İncəsənət Şəhərində həm opera, həm də dram teatrı fəaliyyət göstərəcək. Elə Nizaminin "Leyli və Məcnun" əsəri əsasında hazırlanmış operanın burada tamaşasını təşkil etmək də çox maraqlı olardı. Dahi Azərbaycan şairi tərəfindən farsca yazılan bu əsər məhz ərəb məişətini və məhəbbət tarixçəsinin təcəssümüdür. Kitablar və mədəni tədbirlər vasitəsilə Azərbaycan xalqının zəngin irsini Misirdə tanıtmaq bizim üçün çox xoş olardı".

Kitabxana direktoru qeyd edib ki, tezliklə Misirdəki bütün dövlət qurumları, habelə xarici ölkələrin səfirlikləri yeni inzibati paytaxta köçürüləcək. Bundan başqa, iqtisadiyyat, mədəniyyət və əyləncə mərkəzinə çevriləcək Yeni Qahirədə əcnəbi diplomatlar, iş adamları, iri holdinq və şirkətlər fəaliyyət göstərəcək. Yeni kitabxana onlara elektron xidmətlər göstərəcək, müxtəlif dillərdə kitablar təqdim edəcək. "Bu baxımdan istərdik ki, kitab fondumuza Azərbaycan haqqında ingilis, ərəb, rus və digər dillərdə daha çox əsərlər daxil edək. Onların elektron versiyalarını əldə etmək üçün azərbaycanlı həmkarlarımızla da əməkdaşlıqda maraqlıyıq. Klassik ədəbiyyatla yanaşı, həmçinin müasir Azərbaycan yazıçıları və şairlərinin də əsərlərini tanıtmağı arzu edirik. İndi müasir kitabxanalar ölkələrin iqtisadi və turizm potensialının təbliğində də mühüm rol oynayır. Bu kontekstdə Azərbaycanın və Misirin kitab və broşürlər vasitəsilə, habelə elektron formatda qarşılıqlı təbliği ölkələrimiz üçün faydalı olar", -deyə Əbdel Hadi diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31