Ədliyyə Nazirliyində Nizami Gəncəviyə həsr olunan tədbir keçirilib

Ölkə Prezidentinin yanvarın 5-də imzaladığı Sərəncamla 2021-ci ilin Azərbaycan Respublikasında "Nizami Gəncəvi İli" elan edilməsi ilə bağlı qüdrətli söz və fikir ustadının əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlərinin aşılanması məqsədilə 2 fevral - Azərbaycan gəncləri günündə Ədliyyə Nazirliyində gənc ədliyyə işçiləri və könüllüləri ilə "Dahi Nizaminin humanizm və vətənpərvər ideyaları" mövzusunda videoformatda tədbir keçirilib. Ədliyyə Nazirliyi Mətbuat xidmətindən "Olaylar"a bildirilib ki, tədbirə dəvət olunmuş AMEA-nın Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadə "Nizami Gəncəvi İli" elan olunmasının klassik ədəbi-mədəni irsimizə dövlətimiz tərəfindən göstərilən böyük diqqət və qayğının bariz təzahürü olduğunu qeyd edərək, dahi Nizaminin zəngin yaradıcılığının öyrənilməsi və təbliğinin əhəmiyyətini gənclərin nəzərinə çatdırıb. Bildirib ki, öz dövrünün humanist mütəfəkkiri olan Nizaminin bütün əsərlərində, o cümlədən dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanan "Xəmsə"də milli təəssübkeşlik, vətənpərvərlik, dövlətçilik ənənələri, ədalət prinsipi, poemalarının hər birinin süjetindəki mənəvi-əxlaqi dəyərlər indiki zaman üçün də öz aktuallığını qoruyub saxlayır.

Onlayn tədbirdə gənclərin təşəbbüsləri və təklifləri dinlənilib, onlara fəaliyyətlərində hər zaman ədalətlilik, təvazökarlıq və mədəni davranış prinsiplərini daim rəhbər tutmaları, vəzifələrinin icrasına məsuliyyətlə yanaşmaları vurğulanıb. Gənclər dövlət başçısının ətrafında sıx birləşərək doğma Vətənimizin hərtərəfli tərəqqisi naminə sədaqətlə və əzmkarlıqla çalışacaqlarını bildiriblər. Gənclər günü həmçinin, nazirliyin struktur qurumlarında qeyd olunub, o cümlədən "Ədliyyə Könüllüləri" İctimai Birliyi tərəfindən gənc könüllülərlə videokonfrans vasitəsilə tədbir keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31