Yunus Oğuz "Kitab toplama kampaniyası"na 300 kitab hədiyyə etdi
25 Yanvar 2021 15:19 MədəniyyətMirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası və Mədəniyyət Nazirliynin təşəbbüsü ilə işğaldan azad edilən rayonlarda ermənilər tərəfindən dağıdılan kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar "Kitab toplama kampaniyası" davam edir
Olaylar.az xəbər verir ki, bu kampaniyaya qoşulan tarixi romanlar müəllifi, yazıçı-publisist Yunus Oğuz müəllifi olduğu kitablardan 300-nü hədiyyə edib. Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bu təşəbbüsə qoşulduğuna görə Yunus Oğuza minnətdarlığını bildirib.

Yunus Oğuz da öz növbəsində hər kəsi bu kampaniyaya qoşulmağa dəvət edib. "Düşünürəm ki, bu gözəl kampaniyaya Azərbaycan ziyalıları, yazıçıları, bütövlükdə Yazıçılar Birliyi qoşulacaq. Qarabağ üçün göstərilən bu təşəbbüs çox dəyərlidir. Bizə çox əziz olan şəhərlərimizin bərpasından sonra orada yaşayan insanların kitab oxuması üçün kitablar toplanır. Çox yaxın zamanda biz bu kitabları orada görəcəyik. Mən hər kəsi bu təşəbbüsə qoşulmağa çağırırıram"- deyə o, qeyd edib.

