Röya Ayxan ad gününü harada və necə qeyd edəcək?

Azərbaycan estradasının tanınmış simalarından olan Röya Ayxan bu gün 30 yaşını qeyd edir. Müğənninin prodüsseri Kənan Bayramovun "Olaylar"a verdiyi açıqlamaya görə, o, doğum gününü təmtəraqlı qeyd etməyəcək. Evdə, ailəsinin-doğmalarının əhatəsində doğum gününü keçirən müğənni təmtəraqdan uzaqda olmağı daha üstün tutduğunu deyib. Qeyd edək ki, Röya Ayxan 1982-ci il iyun ayının 14-də Ağdam rayonunda dünyaya gəlib. Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. İlk dəfə olaraq Vaqif Gərayzadənin "W-trio" qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo-konserti ilə çıxış edib. 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo-konsert verib. 2006-cı il sentyabr ayının 15-də Şəfa stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo-konserti olub. 2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub. 2006-cı ildə V&V prodüser mərkəzinin keçirdiyi sorğuya əsasən "İlin müğənnisi" və "İlin konserti" nominasiyaları üzrə qalib gəlib. Müğənninin fanatları tərəfindən ona "Qəlb kraliçası" adı verilib. Ailəlidir və Hüseyn adlı övladı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31