“Azərbaycanın sakral coğrafiyası” silsiləsindən Qobustan bölgəsinin dini-irfani irsi və zənginliyi (VIII məqalə)
7 Yanvar 2021 10:20 Mədəniyyət"XIX əsrin son çərəyində Məkkə ziyarətləri zamanı zəvvar soydaşlarımızın iştirakı ilə keçirilən Cümə namazlarının birində İmam xütbəsində Azərbaycan mahallarının adını bir-bir çəkməklə Allah dərgahına və məqamına dualarını çatdıranda zəvvarlardan biri Qobustanın adının unudulduğunu bildirir. Ona cavab verilir ki, Övliyalar məskəni və məkanı olan Qobustanın hər qarışı, hər qayaşı-dağı müqəddəs tutiya kimidir, onsuz da o Allah- Təalanın Ali nəzərindədir." (el deyimi)
Müqəddəs dini-ruhani, təsəvvüf-irfani və sakral dünyagörüşünün hələ erkən orta əsrlərdə formalaşdığı tarixi-coğrafi ərazilər sırasında Qobustan dünyanın ən qədim insan ocaqının məkanı olmaqla yanaşı, həm də dini-elmi təriqət mərkəzi kimi Azərbaycan tarixində və dövlət qurculuğunda mühüm yer tutmuşdur.
Bu baxımdan təsadüfi deyil ki, 12-15 min illik məskunlaşma tarixinə malik olan Qobustan bölgəsi (qayaüstü təsvirlərlə, epiqrafik naxışlarla, məzarüstü törən və kurqanlarla, əski qəbirstanlıqlarla...sübut olunduğu kimi) qədim Alban mədəniyyətinin, xristianlığa qədərki mistik-ruhani duyğusal qaynaqlarının, kökənli, oğuz-türk tarixi maddi-mənəvi irsinin və İslam dini-müsəlman təriqətli dünyagörüşünün, gələnəklərinin zənginliyi ilə fərqlənən təbii-coğrafi ərazi kimi də qiymətləndirilir.
Məzarüstü günəş təsvirli baş daşları, miniatür işləmələrlə, əski əlifbalı yazılarla naxışlanmış sənduqələrlə, mistik-totem inanclara uyğun at, dəvə, qoç, buğa...rəmzli qəbir daşları ilə örtülü və 7 mərtəbəli qəbirstanlıqlar, eləcə də miladdan öncəki yüzilliklərə aid məzarlıqlar (Qobustan alçaq təpəliyində, "Zəhər", "Bəy qışlağı", "Xanalı"... qışlaqlarında, Ceyrankeçməz çayının sağ sahilində (Diri Baba məbədi ilə üzbəüz hissədə), Böyük Daş və Kiçik Daş dağları ətəyində, Pirsaat çayının sahilindəki qədim Şamlı-Muxtar kəndində...) bölgə üzrə yayılmışdır.
Qobustanın sakral maddi-mənəvi irsinin formalaşmasında İslam İntibahı mərhələsinin, eləcə də hürufiliyin əski təlim, mərasim, öyrətim-yayım mərkəzlərinin bu bölgədə formalaşması (Sündü kəndində XIV əsrə aid hürufilik məscidi), Şirvanşah Şeyx İbrahim Dərbəndinin (1350-1417) əmri ilə 1402-ci ildə "Diri baba məbədi"nin inşa edilməsi (yaxınlığında sufiliyin ocaqları qalmaqdadır), Mərəzə kəndində (indiki Qobustan şəhəri) dini məktəb-mədrəsə ocağının (Şah Abbas karvansarayı ətrafında) fəaliyyəti, sonrakı mərhələdə bölgə üzrə and-inanc yerinə çevrilən "Qayıblar-Şayıblar qardaşları" (864 m yüksəklikli dağlar), Navahı kəndi yaxınlığında, Pirsaat çayı sahilindəki Şeyx Pir Hüseyn Şirvani məqbərəsi (XI-XIII əsrlər), XIII-XIV əsr yaşlı "Sufi Həmid ocağı", "Şeyx Əyyub məqamı", "Yavanı baba piri", Allahu-Əkbər dağına bitişik Dağ Kolanı kəndində Şeyxbörkü yaşayış məskəni (Anadolu yaylasının şimal-şərqindəki Sarıqamış-Qars bölgəsində Allahu-Əkbər dağı (3120 m) ucalır, eləcə də "Sarıqamış Allahu-Əkbər Dağları Milli Parkı" yaradılmışdır), Nabur kəndi yaxınlığında "Əbdülkərim piri", Qurbançı kəndindən 9 km quzeyə tərəf Qozluçayın sol sahilindəki Çay Qurbançı obasına aid XVIII əsr qəbirstanlığındakı "Sufi Xanməmməd türbəsi" (məbəd 1988-ci ildə bu irfani coyun 5-ci şəcərə-xələfi Dədəxan Sufi Nəsib oğlu (1951) tərəfindən inşa edilib), beynəlxalq tisarət yolunun üstündə (Ərəbşahverdi kəndinin üstündə, "Üçkəmir otlağı"na yaxın əski qəbirstanlıq və miniatür rəsmli-naxışlı məzar daşları... kimi dini-irfani və ruhsal məkanlar bölgənin sakral coğrafiyasının hüdudlarının genişliyini ifadə etmişdir.
Qobustan-Şirvan mahalının bir çox yaşayış məntəqələri (Göylər, Quşçu, Çaylı, Təklə, Ərəbşalbaş, Cəyirli, Qaraimanlı, Şamlı-Muxtar, Poladlı, Cəmcəmli, Ərəbşahverdi, Şeyxsəidli (Şıxzərli), Gəmüstü-Mərəzəli (sonralar Nərimankənd adlanıb), Dərəkənd, İlanlı...kəndləri, Dağdibi qişlaq obaları...) bölgənin əski tarixə malik dini-irfani və sakral mədəniyyətin həm maddi-mədəni, həm də ruhani-duyğusal zənginliyini özündə yaşadan məskənlərdir. Hətta, qonşu Kürqırağı ərazilərdə, Ərəş qəzasında və Car-Balakən camaatlığında İslam mədəniyyətinin və dini-dünyagörüşünün inkişaf etdirilməsinə təsir edən xüsusi mərhələ (XVIII-XX əsrlərdə) təşkil etmişdir.
"Qobustan" orotoponimin "Allaha yaxın, doğma olan yer" mənsında yozumunun da olması qəbul edilir ki, bu da bölgənin dini-irfani tarixi keçmişinə, ruhsal məqamının yüksəkliyinə bir işarədir. Bu cür müqəddəs məkanlardan biri də XVIII-XIX əsrlərdə dini-irfani və təqva-təriqət məkanına çevrilən Acıdərə ocağı sonralar Şirvan-Qobustan bölgəsinin "Acıdərə Şeyxlər ziyarətgahı" kimi kəramət-iman sahiblərinin (Mürşidi-Şeyxlərin) məqami-məqbərələri: Şeyx Eyyub Bayram oğlu (1730-1797), Şeyx Məhəmməd Şeyx Eyyub oğlu (1774-1836), Şeyx Əhmədpaşa Şeyx Məhəmməd oğlu (1810-1896), Hacı Ağaxan Şeyx Əhmədpaşa oğlu (1875-1942), Alxan bəy Şeyx Əhmədpaşa oğlu (1881-1929), Şeyx Soltanmahmud Şeyx Əhmədpaşa oğlu (1885-1945), Hacı Həmidpaşa Şeyx Babakişi oğlu (1860-1932), Şeyx Mustafa Hacı Həmidpaşa oğlu (1908-1986), Şeyx Səlim Hacı Həmidpaşa oğlu (1911-1995), bu müqəddəs məqamgahda ilk türbə Şeyx Eyyub babanın məzarı üzərində 1832-ci ildə tikilmişdir)... və əbədi ocaqlarıdır.
Qeyd etmək lazımdır ki, Şeyx Eyyub baba Həzrəti-Babanın mənəvi və ilahl varisi hesab edilib, O, bu məqamı şərifi-şərafət kimi həyatı boyu yaşatmış və xələflərinə müqəddəs əmanət, soyunun davamçılarına, müridlərinə və xəlfələrinə vəsiyyət etmişdir.
Acıdərə-Pirsaatçay boyunca uzanan bu məkan artıq bütün müsəlman-türk dünyasının dərin inam-iman hissi ilə ziyarət edilən, ruhani-təriqət duyğularının paklandığı müqəddəsliklərdən biridir. Şirvan-Qobustan bölgəsində 1970-ci illərədək inanclı və ağzıdualıların and yerləri də elə bu sakral məkanlarla bağlı idi:
-Sən özün kömək ol, a "Göy gümbəz"də yatan (türbələrin yaşıl örtüyü umulurudu);
-Ağ dəvələrinə qurban olum, a Sofu Həmid, ümidimizi üzmə!
-Kömək olun, a qoşa qardaş, a Qayıblar, a Şayıblar!
-O göy Yavanı haqqı!...
-Ağ örtüklü Diri babaya and olsun!
Təsadüfi deyil ki, XVIII-XIX əsrlərdə Azərbaycanda olmuş Qərbi Avropa və Rusiya səyyahlarının, rəssamlarının, yazıçılarının əsərlərində Qobustan bölgəsinin dini-ruhsal mədəniyyəti barədə ətraflı tarixi-coğrafi məlumatlar bir çox nəşrlərdə (V əsrdə bizanslı P.Pirskin Qafqaz Albaniyasına səfər qeydlərində; fransız yazıçısı A.Dümanın (1802-1870) "Qafqaz səfəri" əsərində; türk nasiri Övliya Çələbinin (1611-1682) "Səyahətnamə" (X cildlik) toplusu, o, 1640-cı ildə Şirvanda-Qobustanda olmuşdur; alman alimi Adam Olearinin (1599-1671) "Moskvaya səyahət" kitabı (1656); Quba canişini fon K.K.Qrabennin 1824-cü il rəsmi hesabatı; tarixçi, Rusiya EA-nın akademiki P.Q.Butkovun (1775-1857) "Qafqazın yeni tarixinin materiallarına dair, 1722-ci ildən 1803-cü ilədək" kitabı (1869); niderlandlı rəssam, yazıçı və səyyah Kornelis de Bryuynın (1652-1727) "Moskvadan İrana və Hindistana səyahət" (1711) əsəri; rus-sovet şərqşünası V.A.Kraçkovskayanın (1884-1974) "Pir Hüseyn məbədinin öptüyü" (1946) monoqrafiyası ..., eləcə də görkəmli tarixçi, arxeoloq və epiqrafçı alimlərimiz İ.M.Cəfərzadənin (1895-1982) "Qobustanın qayaüstü təsvirləri" (1973) monoqrafiyası; M.S.Nemətovanın (1924-2016) "Azərbaycanın memorial abidələri" (1981)... tədqiqat əsərləri ) ətraflı surətdə verilmişdir.
Amma, xalqın, elin-obanın yaddaşında və yaşlıların xatirələrində yaşayan dini-irfani təsəvvürlərlə bağlı olaylar Qobustanın təsəvvüf dünyagörüşünün sənədli tarixi barədə (irfani-dini biliklərin, sufiliyin Acıdərə obası ilə yanaşı qonşu kəndlərdə də - Təsi, Əhmədli, Cəmcəmli, Sündü, Mərəzə, Nabur, Qurbançı... tədris edilməsi ilə bağlı) xüsusi faktoloji maraq doğurur. Bu baxımdan keçən əsrin 80-ci illərində bölgənin Cəmcəmli kənd sakini Tomiric Bəhram qızı Abdullayevanın (1918-2004) söylədikləri də tarixi dəyərə malikdir:
-Sufilik təriqətinin mürşidlərindən olan Hacı Həmidpaşa Şeyx Babakişi oğlunun, Hacı Ağaxan Şeyx Əhmədpaşa oğlunun çoxminli miridlərinindən Cəmcəmli kəndində Ağamoğlan Əhliman oğlunun (1894-1939), Atababa Niftalı oğlunun (1885-1975)... olduğu bildirilir, onların evində tez-tez irfani-sufi məclisləri keşirilir, təziyələr aparılır və təkiyələr icra edilərdi, Hacı Şeyxin iştirakı ilə. Belə məclislərin birində Şamaxı qəza milis idarəsinə xəbər çatdırılır, nəticədə bir dəstə silahlı dəstə kəndə daxil olur, Hacı Şeyxlə müridlərdən Atababa Niftalı oğlunu da silah altında mərkəzə aparmalı olurlar, Hacı öz atının belində, müridi isə ulağın üstündə yola düşürlər.
Kənddən 7-8 km aralanıb "Qarabulaq dərəsi"ndən keçəndə dəstə üzvləri görürlər ki, üstlərindəki silahlar (naqan, tüfəng) yoxdur, hardasa tökülüb qalıb, hamısı təşvişə düşür. Hacı onları sakit edir, müridinə tapşırır ki, heybəsinə yığdığı silahları onlara qaytarsın. Dəstə başçısı başa düşür ki, Hacı Şeyx həqiqətən ağır kəramət yiyəsidir, ona görə də üzrxahlıq edirlər, Acıdərə obasına çatanda onu azad edirlər, amma tapşırırlar ki, onlardan asılı olmayaraq ona nəzarət edildiyi üçün, salamat qalması üçün burdan köçsün Kürqırağı kəndlərdən birinə, oralarda bir müddət qalandan sonra qayidar, elə də olur.
Cəmcəmli kəndində sufilərin məclisində sonralar Hacı Ağaxan Əhmədpaşa oğlu da iştirak etdiyi bildirilir. Kəndin müridləri sırasında Qurbançı kəndində yurd salmış, kök-ocağı ilə dini-irfani təlimləri qoruyub-saxlayan Sufi Nəsib babanın da adı çəkilir.
Müridlərdən Ağamoğlan baba 1937-ci ildə Kürdəmir rayonu, Şilyan kəndində həbs edilmiş, bir neçə ildən sonra Bayıl həbsxanasında namaz vaxtı dünyasını dəyişmişdir. Onun kənddə yaşadığı yurd indi də ziyarət ocağı kimi qorunur.
Atababa Niftalı oğlu da ömrünün sonunadək dini-irfani təlimi və əməlindən qəlbini üzməmişdir. O, 40 dəfə Həzrəti-Babanı ziyarət etmişdir, evinin bir guşəsində ziyarət etdiyi müqəddəs yerlərdən gətirdiyi müxtəlif ölçülü daşları qoruyub saxlamışdır. O, 1960-cı illərdə oğlu Hacıbaba (1934-2012) ilə birlikdə Yavanı Babanın (kəndin cənubunda, Pirsaat çayı istiqamətində, 4-5 km aralı) məzarının üstünü hazırladığı qəbirüstü daşla bərpa etmiş, ömrü boyu bu müqəddəs məkanın qoruyucusu olmuşdur.
Bir zəruri cəhəti qeyd edək ki, Qobustan-Şirvan mahalında hürufiliyə aid məclislər ayrı-ayrı məkanlarda 1960-1970-ci illərdə də keçirilmişdir. O dövrlərdə qadağalara baxmayaraq keçirilən təriqət-zikr və irfani təbliğin dini dünyagörüşün qorunub saxlanılmasında, nəsildən-nəsilə ötürülməsində, milli-tarixi özünüdərk təliminin davamlı olmasında rolu aşağıdakı bir bənddə ehtiva edilmişdir:
İki gəmi gəlir qoşa,
Biri Bəydir, biri Paşa.
Gəl Allaha, gəl ey könül,
Ənvər paşa, Nuru paşa...
"Yavanı Baba ocağı"na ətrafdaklı yaxın Ərəbqədim, Göydərə, Dərəkənd, Yekəxana, Təsi, Əhmədli... kəndlərinin sakinləri həmişə ruhsal dualarının qəbulu üçün ziyarət etmişlər. Ətrafı dairəvi daş hasarla (hündürlüyü 1,5 m, ümumi uzunluğu 15-16 m olan) əhatələnmiş ocağın içərisində sinə daşı ilə (uzunluğu 1,5m, qalınlığı 60-70 sm) örtülü, əski əlifbalı yazı və miniatür naxışlı bir qəbir var.
Bu məkanın ətrafında 20-yə qədər mamırlaşmış qəbir daşları (torpağa batmış halda, boyu 30-50 sm) paylanmışdır.
Dağarası dərə boyunca quruyan Zəngi çayı (Pirsaatçayın sol qolu, uzunluğu 15 km) yaxınlığında (2 km aralıda) yerləşən Cəmcəmli kəndi də ziyarətgah ocaqları ilə əhatələnmişdir. Belə ki, şərq tərəfdə, 300-400 m aralıda "Leyli bulağı" dərəsində "Tək pir" (hündürlüyü 1,5 m olan daş qalağının içərisində bir qəbir olmaqla), "Yaz yurdu" əkin sahəsinə bitişik olan "Şeyx ocağı", kəndin quzeyindəki 500 illik tarixə malik əski qəbirstanlığın yaxınlığında "Dəmirov piri" (yumru daşın üstündəki torpağı palçıq edib xəstə dəriyə yayırlar və ya əli daşa sürtməklə ... çarə tapılır, kənd sakini Nurəddin Nəsrəddin oğlu Səmədovun (1964) evindən 150 m aralıda)... camaatın sidqi-ürəklə üz tutduqları, sakral məqamlardır.
Cəmcəmli kəndində ilk məscid 1913-cü ildə istifadəyə verilsə də, 1918-ci ildə hay-daşnak quldurları tərəfindən yandırılaraq dağıdılmışdır (onun tikintisini yüzbaşı Qöçəli Əziz oğlu aparsa da vaxtsız ölümü nəticəsində bu işi əmisi kəndin ilk zəvvarlarından olmuş Hacı Ədil Abdulla oğlu (1842-1932) başa çatdırmışdır (digər zəvvar Hacı Həmid Zülfüqar oğlunun (1848-1930) mülki Sovet hakimiyyəti illərinin əvvəllərində məktəb olub), XIX-XX əsrlərdə kəndin mollaları kimi Molla İsmayıl Paşa oğlunun (1815-1910) və oğlu Şıxverdinin (1840-1918) adı çəkilir.
Kənd məscidinin adı və yeri sonralar dəyişdirilmiş, hazırda isə 2000-ci ildə Səudiyyə Ərəbistanının vəqf yardımı ilə inşa edilmiş Cümə məscidi (ölçüsü 8 m x 14 m, hündürlüyü 3-4 m, gümbəzli və 12 m-lik minarəli) fəaliyyətdədir.
(ardı var...)
(Yazının hazırlanmasında həm də Qobustan rayonunun Cəmcəmli kənd sakinləri Hacı Qudrət Nəcəfqulu oğlu Əzizovun (1931), Famil Məmmədhəsən oğlu Babaşovun (1952), Adil Abdulla oğlu Abdullayevin (1955), Elmxan Şahbaba oğlu Baxşəliyevin (1958) və Şamaxı rayonu, Quşçu kənd sakini Zahir Zahid oğlu Məmmədovun (1957) məlumatlarından istifadə edilib.)
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi