Müğənnilər Yeni ili harada qarşılayacaq?
31 Dekabr 2020 12:01 Mədəniyyət"Hər ilin öz gözəlliyi var" deyirlər, bu il də qəmli, sevincli günlərlə yadda qaldı. 2020-ci ili bütün dünyanı cənginə alan "koronavirus ili" adlandırsaq yanılmarıq. Ancaq bu il bizə həm də düşərli oldu, o mənada ki, doğma Qarabağın azad edilməsinə şahidlik etdik.
Artıq 2020-ci ilin son gününü yaşayır və yeni ili qarşılamağa hazırlaşırıq. Maraqlıdır, görəsən şou-biznes nümayəndələri yeni iliharada qarşılayacaqlar? Ümumiyyətlə mövcud vəziyyətlə əlaqədar yeni il keçirəcəklərmi?
Olaylar.az müğənnilərlə keçirilən həmin sorğunu təqdim edir:
Xalq artisti Niyaməddin Musayev yeni ili evində qarşılayacağını bildirib:
"Mənə görə bu sadəcə bir təqvim dəyişikliyidir. Həm də bu qədər şəhidlərimiz varkən, yeni ili keçirməyi mənasız hesab edirəm.Yeni ildir də, adi günlərdən biri olacaq, gəlib keçəcək. Nə dəyişiklik var ki? Ancaq bu ili uğurlu illərdən hesab edirəm. Ölkəmiz üçün zəfər ili oldu. Bu günləri görmək, tarixi ana şahidlik etmək elə mənim üçün ən gözəl bayramlardan biri oldu. Yeni ildə də pandemiyaya görə heç yerə getməyəcəm. Ancaq ailə üzvlərimlə, nəvələrimlə birlikdə evdə olacam ".
Xalq artisti, bəstəkar-müğənni Tünzalə Ağayeva bu ilki yeni ili bayram hesab etmədiyini deyib:
"Mövcud vəziyyətlə bağlı yeni ili ailə üzvlərimlə birlikdə keçirəcəm. Yəni, bu ilki yeni ili mən bayram hesab eləmirəm. Düşünürəm ki, bizim əsl bayramımız elə zəfər günündən başlayır. Adi gün kimi qeyd edəcəyik. Heç bir dəyişiklik görmürəm".
Müğənni Əlikram Bayramov isə bildirib ki, heç vaxt ağlıma gəlməzdi ki, yeni ili qeyd etməyəcəm:
"Hansı bayramdan söhbət gedə bilər ki? Ailəmizdə hüzr var. Əmim nəvəsi şəhid olub. Heç 40-ı da çıxmayıb. Həm də bu il yeni ili keçirmək bizlərə düşməz. Hər il keçiririk, bu il keçirməsək dünya dağılmayacaq ki? Pandemiyaya görə də heç yerə getməyəcəm, elə evdə olacam".
Qırğızıstanın əməkdar artisti, müğənni Aslan Hüseynov yeni il əhval-ruhiyyəsində olmadığını söyləyib:
"Mənim üçün bu il yeni il keçirmək anlayışı yoxdur. Adi günlərdən biri kimi evdə valideynlərimlə birlikdə olacam. O əhval ruhiyyədə deyiləm. Hər il keçirmişik, bu il keçirməsək də olar. Elə də önəmli hesab eləmirəm".
Müğənni Kərim Abbasov da yeni ili ailəsi ilə birlikdə qarşılayanlar sırasındadı.
"Yeni ili qeyd etməyəcəm, evdə olacam. Belə bir vəziyyətdə bayram keçirmək ağlıma belə gəlmir. Ümumiyyətlə fikir verirəm bu il heç kəs bayram keçirmək ab-havasında deyil. İndiki məqamda yeni il keçirmək bizə yaraşmaz".(sfera.az)