Lopes, Rihanna, Şakiranın konsertində çəkilişə icazə verilməyəcək
13 İyun 2012 18:04 MədəniyyətDünya şöhrətli müğənnilər Cenifer Lopez, Rihanna və Şakiranın Bakıda verəcəkləri konsertlə bağlı mətbuat konfransı keçirilib. Lent.az-ın məlumatına görə, konsertin təşkilatçısı "Universal Music Group"un Azərbaycan təmsilçisi "OMNİKO Music Group" piar və marketinq direktoru Zaur Darabzadə bildirib ki, konsert üçün biletlər iyunun 25-dən satışa çıxarılacaq. Hələlik qiymətlərin bəlli olmadığını deyən Darabzadə tamaşaçıların biletləri elektron linklər vasitəsi ilə əldə edə biləcəklərini söyləyib. Təşkilatçı konsertə çəkilən xərclər və qonorarların kommersiya sirri olduğunu, bu barədə suallara cavab verilməyəcəyini deyib.
O bildirib ki, müğənnilər Bakıda olarkən mətbuat konfransına qatılmayacaq və konserti işıqlandırmaq üçün mediaya maksimum 3 dəqiqə icazə veriləcək. Medianın konsertə girişi xüsusi akkreditasiya ilə olacaq. Jurnalistlər qeydiyyatdan keçmək üçün avqustun 15-dən sentyabrın 1-dək müraciət edə bilərlər. Təşkilatçı məşhurların Azərbaycanda konsert verməsi üçün danışıqların 2 ay çəkdiyini deyib.