“Gəzmişəm Şamı, İraqı...”

Səadət Şıxıyeva

filologiya üzrə fəlsəfə doktoru, dosent

 AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu

Hürufilik təriqətinin yaradıcısı Fəzlullahın edam edilməsindən sonra Nəsiminin bu təlimi təbliğ etmək üçün hansı ölkəyə üz tutması ilə bağlı araşdırmalarda fikir ayrılıqları vardır. Araşdırıcıların böyük əksəriyyətinə görə, o, hürufilərin kütləvi mühacirəti zamanı Anadoluya köç­müş, oradan Bağdad və daha sonra Hələbə getmişdir. Bir qisim tədqiqatçıya görə isə,  onun bu sadalanan səfərləri əks-sırada - əvvəlcə Bağdada, sonra Anadolu, oradan da Hələbə olmuşdur. Bu ziddiyyətli məqama şairin məsləkdaşı və dostu Əliyyül-Əlanın  söylədikləri tam aydınlıq gətirir: "Yaradanın (mətndə: "kirdiqar"; Fəzlullah nəzərdə tutulur) kitabını Ruma mən Şamdan göndərdim, buna diqqət yetir (hərfən: yaxşı bil)".

Sanki sonralar bu məsələ ətrafında fikir dolaşıqlığının yaranacağından ehtiyat edən müəllif  "Yaxşı bil!" sözləri ilə tarixi həqiqətə diqqəti cəlb edir. Əliyyül-Əlanın bu beyti hürufilərin əvvəlcə Şama, oradan Ruma üz tutduğunu açıqlayır və Fəzlullahın ölümündən sonra Əliyyül-Əlanın başçılığı ilə hürufilərin böyük əksəriyyətinin Türkiyəyə mühacirət etməsi barədəki ənənəvi mülahizənin yanlışlığını göstərir.

Fəzlullahın "Cavidannamə"sindəki qeydlər hürufilərin Şama xüsusi əhəmiyyət verməsinin səbəbini açıqlayır: "Həqq-təala dedi: "Bütün yaradılmışı (hərfən: əvvəlinci və axırıncı yaradılışı) Şam torpağında cəm edəcəyəm, çünki qiyamətin (qopacağı) torpaq ora olacaqdır".

Əliyyül-Əla Şamın bu dini səciyyəli mövqeyinə və hürufilik görüşlərindəki yerinə aşağıdakı misralarında tam aydınlıq gətirir:

" Ulduzların elmini bilən şah  qərbdən gəldi, çünki Həqqin əmri ilə Şam və Rum qərbdədir.

Allahın qüdrətindən Fəzli-həqq orada günorta aşkar olan günəş kimi üzə çıxdı.

Müqəddəs ev qiyamətin (qopacağı) yer olduğundan

Üz(ümüz), şübhəsiz ki, əvvəldə oraya yönəldi".

Digər araşdırıcıların diqqət yetirmədiyi yuxarıdakı beytlərdən Əliyyül-Əlanın rəhbərliyi ilə hürufilərin niyə Şam və Ruma (Türkiyə) üz tutmasının səbəbləri məlum olur.

Nəsimi də hürufilik əqidəsinə uyğun olaraq, təbliğatçılıq fəaliyyətində Şama çox əhəmiyyət vermişdir. Onun bir hürufi kimi bütün fəaliyyəti boyu Əliyyül-Əla ilə birgə olduğunu və dostluq münasibətlərinin ömürlərinin sonunadək davam etməsini nəzərə aldıqda Fəzlullahın ölümündən sonra Şama mühacirət edən hürufilər arasında onun da olduğunu təxmin etmək olur. Şairin özü də Şama səfərini bəzi beytlərində dilə gətirmişdir. Aşağıdakı nümunə bu barədə müəyyən təsəvvür yarada bilir:               

Gəzmişəm Şamı, İraqı bir müsahib yar üçün,  

                  Aşiqi-Misrəm, vəli müştaqi-Bağdad olmuşam.

Bu misralar Nəsiminin Şam torpaqlarına yalnız ömrünün son illərində deyil, hələ təbliğatçılıq fəaliyyətinin ilk dövrlərindən etibarən xüsusi önəm verdiyini göstərir.

Yuxarıdakı misralarda şairin İraq və Bağdada hürufiliyi yaymaq niyyəti ilə səfərlər etdiyinin açıq ifadələri yer alır. Şair başqa bir şeirində bu səfərlər və axtarışlardakı məqsədini aşağıdakı kimi izah edir:

Faş eyləməzəm sirrimi naməhrəmə, çün kim 

Məhbubi-əmin, məhrəmi-əsrarımı buldum.

Təəssüf ki, məlum olan qaynaqlarda Nəsiminin neçənci ildə, yaxud hansı əmirin hakimiyyəti illərində Bağdada getməsi barədə bir qeydə rast gəlmədik. Amma Fəzlullahın ölümündən sonrakı dövrə təsadüf etdiyi üçün Nəsiminin həmin səfərinin 1394-1402-ci illər arasında ola biləcəyini ehtimal edirik. Çünki Bağdad zindanından azad olunduqdan sonra Nəsimi Türkiyəyə qayıdanda orada İldırım Bayəzid səltənət taxtında otururdu. İldırım  Bayəzidin 1402-ci ildə Əmir Teymur tərəfindən məğlub edilməsi məlumdur. Bu faktları, eləcə də onların ilk olaraq, Şama üz tutduqlarını nəzərə aldıqda Nəsiminin Bağdada səfərinin zaman hüdudunun  1395-1402-ci illər arasında olduğunu təxmin etmək mümkün olur.

Nəsiminin bu səfərinin tarixi və məqsədini dəqiqləşdirməyə yardım edə biləcəyindən Bağdad tarixinə qısa bir ekskursa ehtiyac duyulur:

1336-ci ildə Bağdadda hakimiyyətə gələn Cəlayirilərin yarım əsrə yaxın səltənəti tarixində 1393-cü ildə (avqust) Əmir Teymur ordusunun basqını ilə əlaqədar olaraq qısa müddətli fasilə verilmişdi... 1382-ci ildən Cəlayiri taxt-tacının sahibi olan Sultan Əhmədin Bağdaddakı hakimiyyəti Qaraqoyunlu Qara Yusif tərəfindən onun 1410-cu ildə məğlub edilərək öldürülməsi ilə sona çatır.

Bu qısa tarixi xülasədən göründüyü kimi, Fəzlullahın ölümündən sonrakı illərdə,  o cümlədən Nəsiminin səfərini ehtimal etdiyimiz zaman kəsiyində (1395-1402-ci illər) Bağdad Çingiz xan soyuna bağlı, Teymurun, Qara Yusifə olduğu kimi, şəxsi və güclü düşmənçilik hissləri bəslədiyi Sultan Əhməd Cəlayirin mərkəzi şəhəri idi. Tarixi qaynaqların siyasi şəxsiyyəti haqqında ziddiyyətli məlumatlar verdiyi Əhməd Cəlayir ədəbi yaradıcılıqla da məşğul olmuşdur. M,F.Köprülü Sadəddin Nüzhətin "Məcmüatün-nəzair" barədəki qeydlərinə istinadən "XIV əsrdə bir azəri şairi" başlıqlı bir məqalə yazmış və həmin məcmuədə 347 nömrədə yer alan "Sultan" təxəllüslü şeirin 1336-1410-cu illər arasında Bağdadda və ümumiyyətlə Azərbaycan torpaqlarında hökm sürən Cəlayiroğullarından  Sultan bin Üveysin əsəri olduğunu göstərmiş, tarixi qaynaqlara dayanaraq, Sultan Əhmədin türkcə şeirlər yazdığını, türk olduğunu şübhəyə yer verməyən bir biçimdə təqdim etmişdir.

Qeyd etməliyik ki, M.F.Köprülü, Ə.Cəfəroğlu kimi tanınmış alimlər tərəfindən Sultan Əhməd Cəlayir Azərbaycan ədəbiyyatının nümayəndəsi kimi öyrənilsə də,  təəssüf ki, onların bu tədqiqatlarından çox sonra yazılmış orta əsrlər Azərbaycan ədəbiyyatı dərsliklərinə bu şair-hökmdar daxil edilməmişdir. Halbuki onun şeir yaradıcılığının örnəkləri Sultan Əhməd Cəlayirin heç də Həqiqi və Xətaidən aşağı deyil, onlarla eyni səviyyədə bir söz sənətkarı olduğunu göstərir. Onun:

Kim ola dün, gün işində, fikrü tədbir eyləməz,

Neyləsin tədbiri-bəndə, çünki təqdir eyləməz,

- mətləli şeirinə on şair nəzirə yazmışdır. Bu isə şeirə onun müasirlərinin rəğbətinin aşkar göstəricisidir.

Burayadək ədəbi şəxsiyyəti barədə müəyyən təsəvvür yaratmağa çalışdığımız Sultan Əhməd Cəlayirin hakimiyyəti dövründə Bağdada gedən Nəsiminin bu səfərinin ixtiyari və fərdi bir seçim olmadığını, onun bu hökmdarla görüşünün mümkünlüyünü ehtimal edirik. Çünki Sultan Əhməd həmin illərdə hürufilərin müttəfiqi olan Qara Yusifin yaxın dostu idi.

Nəsiminin:

Ta yüzin gördüm, nigara,  qəmdən azad olmuşam,

Qulluğunda,  padişahım, hüsnünə şad  olmuşam.

- misralarda haqqında bəhs olunan və görüşünə sevinilən "padişah"ın Bağdad hakimi ola biləcəyi düşüncəsindəyik. Ənənəvi aşiqanə şeir təsiri bağışlayan qəzəldəki müxatibin - "padişah"ın məhz bu şəxs ola biləcəyi qənaətini yaradan dəlil şairin növbəti beytlərdən birində "Bağdadı buldu"ğu üçün şad olmasını dilə gətirməsidir. [Müvafiq beyti aşağıda qeyd etmişik]. Əslində ikisi də şeir, musiqi sənətlərinə dərindən bələd olan, dövrünün bir çox elm sahələri ilə bağlı dərin bilik sahibi olan, dost (Qara Yusif) və düşmənləri (Əmir Teymur) müştərək olan bu iki şəxsin görüşməsi mümkünsüz deyildi. Doğrudur, Nəsiminin onunla siyasi xadim, yaxud şair kimi şəxsən görüşüb-görüşmədiyini əsaslandıran və ya təkzib edən mənbə hələlik məlum deyildir. Bununla belə, tarixi qaynaqların təhlili və bilinən faktların tutuşdurulması bəzi qənaətlər formalaşdıra bilir:

  • Hürufilər Fəzlullahın sağlığından etibarən siyasi himayədar axtarırdılar. Bu hami axtarışında Əmir Teymurla düşmənçilik, Qara Yusiflə dostluq münasibətində olan Sultan Əhməd Cəlayir də yer ala bilərdi. Çünki bu hökmdarın atası Sultan Üveysin və onun sarayının bir sıra əyanlarının Fəzlullahın məclislərinin iştirakçısı olması barədə hürufi mətnlərində məlumat verilir.
  • Hürufilik qaynaqlarında Qara Yusiflə hürufilərin yaxın dostluq münasibətindən, hətta onun süfrəsinin qonaqları sırasında yer almasından da bəhs olunur. Bu isə onların dövrünün hakimləri ilə yaxın dostluq münasibəti qura bildiklərinin bir örnəyidir.
  • Daha sonrakı illərdə hürufilərdən Əmir Nurullah (Fəzlullahın nəvəsi) və Əmir Qiyasəddin Məhəmməd Bağdada Qaraqoyunlu Şah Məhəmmədin görüşünə getmişdilər.

Bu kimi faktlar Nəsimi ilə Sultan Əhmədin görüşünün mümkünlüyü fikrinə yönəldir. Nəsiminin Bağdada səfəri ilə bağlı öz şeirlərində rast gəlinən və araşdırmalarda verilən məlumatlar əsasında belə bir qənaətə gəlmək mümkündür ki, şair İraqın çox yerlərində olmuş, lakin özünə bir həmfikir ("müsahib") tapa bilməmişdir. Odur ki, mütəfəkkir Misirə getməyi qərara almış, amma hürufilik mərkəzindən bu dəfə onun İraqın paytaxtı Bağdada getməsi məsləhət bilinmişdir. Bu səfərə öz istəyi ilə getməməsi onun "Olmuşam" rədifli avtobioqrafik xarakterli şeirində üstüörtülü ifadəsini tapmışdır:

Nil irmağı daşdı, tutdu Misrin çöhrəsin, 

                   Uş Hələb, Bağdadı buldum, gör necə şad olmuşam.

Bu deyilənlərdən çıxış edərək, Şam və İraqı gəzib bir həmfikir tapmadığından şikayətçi olan şairi təkrar Bağdada getməyə vadar edən səbəbin Sultan Əhmədlə görüş və ittifaq niyyəti ola biləcəyini düşünürük.

Qeyd etməliyik ki, Nəsiminin Bağdada səfərinin zamanı və məqsədi barədə tədqiqat əsərlərində fikir müxtəlifliyi müşahidə olunur.  Y.C.Pəndariyə görə, Nəsimi Fəzlullahı müşayiət edərək, Bağdada gedə bilərdi. Fəzlullahın İraqa səfər etməsi mülahizəsinə H.Ritterin də tədqiqatında rast gəlinir. Alman şərqşünası Fəzlullahın səkkiz xəlifəsindən biri və "Cavidannamə"nin katibi olan Kəmaləddin Haşiminin  mürşidinə İraqa getməyi tövsiyə etdiyini bildirir. Lakin Nəsrullahın "Xabnamə"sinin yığcam xülasəsini verən Ritter  nəzərdən qaçırır ki, Mövlana Kəmaləddin bu məsləhəti Fəzlullaha onun yuxusuna girərək verir. Bu yuxunu görərkən Fəzlullah Bakıda idi. Onun Bakıdan haraya isə səyahət etməsi haqqında bir bilgi yoxdur və hürufi mürşidinin ömrünün son bir il altı ayını yaşadığı Bakıdan İraqa səfər edib, yenidən geri qayıtması isə ağlabatan deyildir. Çünki bu dövrdə o, hami tapdığına əmin olduğu və Teymurilərdən Miranşaha güvəndiyi üçün Şirvana gəlmişdi. Ona görə də, yəqin ki, onlara düşmən sülalənin - Cəlayirilərin hakimiyyəti altında olan Bağdada gedə bilməzdi...

Fəzlullahın həmin tövsiyəyə uyğun hərəkət etdiyini qəbul etsək belə, bu onun məhz İraqın mərkəzinə - Bağdada səfər etməsini təsdiqləmir. Bundan başqa, onun yuxuda gördüyü Bağdad şəhəri deyil, İraqın İbn Ömər adasıdır. Nəhayət, Nəsiminin bu səfərinin hürufilərin Fəzlullahın ölümündən sonrakı fəaliyyətinin tərkib hissəsi olması onun mürşidini müşayiət edərkən Bağdadda olması ehtimalının əsassızlığını göstərir.

İraqın adı, artıq qeyd etdiyimiz kimi, hürufi mürşidinin yuxuda gördüyü yerlər arasında xatırladılır və onun real səyahətləri zamanı olduğu ölkə və şəhərlər arasında yer almır. Fəzlullahın yuxularını seçim və yozum tərzini, yuxuların ideya istiqamətini diqqətlə araşdırdıqda daha çox onun gələcək məqsəd və məramı üçün zəmin hazırladığını görürük. Bu mənada onun Bakıda olarkən İraqa səfərlə bağlı yuxudan söz açmasını və onun ölümündən sonra Nəsiminin İraqa səfərlərini təsadüfi uyğunluq kimi qəbul etmək mümkün deyildir. Görünür, Kəmaləddin Haşiminin yuxudakı tövsiyəsini qələmə alan Fəzlullahın İraqda bir hürufilik mərkəzi qurmaq niyyəti varmış. Lakin Bakıda həbs olunduğu üçün onun bu niyyəti baş tutmur.

Burayadək dediklərimizdən də göründüyü kimi, hürufilikdə təbliğat üçün ölkə və ya şəhər seçimi təsadüfi xarakterli deyil, o bölgənin siyasi durumu və ya dini düşüncədə ona aid edilən statusla bağlı olmuşdur. Sonda bunu da qeyd etməliyik ki, hürufiliyin mürşidi və ardıcıllarının bu səyahətləri müttəfiq və siyasi himayədar axtarışı ilə əlaqəli idi. Belə bir siyasi hami ilə danışıqları təşkilatın sadə üzvləri deyil, mürşid və ya onu səlahiyyətli təmsilçisi olan şəxs həyata keçirə bilərdi. Nəsimi isə hələ Fəzlullahın sağlığında bu sahədə uğurlar eldə etməsi ilə mürşidinin etibar və etimadını qazanmışdı. Bu cəhət Fəzlullahın yuxularından birinin nəqlində onun adını anma tərzində aydın görünür...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31