Təsəvvürlə ev tikmək... - Elçin Hüseynbəyli yazır

Elçin Hüseynbəyli

("Paralel dünyalar"silsiləsindən)

... Qoca Mələk məni bir xeyli gəzdirdi. Məkanlar dəyişsə də, zaman dəyişmirdi. Sanki burda nə gün çıxır, nə də batırdı. Nə Gündoğar vardı, nə Günbatar. Birdən ayağımı saxladım və qocanın üzünə baxmadan dedim:

-Yorlumuşam!

Qoca Mələk, sanki bunu gözləyirmiş, ona görə də gözlərini qıyaraq gülümsədi.

-Yorulmusan, yat, dincini al.

-Harda?

-Harda istəsən.

- Burda qalmağa yer var ki? -deyə Qoca Mələkdən soruşdum.

-Nə yer? -deyə o, təəccüblə üzümə baxdı.

-Axşamlamağı nəzərdə tuturam.

Burda nə gecə var, nə də gündüz. Onları adamlar özləri yaradır.

-Necə?

-Çox sadə. Hər şey təsəvvürdən asılıdır.

Yenə də bir şey anlamdım və key-key onun üzünə baxdım.

-Oranı görürsən? -deyə Qoca Mələk irəlini göstərdi.

-Hə.

-Nə görürsən?

-Boşluq.

-Görmə bucağını düzəlt, - Qoca Mələk dedi və pərdəni aralayırmış kimi əlini yuxarı qaldırıb, sağa sürüşdürdü.- İndi necə?

-Görürəm.

Nə görürsən?

-Güzgü fırlanır.

-Bəs diqqətlə baxsan?

-Güzgü yeddi guşəlidir. Üstündə surətlər var, adam surətləri?

-Hə, düzdü... Kimlərdir, tanıya bilirsən?

-Deyəsən, bir babamdır, biri anam, biri atam, biri böyük qardaşım, biri tanış qadındır, kəndçimizi deyirəm, biri uşaqlıq dostumdur, biri... aktryordur...

-Deməli, yeddi surət görürsən. Yaddaşında nə qədər adam varsa, onların surətini görürsən. Çox olsaydı çox, az olsaydı, az görərdin.

-Bu necə olur?

-Dedim axı, hər şey təsəvvürdən asılıdır. Reallıqla irreaallıq arasında bir pərdə var - təsəvvür pərdəsi. Qalmağa yer axtarırsan, düzdü? Onda təsəvvürünü işə sal, elə bil, ev tikirsən. İstəsən fəzada Günəşi cıza bilərsən, gündüz olar, istəsən Ayı cıza bilərsən gecə düşər.

-Bəlkə başqaları bunu istəmir.

-Onlar bunu görmürlər. Burda hər kəsin öz aurası var.

Bəs yatmaq necə? Harda yatırlar?

-İstədikləri yerdə. Fəzada divar cız, qapı, pəncərə qoy. Çarpayını da harda istəsən qoya bilərsən. Nə zaman oyansan, onları necə qoymusansa, elə də yığışdır. Burda hər kəsin bir evi olsa, onda əbədiyyət olmaz ki...

Qoca Mələk bu sözləri deyən kimi yox oldu...

Bir müddət onun dedikləri barədə düşündüm. Sonra o deyənləri yoxlamaq istədim. Gözlərimi yumub təsəvvürümü işə saldım. Əlimi yuxarı qaldırıb fəzada Ayı cızdım. Həmin an qaranlıq düşdü. Gözü bağlı olsam da, mühit dəyişkənliyini  hiss elədim. Gözlərimi açdım. Divarı cızdım, divara qapı da qoydum. Qapını açıb içəri keçdim. Damın üstü açıq olduğuna görə göydə Ay parıladayırdı. Əlimi yuxarı sürtdüm, tavan asıldı. Ay yoxa çıxdı. Tavana lampa asdım. Çarpayını evin yuxarı başına qoyub uzandım. Və yuxuya getdim...

Yatıb yuxumu alandan sonra Qoca Mələk deyən kimi elədim, hər şeyi geri cızdım və açıqlığa çıxdım...

İyun, 2020

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31