“KARANTİN DÖVRÜNÜN ŞEİRLƏRİ”

Azərbaycanlı yazarın ədəbi əlaqələri davam və inkişafda:

Türkiyə, Özbəkistan, Tatarıstan, Qazaxıstan, Belçika...

Beynəlxalq ALAŞ Ədəbi Mükafatı laureatı, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalının sosial media hesabı üzərindən paylaşdığı "Karantin dövrü şeirləri" həmkarları, şeirsevərlər və naşirlər tərəfindən maraqla qarşılanıb. Onun, yeni nəsil qi­ratəçiləri Müşfiqə B.Baxşı, Ayna Məmmədli, Aliyə Kərim tərəfindən səsləndirilən müxtəlif şeir­ləri sosial mediada yayınlanıb; həmçinin "Ulduz"un may sayında çap edilib.

"Karantin dövrünün şeirləri" istedadlı gənc yazarlar - Rəhmət Babacan və Mirzohid Müzəffər tərəfindən özbəkcəyə, Erkinbek Serikbay tərəfindən qazaxcaya, Türkiyənin parlaq imza­larından Coşğun Karabulut tərəfindən Türkiyə türkcəsinə uyğunlaşdırılıb. C.Karabulutun "Yeni Fet­hiye"dəki ənənəvi "köşə"lərindən biri də Azərbaycanlı həmkarı haqqında olub. Yazarımız haqqında sevgi-sayğı ilə söz açan C.Karabulut, onun "Atlar ayaqlandı Altay tərəfdən" şeirini qardaş ölkə oxucusuna təqdim edib.

Qardaş Türkiyə yeni nəsil yazarlarının araya-ərsəyə gətirdiyi "Telmih"in Azərbaycanlı şəhid şair Ülvi Bünyadzadənin xatirəsinə ad etdiyi 16-cı "özəl Azərbaycan sayı" və İraqlı soydaşlarımızın  nəşr etdiyi "Türkman Yazar"ı da son sayında Ə. Qoşalının şeirlərinə yer verib.

Karantin dövrü də daxil olmaqla, son günlər ədəbi əlaqələrini yeni dönəm gerçəkliklərinə uyğun şəkildə davam etdirən yazarla əlaqə saxlayıb, onun yaradıcılıq yenilikləri və beynəlxalq əlaqələri ilə maraqlanan əməkdaşımız bildirir ki, Ə.Qoşalı həm bir sıra virtual konfrans və gö­rüşlərə qatılıb, həm də yaradıcılıq örnəkləri qardaş ölkələrdə, habelə Belçikanın "Atunispoetry.Com" ədəbi portalında, ingilis dilində yayınlanıb

(https://atunispoetry.com/2020/05/19/akbar-goshali-azerbaijan).

Beynəlxalq Türk Akademiyasının böyük qazax mütəfəkkir şairi ABAYın 175 illiyi mü­nasibəti ilə bugünlərdə Nur-Sultanda nəşr etdiyi, (Azərbaycanlı jurnalist Aida Eyvazlının dilimizə uyğunlaşdırdığı) "Qara söz"ün həmredaktoru olan Əkbər Qoşalı, Orta Asiyadakı digər qardaş ölkə - Özbəkistanla da sıx ədəbi-ictimai əlaqələr içindədir. Qardaş ölkənin elm-təhsil ictimaiyyətinin nüfuzlu qəzetlərindən olan "Termiz Universiteti"nin 30 ilik yubileyi münasibəti ilə çap edilən xüsusi buraxılışda yazarımızın ürək sözləri təqdim olunub.

Ə.Qoşalı həmçinin X Şairlər Günü münasibəti ilə düzənlənən, İLESAM başqanı Mehmet Nuri Parmaksızın moderatoru olduğu, istiqlal şairləri Əhməd Cavad və Mehmet Akif Ərsoyun  xatirəsinə düzənlənən virtual konfransda çıxış edib.

O, bugünlərdə qardaş Tatarıstanın Yazıçılar Birliyinin təşəbbüsü ilə ənənəvi "Puşkin Poeziya Günləri"ndə də virtual olaraq iştirak və çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31