Rəsul Rza hər zaman misralarda yaşayacaq

Od nə çəkdi,

küldən soruş!

Baş nə çəkdi,

dildən soruş!

... Zülmətlərin möhnətini

kor söyləsin!

Bəm xalların fəryadını zildən soruş!

... Ömrün çətin yollarında

daşa ləpir salsa ayaq,

Gün nə çəkdi,

ildən soruş!

Heç bir ədəbi qəlibə, qanuna sığmayan bu misraların müəllifi 1910 -cu ilin bu günü -19 may tarixində anadan olan Rəsul Rzaya aiddir. Bu gün məşhur olan və küçələrdə, sosial şəbəkələrdə sorğu etsək bir çox gənclər bu günümüzlə səsləşən bu misraların müəllifini hansısa gənc, istedadlı yazar olacağını düşünəcəkdir. Əslində isə bu misralar uzun-uzun illər öncə, bu günümüzü aydın görən saysız-hesabsız kitabların, əsərlərin müəllifi olan Azərbaycan ziyalısına məxsusdur. Əsil ziyalı yaşadığı illəri deyil, ondan 30-40 il sonranı görməyi bacaran biridir. Rəsul Rza hər zaman misralarında bizlərə gələcəyimizi göstərməyə çalışan, bizi olacaqlardan xəbərdar edən bir şair idi...

Bir çoxlarının yaddaşında sovet şairi kimi Rəsul Rza əslində o dövür üçün ədəbi mühitdə yenilikləri ilə seçiliridi. O zaman bir çoxlarının qəbul etmədiyi sərbəst şeirləri ilə şair bu gün hər yaş qrupunda olan oxucular üçün sevilən şairdir. Və bu günün gəncləri arasında dəb olan sərbəst şeir yazmaq hünərini Rəsul Rza bizlərə hələ illər öncə ən yaxşı ədəbi forma və düşüncələrdə göstərmişdi.

Mən torpağam, məni atəş yandırmaz;

Tərkibimdə kömürüm var, külüm var.

Mən baharam, çəmən-çəmən

Çiçəyim var, gülüm var.

Mən küləyəm,əsməsəm

Kim bilər ki, mən varam.

Mən buludam, səhraları susuz görüb

Ağlaram ,

Mən ürəyəm, döyünməsəm ölərəm.

Mən insanam,

Sadə insan əlinin

yaratdığı nemətlərlə öyünməsəm,

ölərəm.

... Mən İnsanam,

Vətənim var, elim var.

Ən böyük həqiqəti,

Azadlığı, məhəbbəti, nifrəti

Söyləməyə qadir olan

Dilim var...

Rəsul Rza hələ gənc yaşlarında artıq ədəbi aləmdə yaxşı tanınan Mikayıl Müşfiq, Süleyman Rüstəm, Mehdi Hüseyn, Səməd Vurğun, Mikayıl Rəfili, Əli Nazim, Mirzə İbrahimov və başqaları ilə yaxından tanış olur, onlarla bir cəbhədə yeni ədabi cərəyan uğrunda çiyin-çiyinə çalışır.

Sovet dövrünə xas olan mövzulardan uzaq olan Rəsul Rza yaradıcılığında saf sevgi şeirləri, insan hislləri, vətən önəmli yerləri tutur. Nigar xanım Rəfibəyliyə həsr etdiyi sevgi şeirləri bu gündə hər kəs tərəfindən maraqla oxunur. Şairin sözlərinə bəstələnmiş bir çox mahnılar uzun illər keçməsinə baxmayaraq tarixin tozlu səhifələrində deyil, insanların qulaqlarında, dillərində səslənir. Niyazi, Sülüyman Ələsgərov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Polad Bülbüloğlu kimi məşhur bəstəkarlar hər zaman Rəsul Rza yaradıcılığına önəm verirdilər. Təbii ki, buna əsas səbəb şairin şeirlərindəki dərin mənalı, insanları düşündürən misralardır.

Çox təəssüf ki, bu gün gənclər bu cür dərin mənalı misralardan uzaq və məhrumdur...

Vətəninin Qarabağ dərdindən xəbərsiz olan şairin yaradıcılığında hər zaman Kərkük, Təbriz yarası öndə idi...

Bir yanım Mosuldur
bir yanım Ərbil,
bəxtimə yazıldı
bu qara nisgil.
Çəkdiyim ağrılı
illər içində
nə bəd gəldi qanlı,
qadalı bu il.

Bağdaddan karvan gəlir,
Dərdli, pərişan gəlir.
Kimlər qurban kəsilib,
sularım al qan gəlir.

Kərkük üstü dumandı,
Kərkük oda qalandı.
Kərbəla müsibəti
buna baxsan yalandı.

Ərbilə,
yanğın düşdü Ərbilə;
höcəti kəsmək olmaz
dava-dalaş, hərb ilə.

Bağdad qızıl, gümüşdü,
Bağdada yanğın düşdü.
Belə qara günləri
Bağdad haçaq görmüşdü.

***

Təbrizin yolları oyum-oyumdur,
Yanıq dağdan qalxan duman olaydım!
Həsrət könüllərdə ümid olmasam,
Heç olmazsa zəif güman olaydım!

Rəsul Rza hər zaman misralarda yaşayacaq şairdir. O misralar ki, onlar heç vaxt qocalmayacaq, unudulmayacaq...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31