Muğam Mərkəzindən növbəti canlı efir Xalq artisti Arif Babayevə həsr olunub
18 May 2020 13:08 MədəniyyətBeynəlxalq Muğam Mərkəzindən birbaşa yayımlanan "Bizi birləşdirən mədəniyyət" layihəsinin növbəti buraxılışı ustad xanəndə, Xalq artisti, professor Arif Babayevin yaradıcılığına həsr olundu.
Olaylar.az bildirir ki, verilişdə yazıçı-dramaturq İlqar Fəhmi və Milli Konservatoriyanın prorektoru, professor Lalə Hüseynova xaənəndənin yaradıcılığından və muğam sənətinin inkişafına verdiyi töhfələrdən söz açıblar.
Vurğulanıb ki, sənətkar öz yaradıcılığında nəinki gözəl xanəndə kimi, həm də bir pedaqoq kimi geniş fəaliyyət göstərən muğam ustadıdır. Verilişdə "Şöhrət" və "İstiqlal" ordenli xanəndənin sənət yolu mərhələli şəkildə təhlil olunub.
Xanəndənin tələbələri Əməkdar artistlər Elnur Zeynalov, Sevinc Sarıyeva, xanəndə Gülay Zeynallı xanəndənin repertuarından muğam və təsniflər təqdim ediblər. İfaçıları Əməkdar artistlər Elçin Həşimov(tar), Elnur Əhmədov (kamança) , Kamran Kərimov (nağara) müşayiət edib.
Qeyd edək ki, "Bizi birləşdirən mədəniyyət" layihəsinin çəkilişləri BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM -nin "Facebook" səhifəsindən də təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən BMM-nin sosial şəbəkələrində izləyicilərə təqdim olunur.
.jpg)
.jpg)