"Qadın kimi qadın, kişi kimi kişi olun. Yox əgər heç birindən ola bilmirsizsə...."MİNTAC ELSEVƏRLƏ MÜSAHİBƏ- FOTOLAR-VİDEO

Mintac  ELSEVƏR: "Özündən həya edən insanın olsa-olsa mənəvi sərvəti ola bilər"

Mintac  ELSEVƏR! Tanıyanlar  tanıyır.Tanımayanlara  təqdim edək: Dünyanın  bütün  dərdini çiynində  daşıyan İNSAN, sevdiklərini  YANA-YANA  SEVƏN, onlar  uğrunda  ÖLÜMƏ  getməyə  hazır  bir DOST! Qəlbində,  Ruhunda  SEVGİDƏN başqa  heç  nə  olmayan QADIN! Bir  sətrində  MİN  MƏNA  gizlənən YAZAR! 

Bu  gün  100 yaşı  olur  Mintac Elsevərin. 100 yaşı!    Düz  100  idi  bu  dünyanı  sevir və  sevə- sevə  müdrikləşir!

HƏYAT  YOLU:

Mintac Əliyeva (Elsevər) 1975-ci il mayın 5-də  Qərbi Azərbaycanda doğulub.

 Əmək fəaliyyətinə "Ordu" qəzetində başlayıb (1990-1991-ci illər).

1991-1996-cı illərdə Azərbaycan Dövlət Televiziyasının "Xəbərlər" proqramında jurnalist kimi işləyib. Elə həmin televiziya kanalında "Kriminal Xronika" proqramının müəllifi və aparıcısı olub.

2000-2006-ci illərdə ANS Müstəqil Yayım və Media şirkətində  reportyor kimi çalışıb. "Cənnətdən qovulmuşlar" sənədli filminin müəllifi və aparıcısı olub.

2007-2014-cü illərdə Azərbaycan Dövlət Televiziyasında jurnalist, redaktor, Müəllif və Xüsusi Layihələr Departamentinin baş redaktor müavini vəzifələrində işləyib. Burada Azərbaycanın tanınmış və tarixi şəxsiyyətlərindən bəhs edən "Birincilər" və "Unudulmayanlar" telelayihələrinin müəllifi və aparıcısı olub. Layihə çərçivəsində 200-dən çox film çəkilib və efirdə yayımlanıb.

2016-2018-ci illərdə ARB Televiziyasında "Gəlin danışaq", "Düz bazar" və "Xalqın şairi" mədəni-sosial layihələrinin baş redaktoru kimi fəaliyyət göstərib.

Hazırda  MTV Azərbaycan kanalının baş redaktoru, Azərbaycan Televiziyasında yayımlanan Görüş yeri" layihəsinin rəhbəridir.

Mintac  Elsevər  karantin  günlərində  "Evdə qal, eyvana çıx" layihəsi ilə  darıxan  könüllərə həmdəm  oldu.

Olaylar.az Mintac Elsevərlə müsahibəni təqdim edir:

- Mintac xanım, söhbətimizə son günlərdən  başlayaq. Necə oldu ki, "Evdə qal, eyvana çıx" layihəsini hazırlamaq qərarına gəldiniz?

- Tamamilə təsadüfən. Hər kəsin darıxan vaxtına düşdük. Özüm darıxmağa öyrəşən, az işıqlı yerdə oturmağı sevən olsam da, əksəriyyətin daha çox işığa, açıq qapı-pəncərələrə vurğun olduğunu bilirəm. Təsəvvürümə gətirə bilirdim  yəni o insanların darıxmaq hissini. Adamlar darıxmasın, qapı-pəncərələrinə işıq dolsun, musiqilər könüllərini oxşasın, bir az da başlarını bizimlə qatsınlar istədik. Beləcə "Eyvana çıx"dıq...

- Musiqi həqiqətən də insanın gündəlik həyat tərzində ehtiyac duyulan, arzu edilən incəsənət növlərindən biridir. Sizcə bayağı musiqi ilə ruhunu qidalandıran toplumu qınamaq olarmı? Ümumiyyətlə incəsənətdə zövq müxtəlifliyini necə dəyərləndirmək lazımdır?

- Mənə görə elə suallar var ki, onların cavabı çox zaman açıq qalır. Əgər cavabdan sonra suallar yenə də davam edirsə deməli hər şey tam deyilməyib...  Ümumiyyətlə, incəsənətdən, mədəniyyətdən danışanda kifayət qədər ehtiyatlı olmaq lazımdı. Çünki bu, mənəviyyatla madiyyatın tandemindən yaranan nəsnədi. Yəni, azca da fikrimi sadələşdirsəm, sən mənəviyyatı təqdim edən material ortaya qoymaq istəyirsən amma bunun üçün maddiyyata ehtiyacın var... Və. Bu məqamda artıq istəklə istedad üst-üsta düşməyə bilər. Bəzən çoxlarının bilib-bilmədən ittihamlar səsləndirməsini zəruri edən də elə bu incə məqamdı. Bu məsələnin bir tərəfi. Digər tərəf. Maddi imkanlar və zövqlər... Yəni pulu olan birinin maddi imkanları qısıtlı ola bilər. Amma sən, zövqü kasad, bu sahədə bilgisi, intellekti olmayan birinə sən kino çəkmə, ya da musiqi bəstələmə, şeir yazma, rəsm çəkmə deyə də bilməzsən. Bu onun doğal haqqıdı. Zatən, bir adam özü öz yaratdığının əsl olmadığını anlamır, əksinə bəh-bəhlə təqdim edirsə deməli onun zövq anlayışı elə bura qədərdi. Adam bu qədər zövqlü ola bilir, bundan o yanasını sən istəsən də ona anlada bilməyəcəksən. Elə buna görə də hər kəs akademik musiqini dinləyə ya da klassik, ciddi filmlərə baxa bilməz. Baxsa, dinləsə yorulacaq, darılacaq. Amma. Bu artıq başqa bu məsələdir ki, hər şeyin öz yeri var. Yəni bütün bunların efir yolu. Hər kəsə bu yol açıq olmamalıdır. Mən əgər toydayamsa toy musiqisi dinləyib onun sədalarına da rəqs edə bilərəm. Efirdənsə əsl olan səsi gəlməlidi, əsl olan görülməlidi...   

- Mintac xanım, uzun illərdir ki, mətbuatda televiziyalardasız. Sənədli filmlər, layihələr hazırlayırsız. Azərbaycanda kino sənətinin bu günkü vəziyyəti haqqında nə düşünürsüz? Sizcə kommersiya məqsədilə çəkilən filmlərin Azərbaycanın kino tarixinə düşməsi ehtimalı nə qədərdir?

- Əslində elə ilk sualınıza verdiyim cavabı təxminən bu sualınıza şamil etmək olar. Azərbaycan kino tarixində elə filmlərimiz var ki, həqiqətən əsl şedevrlərdi. Onlara sadəcə film kimi də baxmaq olmur. Sənə elə gəlir ki, sən elə o filmin içindəsən. Böyük təəssüflə deyim ki, bu hissi yaşamaq çətindi. Təkrar edirəm, bunun müxtəlif obyektiv və subyektiv səbəbləri var. Düzü mən kino mütəxəssisi deyiləm, amma özümü yaxşı tamaşaçı hesab edə bilərəm. Hər halda adamı ekran qarşısında hayıl-mayıl edəcək, ruhuna, hissinə, ağlına təsir edəcək filmlərimiz yoxdur. Amma bir neçəsi xaric.  Əgər söhbət son bir neçə ildə çəkilən müasir filmlərimizdən gedirsə onlardan rejissor Ülviyyə Könülün "Həddən artıq uyğunluq", rejissor İlqar Nəcəfin "Nar bağı" və  Emil Quliyevin "İkinci pərdə" filmlərinin adını məmnuniyyətlə çəkirəm. Bilirsiz, kino əsasən real yaşantılarımızdan bəhs etsə də əslində həm də çox mistik bir sahədi.  Görünür cəmiyyətin ya da elə ümumən bəşəriyyətin özünün də mistikası azalıb...

- Sizcə, bu gün televiziyada tənqid etdiyimiz  verilişlər tamaşaçının nəbzi üstündə qurulub? Yoxsa tamaşaçılar bu proqramları manipulyasiya olaraq izləmək məcburiyyətində qalırlar...

- İyirmi beş ildir televiziyada çalışıram. İşçi kimi yox sırf televiziyaçı kimi cavab versəm yəqin ki, top atəşinə tutulacam. Düşünməyin ki, atəşdən qorxub susuram. Yox. Sadəcə nəticəsini dəyişə bilməyəcəyim nəsnələrlə bağlı danışmaq ya da nəyə cəhd etmək etmək yorucudu. Sukuta üstünlük verirəm... Mənzərə çox kədərlidir.

- Azərbaycan ədəbiyyatının son illərdə durumu haqqında nə deyə bilərsiz? Bu günkü Azərbaycan ədəbiyyatı ictimai-siyasi sferada bir xalq olaraq bizim düşüncəmizdə, dünya görüşümüzdə müsbət rol oynaya bilirmi?

- Sualınıza sualla cavab verim. Sizcə ədəbiyyat dünyanın bu günkü halına, hər hansı bir sferaya ya da insanların dünya görüşünə təsir edə bilərmi? Mənə görə yox... O heç buna borclu da deyil artıq. Çünki insanlıq cığırından çox kənarda gəzir. Bu faciə nə  vaxt başladı, şəxsən mən bilmirəm. Amma halımız o qədər əcaibdi ki, indiki halda ədəbiyyat çox gücsüz görünür.  Bu olsa-olsa öz yaşadıqlarının elə kitablardan oxumaq deməkdir. Bunun isə müsbət təsiri nə dərəcədə ola bilər ki? Əgər sən önündə düşmən yox, dost dediyini görürsənsə, yazdıqlarını namərdlər yox mərd bildiklərin silirsə... Burda ədəbiyyatın sənə həyan ola bilməz. Sadəcə ara-bir lirik poeziya nümunələri dinləyə bilərsən. Bu isə da pəncərələr bağlanana kimidir... 

- Sizcə dünyada özəlliklədə Azərbaycanda ən böyük toplumsal problem hansıdır? Ümumiyyətlə topluma hansı ismarıc göndərmək istərdiniz?

-  Qadın kimi qadın, kişi kimi kişi olun. Yox əgər heç birindən ola bilmirsizsə, sadəcə insan olun. Onu da bacarmırsızsa, Allah bizi biri-birimizdən qorusun... 

- Mintac xanım, müsahibələrinizin birində demisiniz ki,  ən yüksək zirvə, ən böyük sərvət insanın özündən həya etməsidir. Qanunla qadağan olunmayan elə nəsnələr var ki, onu sadəcə hər kəsin tərbiyəsi qadağan edir. Sizcə qadağan olunmayan nəsnələrlə münasibətdə insanın öz daxili xüsusiyyətləri ortaya çıxır?

- Özündən həya edən insanın olsa-olsa mənəvi sərvəti ola bilər. Amma bu sərvətlə yanaşı axı o sərvətə də ehtiyacı var insanın. İndi deyəcəksiz ki, sərvətinin olması üçün çox işləməlisən və sairə və ilaxır bu kimi artıq inanmadıqlarım... Bəlkə sadəcə çox ağıllı və hiyləgər olmaq lazımdı desəniz bunu qəbul edərəm. Filankəs ağıllıdır deyəndə onun daha çox savadlı ya da intellektli olmasından getmir söhbət. Ağıllı hiyləgər! Bax budur əsas məsələ! Bu sualınız birinci hissəsinə cavabım. Və. Həyadan kənar insan nəyə desən nail ola bilər. Qadağalar insanı elə qadağan olunanı etməyə məcbur edir deyə təxminən belə bir fikir var. Mənə görə kökündən yalnış yanaşmadı. Bəlkə də mən az romantik, ya da çox gerçəkçi biriyəm. Amma bəzən ən xırda səbəblər, ən bəsit məcburiyyətlər üzündən ən yaxınındakı sənə badalaq gəlir. Ya da əksinə. Balaca bildiyindən böyük ürək görürsən. Yəni qadağanın məsələyə dəxli yoxdu. Hər şey yerinə və zərurətə uyğun baş verir. Ən zəif tərəflərini ən dostundan da gizli saxla. Bir gün o da düşmən ola bilər. Şəxsən mən bunu etiraf edəcək qədər ağrıyıram...

- Sosial şəbəkələrdə fəalsınız. Uzun illərdir ki, mətbuatda olan bir insan kimi sosial şəbəkələrin, sosial medianın insanlara təsirini necə dəyərləndirirsiz?

- Artıq bu bizim ayrılmaz bir parçamızdı. Hər şey çox adiləşdi, bilirsiz. Dəyərlərin çəkisi azaldı. Sirlər, sehirlər pozuldu... Bu dünyadakılar sanki müasir olmaqla meşşanlığı səhv saldılar. Texniki tərəqqi yeniliklərlə yanaşı öz bəxtsiz qurbanlarının da məzarı oldu. Deyilməyən söz, eşidilməyən səs qalmadı. Halbuki bu inkişafdan daha gözəl istifadə etmək olardı. Heyif hələ ki, əksi görünür...

- Sizcə dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə və mövcud vəziyyətlə bağlı tətbiq edilən karantin insanlara nəyi öyrətdi?

- Heç nəyi. Bəlkə bir az kobudluq edirəm. Amma həqiqət çox bəsitdi. Əgər əksi baş versə sizinlə yenidən görüşüb söhbətləşərik. Və səhvimə görə üzr istəyərəm. İstər bəşəri istər də dar çərçivədə, fərq etməz. Bəzən gözümüzün qarşısında elə elə hadisələr baş verir ki, bizə elə gəlir bu bizə dərs olacaq. Amma olmur ki. İnsan yenə də öz havasındadı. Koronovirusdan da dəhşətli mesajlar almışıq bu günə qədər. Amma havamız dəyişməyib... Görünür görmədiklərimiz bunu görür... 

- Mintac xanım, gələcək yaradıcılıq fəaliyyətinizlə bağlı nə kimi planlarınız var?

- Plansız və konkret standartlarla yaşayan insan deyiləm. Elə yaradıcılığım da bu gündədi. Bu gün bir sətir, ya da bir misra yazaram, davamı günlər, ya da aylar sonra gələ bilər. Ya da işdən evə qədər birnəfəsə yaza bilərəm. Ümumiyyətlə isə hələ ki, daha çox seyrçi mövqedəyəm. Gündəlik televiziya fəaliyyətimdən başqa hər şey yarımçıqdır...

Nigar Orucova 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31