Dahi Azərbaycan şairi Nizami Gəncəvinin anım günüdür
12 Mart 2020 11:20 MədəniyyətDahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin anım günüdür.
Olaylar.az-ın məlumatına görə, N.Gəncəvi 1141-ci ildə Gəncə şəhərində anadan olub, bütün ömrü boyu orada yaşayıb-yaradıb. İbtidai təhsilini Gəncə mədrəsələrində alıb, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənib, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olub. Türk, ərəb və fars dillərini mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarixi və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Təqribən 1169-1170-ci illərdə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq ilə evlənib, 1174-cü ildə oğlu Məhəmməd dünyaya gəlib.
Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlayıb. Əsərlərindən məlum olur ki, şair böyük divan yaradıb, qəzəl və qəsidələr müəllifi kimi şöhrət qazanıb. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şeirlər yazıb, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şeirlərində ifadə edib. Lakin o, dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olub. Nizami əsərlərini fars dilində yazıb. O, türk dilində yazmamasını "Leyli və Məcnun" əsərində özünə qüsur tutub, sonra "Yeddi gözəl"də bu məsələyə bir daha toxunub.
Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi "Xəmsə" yaratmaq arzusunda olublar, amma bu, çox az şairə nəsib olub.
Nizami Gəncəvi 1209-cu ildə Gəncədə dünyasını dəyişib və burada torpağa tapşırılıb. Ölkədə dahi şairin yaradıcılığı həmişə dəyərləndirilib və tədqiq edilib, yubileyləri layiqincə qeyd olunub.