“Cəmilə” əsəri Akademik Musiqili Teatrda nümayiş olunacaq

“Cəmilə” əsəri Akademik Musiqili Teatrda nümayiş olunacaq

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun "Cəmilə" povesti əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanmışdır.

Olaylar.az bildirir ki, rejissor Anar Babalının quruluşunda gənc yazar Cavid Zeynallının səhnələşdirdiyi bu əsərin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

Ə.Lalayev bildirib ki, o, hələ ötən il Qırğızıstanın Oş şəhərində keçirilən VII Beynəlxalq "ART - ORDO-2019" Teatr Festivalı çərçivəsində TURKSOY-a üzv ölkələrin teatr direktorları şurasının toplantısında iştirak edərkən "Cəmilə" tamaşasının bəzi məqamları ilə bağlı qırğızıstanlı həmkarları ilə müzakirələr aparmış və bu əsərin Azərbaycan Dövlət Akademik Musiqili Teatrında uğurlu səhnə həlli tapacağı qənaətinə gəlmişdir.

Quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri - Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, musiqi tərtibatıçısı Atabəy İsmayılov, geyim üzrə rəssamı Yelena Almazova, rejissor assistenti Elməddin Dadaşov olan tamaşada rolları Əməkdar artistlər - Əzizağa Əzizov, İqrar Salamov, Almaz Ələsgərova, aktyorlar - Gülnarə Abdullayeva, Mehriban Zaliyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasiyev, Əmrah Dadaşov, Nicat Əli, Emin Zeynallı, Şaban Cəfərov, Hidayət Əliyev, Ruslan Mürsəlov, Zaur Əliyev və İbrahim Əlizadə ifa edəcəklər.

Balet və xor artistlərinin də iştirak edəcəyi səhnə əsərində qırğızların milli musiqi aləti - Qomuz vasitəsilə həmin xalqa məxsus etnik musiqilər səsləndiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31