Xalq artisti Polad Bülbüloğlu ilə görüş keçirildi

Xalq artisti Polad Bülbüloğlu ilə görüş keçirildi

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində görkəmli bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti Polad Bülbüloğlu ilə görüş keçirildi.

Olaylar.az bildirir ki, tədbiri Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq qonağı salamladı və bir gün əvvəl Heydər Əliyev Sarayında bəstəkarın 75 illiyinə həsr olunmuş konsertlə bağlı təəssüratlarını bölüşdü. O, yubiley tədbirinin yüksək səviyyədə keçdiyini diqqətə çatdıraraq bir daha iştirakçılar adından yubilyarı təbrik etdi.

Qara Qarayevin ev-muzeyinin rəhbəri Züleyxa Qarayeva-Bağırova çıxış edərək yubilyara doğma olan evdə onu salamlamaqdan məmnunluğunu ifadə etdi.

Xalq artisti Polad Bülbüloğlu müəllimi Qara Qarayevi və tələbəlik illərini yada saldı. Dahi bəstəkarın ev-muzeyinin fəaliyyətini yüksək dəyərləndirdi. Gənclik illəri ilə bağlı xatirələrini bölüşən Polad Bülbüloğlu dahi müəlliminin onu mahnı yazmaqdan necə çəkindirməyə çalışdığını xoş xatirə kimi yada saldı. Bildirdi ki, Qara Qarayev yaradıcılığı gənc nəsillər üçün böyük məktəbdir.

Görüşün bədii hissəsində Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova, beynəlxalq müsabiqələr laureatları Fəxri Kazım Nicat, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Taleh Yəhyayev, Mahir Tağızadə və F.Əmirov adına İncəsənət məktəbinin şagirdi Rafiz İbrahimovun ifalarında Polad Bülbüloğlunun əsərlərindən ibarət konsert proqramı təqdim olundu.

Görüşdə Polad Bülbüloğlunun ailə üzvləri, eləcə də yubiley tədbiri ilə əlaqədar Bakıda qonaq olan SSRİ və Tacikistanın Xalq artisti Jurabek Muradov, Gürcüstanın keçmiş Mədəniyyət naziri Valeri Asatiani iştirak edirdi.

Tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyaları əsasında hazırlanmış Polad Bülbüloğlunun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş edildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31