İsveçrənin səfiri Beynəlxalq Muğam Mərkəzində
İsveçrənin səfiri Beynəlxalq Muğam Mərkəzində
10 Fevral 2020 14:20 Mədəniyyətİsveçrə Konfederasiyasının Azərbaycana və Türkmənistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre Beynəlxalq Muğam Mərkəzini ziyarət edib. Olaylar.az bildirir ki, səfir BMM-nin direktoru, Xalq artisti Murad Hüseynovla görüşüb.
Direktor qonağı səmimi qəbul edərək BMM-nin fəaliyyəti və yaranma tarixi barədə məlumatı diqqətə çatdırıb. Bildirib ki, Heydər Əliyev Fondu tərəfindən milli mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilmiş layihələr arasında YUNESKO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin şah əsərləri Siyahısına daxil edilmiş Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə Beynəlxalq Muğam Mərkəzinin yaradılması önəmli yer tutur. Beynəlxalq Muğam Mərkəzində gənc ifaçılar Azərbaycan musiqi mədəniyyətinin mühüm qismini təşkil edən muğam sənətinin incəliklərinə yiyələnirlər. Mərkəzdə görkəmli muğam ustalarının konsertləri, muğam gecələri, beynəlxalq konfrans və festivallar təşkil olunur. Direktor həmçinin musiqinin müxtəlif sahələrində birgə əməkdaşlığın perspektivlərindən söz açıb
Beynəlxalq Muğam Mərkəzi ilə yaxından tanış olan səfir xanım əməkdaşlıq, həmçinin həyata keçirilə biləcək layihələr ilə bağlı fikirlərini bölüşüb. BMM ilə İsveçrə musiqi kollektivləri arasında qarşılıqlı olaraq etnik musiqinin təbliği və birgə fəaliyyət istiqaməti mövzusuna toxunan səfir əməkdaşlıq çərçivəsində milli mədəni irs nümunələrini təbliğ edən sərgi, tədqiqat və konsert layihələrin keçirilməsinin zəruriliyini vurğulayıb. Səfir xanım həmçinin BMM -nin solistləri olan gənc xanəndlirin ifasından ibarət konsert proqramını izləyib, Azərbaycan muğam sənəti haqqında dolğun məlumat əldə edib.

