"Eşq və Ölüm" baleti nümayiş olunacaq

"Eşq və Ölüm" baleti nümayiş olunacaq

Fevralın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Xalq Artisti, professor, diplomat, görkəmli ictimai xadim Polad Bülbüloğlunun 75 illik yubileyi münasibətilə bəstəkarın "Eşq və Ölüm" baletinin tamaşası keçiriləcəkdir.

Olaylar.az bildirir ki, balet ilk dəfə Azərbaycan Dövlət Opera və Balet Teatrında 2005-ci ildə Vyana Balet akademiyasının professoru Vakil Usmanov tərəfindən səhnəyə qoyulmuşdur. "Kitabi Dədə Qorqud" eposunun motivləri əsasında qələmə alınan balet əbədi məhəbbəti tərənnüm edir, qəhrəmanların şücaət və igidliyi qarşısında ölümün gücsüz olduğunu nümayiş etdirir. Bakıda çox böyük uğurla baş tutan premyera tamaşasından sonra balet elə həmin ildə Moskvada - Rusiya Akademik Böyük Teatrı və Sankt-Peterburqun Mariinski adına Teatrının səhnəsində nümayiş olunmuşdu.

2015-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında rusiyalı xoreoqraf Nadejda Malıgina "Eşq və Ölüm" baletini yeni quruluşda səhnəyə qoymuşdu. Bu quruluş Polad Bülbüloğlunun 70 illik yubileyi günlərində nümayiş olunmuşdu. Fevralın 6-da tamaşaçılar məhz N.Malıginanın quruluşunu izləyəcəklər. Tamaşanı Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcəkdir.

Balet tamaşasında əsas partiyaları Əməkdar artistlər Cəmilə Kərimova, Makar Ferştandt, Samir Səmədov, Xalq artisti Gülağası Mirzəyev, solistlər Timur Oduşev, Ayan Eyvazova və b. ifa edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31