Azər Paşa Nemətov Gürcü Milli Teatr Günündə ölkəmizi təmsil edib

Azər Paşa Nemətov Gürcü Milli Teatr Günündə ölkəmizi təmsil edib

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Gürcüstanın Milli Teatr Günü və Qax Dövlət Gürcü Dram Teatrının 40 illik yubileyi münasibəti ilə qonşu ölkədə səfərdə olub. Tədbirlə bağlı təəssüratlarını bildirən Azər Paşa Nemətov deyib ki, Qax Dövlət Gürcü Dram Teatrı Gürcüstandan kənarda olan yeganə teatrdır:

"Teatrın 40 illik yubileyinin qeyd olunması Gürcü Teatr Günü çərçivəsində təşkil olunmuşdu. Bu yubiley bizim üçün xüsusi əhəmiyyət kəsb edir və tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu. Mərasimdə Gürcüstan Prezidentinin adından məktub oxundu, Təhsil, Elm, Mədəniyyət və İdman naziri teatr truppasının üzvlərini yubiley münasibətilə təbrik etdi, onlara peşəkar fəaliyyətlərində uğurlar arzuladı. Səfərdə gürcü teatrının ən müqtədir sənətkarları ilə, o cümlədən, böyük teatr rejissoru Robert Sturua ilə görüşdüm, birgə yaradıcı əlaqələrlə bağlı çox faydalı müzakirələr apardıq. Eyni zamanda yubiley mərasimində çıxış etdim, teatr ictimaiyyəti adından təbrikimizi çatdırdım. Bildirdim ki, iki dost ölkənin bütün sahələrdə, o cümlədən, mədəniyyət sahəsində çox uğurlu əlaqələri var, əminəm ki, əlaqələr bundan sonra daha da inkişaf edəcək".

Xalq artisti Azər Paşa Nemətov əlavə edib ki, hazırda mədəniyyət sahəsinin tərkib hissəsi kimi Gürcüstan və Azərbaycan arasında teatr əlaqələri də intensiv şəkildə davam edir.

Qeyd edək ki, 1981-ci ildə Qax rayonunun Əlibəyli kənd Mədəniyyət evində gürcü dram dərnəyi yaradılıb. Kollektiv 1985-ci il mayın 31-də Xalq teatrı adını alıb.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli Sərəncamı və Nazirlər Kabinetinin 2005-ci il 22 fevral tarixli qərarı ilə teatra dövlət statusu verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31