Əbülfəs Qarayev Xalq artistini mükafatlandırıb
Əbülfəs Qarayev Xalq artistini mükafatlandırıb
30 Dekabr 2019 14:22 MədəniyyətRespublikanın Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tanınmış aktrisası, Xalq artisti Fatma Mahmudovanı teatr sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyəti və 65 illik yubileyi münasibəti ilə mükafatlandırıb.
Olaylar.az bildirir ki, Akademik Musiqili Teatrda F.Mahmudovanın şərəfinə təşkil olunan səmimi toplantıda teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Mədəniyyət nazirinin "31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi" və Yeni il Bayramı ərəfəsində sevilən aktrisaya ünvanladığı təbrikləri çatdırıb və imzaladığı "Fəxri Fərmanı" ona təqdim edib.
Təqdimat mərasimində aktrisanın illərlə eyni səhnəni bölüşdüyü sənət dostları, Respublikanın Əməkdar artistləri - Çingiz Əhmədov, Əkbər Əlizadə, Nahidə Orucova və başqaları da çıxış edərək Xalq artistinə xoş və səmimi təbriklərini bildiriblər.
Fatma Mahmudova ona göstərilən xüsusi diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə və Akademik Musiqili Teatrın rəhbərliyinə minnətdarlığını bildirib. Və qeyd edib ki, onun üçün qürurverici bir hadisədir ki, Mədəniyyət naziri şəxsən zəng vuraraq Fatma xanımı bu şad günündə təbrik edib və ona xoş arzularını bildirib.