Qarabağ həsrətli sənətçi haqqında hekayə Özbəkistanda yayınlanıb
Qarabağ həsrətli sənətçi haqqında hekayə Özbəkistanda yayınlanıb
26 Dekabr 2019 11:56 MədəniyyətƏkbər Qoşalının yazdığı "HƏSRƏTOĞLU (və ya UÇAN TABUT)" hekayəsi qardaş Özbəkistanın nüfuzlu "Kitab Dünyası" qəzetində çap edilib. Hekayəni özbəkcəyə istedadlı özbək gənc yazarı Rəhmət Babacan çevirib.
Çoxtirajlı özbək qəzetində çap edilmiş və qəzetin sosial media hesablarında yayınlanmış hekayədə Qarabağdan məcburi köçkün bir soydaşımızın duyğu, düşüncəsi, fikir və hərəkətləri təsvir edilir. Cavan ömrünün eniş-yoxuşlarında özünəməxsus xarakterik özəlliklər qazanmış sənətçi soydaşımız keşməkeşli həyatının sonuna gəlincə, oxucu daha dramatik ovqata köklənir: paytaxt Bakının "Qaçqınlar qəbristanlığı"nda qəbir qazanlar, tabutun ora gətirilmədiyini, sanki hamının bir-birindən xəbərsiz bağlı olduğu vahid iradə sayəsində paytaxtdan uzaqlara - üzü Qarabağa yol adlığını fərq edir... Müəyyən vaxtdan sonra isə... ölən sənətçi özü öz tabutunu daşıyır sanki... sanki tabut qanad açır... Beləliklə, öz adı "unudulmuş", yeni tanışlarının sadəcə "Həsrətoğlu" deyə çağırdığı məcburi köçkün sənətçi, doğulduğu və uzun illər həsrətini çəkməkdən dərd tapdığı el-obaya qovuşmağa "gedir"... Hekayə bu sözlərlə bitir: "...Tabutdan xeyli arxada bir fəryad yüksəlirdi: "Tanrım, canını aldığın bir bəndən özü özünü Qarabağa aparır, onun yolunu özün aç, qəbrini özün qaz, bizi də özün bağışla"..."
Bu yarıyuxu, yarıgerçək ovqatlı hekayədə, acı həsrət və böyük istəyin toqquşması, üz-üzə gəlməsi, belə demək mümkünsə, universallaşması təzahür edir, bədii cəhətdən təcalla tapır.
Onu da eyək ki, 2001-ci ilin dekabrından bəri davamlı gün üzü görən "Kitab Dünyası" qəzetinin yönü "mənəvi-maarif, ədəbi-bədii, ictimai-siyası qəzet" olaraq təyin edilib. Özbəkistan dövlət başçısı Şövkət Mirziyayevin "Kitabsız gələcək yoxdur" sözünü özünə şüar seçən qəzet, (şüarından və adından da göründüyü kimi) kitab təbliğatına, ümumən ədəbiyyat və sənətə geniş yer verir. Qəzetin baş redaktoru tanınmış özbək ədibi Xasiyyət Rüstəmdir.