Prezident təqaüdçüsü solo konsert ilə çıxış etdi - Musiqili Teatrda

Prezident təqaüdçüsü solo konsert ilə çıxış etdi - Musiqili Teatrda

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının möhtəşəm səhnəsində teatrın orkestr artisti, respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılan Atabəy İsmayılovun solo konserti keçirilib.

Olaylar.az bildirir ki, tamaşaçılar tərəfindən maraqla qarşılanan konserti teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev açaraq, ötən mövsümün "Ən yaxşı musiqiçisi" nominasiyasının mükafatçısı, 5 müxtəlif musiqi alətində - tar, fortepiano, bass gitara, violonçel və kontrabasda mükəmməl ifa bacarığı olan gənc istedad - Atabəy İsmayılov barədə musiqisevərlərə ətraflı məlumat verib.

Akademik Musiqili Teatrın simfonik orkestrinin baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin dirijorluğu ilə keçən konsertdə Atabəy İsmayılov özünün müəllifi olduğu kompozisiyalarla yanaşı, "Gecə keçdi", "Yollar", "Səninəm", "Çahargah rapsodiyası", "Hardasan", "Autumn leaves", "Oblivion", "1001 gecə" baletindən "Şəhrizadın bayramı" musiqi parçalarını səsələndirib. Onunla birlikdə səhnədə Akademik Musiqili Teatrın solisti, beynəlxalq müsabiqələr laureatı Aydan Həsənova, Əməkdar artistlər - Toğrul Əsədullayev, İsgəndər Ələsgərov, musiqiçilər - Abbas Səfərov, beynəlxalq müsabiqələr laureatları - Pərviz Məmmədov, İlqar Baxşıyev, Ramin Pələngov, Vəfadar Ramiz, Bülbül adına orta ixtisas məktəbinin 9-cu sinif şagirdi Ülkər İsmayılova da çıxış ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31