Azərbaycanda UNESKO klublarının təqdimatı olub
Azərbaycanda UNESKO klublarının təqdimatı olub
24 Dekabr 2019 12:38 MədəniyyətAzərbaycan Respublikasının Prezidenti yanında UNESKO üzrə Milli Komissiyanın dəstəyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə Akademiyada Azərbaycanda ilk UNESKO klublarının təqdimat mərasimi keçirilib.
Olaylar.az bildirir ki, təqdimat mərasimində Akademiyanın rektoru akademik Urxan Ələkbərov, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini Vasif Eyvazzadə, Azərbaycan UNESKO klublarının koordinatoru Cahangir Hacıyev, eyni zamanda, müxtəlif təhsil ocaqlarının müəllim və tələbələri iştirak ediblər.
Rektor U.Ələkbərov Azərbaycan-UNESKO münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın misilsiz xidmətlərini vurğulayıb. O, klubların Azərbaycanın UNESKO ilə əməkdaşlığına əlavə töhfə verəcəyinə əminliyini bildirib.
Tədbirdə Milli Komissiyanın baş katibi E.Sultanov çıxış edərək UNESKO klublarının yaradılmasının Milli Komissiyanın 25 illiyinə təsadüf etdiyini diqqətə çatdırıb.
Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini Vasif Eyvazzadə mədəniyyət sahəsində, xüsusən də maddi və qeyri-maddi irsin qorunması sahəsində Azərbaycan-UNESKO əməkdaşlığından bəhs edib və klubların yaradılmasının əhəmiyyətini vurğulayıb.
Azərbaycan-UNESKO klublarının koordinatoru Cahangir Hacıyev təqdimatla çıxış edərək, klubların yaranması haqqında tədbir iştirakçılarına məlumat verib və onların fəaliyyət istiqamətləri barədə danışıb.