Əhsən Dadaşovun ömür yolundan bəhs edən kitab təqdim edildi

Əhsən Dadaşovun ömür yolundan bəhs edən kitab təqdim edildi

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi ilə çap olunan, tanınmış tarzən Əhsən Dadaşovun həyat və yaradıcılığından bəhs edən "Əhsən sənə, Əhsən!" kitabının təqdimatı olub.

Olaylar.az bildirir ki, yazıçı-jurnalist Rafiq Hacıyevin müəllifi olduğu kitabın bədii obrazlı dili ustad tarzənin əhatəsində olduğu mədəni mühiti və şəxsləri real surətdə nəzərə çarpdırmaqla bərabər, Ə.Dadaşovun zəngin yaradıcılıq yolunu və geniş daxili aləmini oxucuya təqdim edir.

Tədbirin aparıcısı, Əməkdar incəsənət xadimi İlham Rəhimli Əhsən Dadaşovun həyat yoluna nəzər salıb, yaradıcılığından söhbət açıb. Bildirib ki, tarzənin çalğısı insan ruhunu oxşayaraq onu öz sehrinə salır.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bildirib ki, Əhsən Dadaşov yaşasaydı, bu gün onun 95 yaşı tamam olardı.

Tədbirin bədii hissəsində Xalq artistləri Teyyub Aslanov, Mircavad Cəfərov, Əməkdar artistlər Nuriyyə Hüseynova, Şəhriyar İmanov çıxış ediblər. Milli Konservatoriyanın tərkibində fəaliyyət göstərən "Əhsən" xalq çalğı alətləri ansamblının müşayiəti ilə Xalq artisti Şəfiqə Eyvazova və Mehri Əsədullayevanın ifaları dinlənilib.

Sonda mərhum tarzənin qızı Xanım Məhərrəmova çıxış edərək tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31