Qədir Rüstəmov "Unudulmayanlar" layihəsində yad edildi

Qədir Rüstəmov "Unudulmayanlar" layihəsində yad edildi

BMM-də  "Unudulmayanlar" layihəsi çərçivəsində Xalq artisti, xanəndə Qədir Rüstəmovun xatirəsi yad edildi.
Olaylar.az bildirir ki, gecə xanəndənin ifasında "Sona bülbüllər" mahnısının videoyazısı ilə başlandı.
Tədbirin aparıcısı , tədqiqatçı -alim Gülhüseyn Kazımlı xanəndənin həyat və yaradıcılığından söz açaraq bildirdi ki, xanəndəyə Azərbaycanın görkəmli şairləri 300-dən artıq şeir həsr ediblər. Xalq şairi Bəxtiyar Bahabzadənin yazdığı şeirdən nümunə söyləyən aparıcı çıxışı zamanı vurğuladı ki, Qədir Rüstəmov təkcə adi vətəndaşların , muğam sevənlərin sevimli xanəndəsi deyildi, vaxtilə dövrün böyük sənət adamları onun haqqında çox dəyərli fikirlər söyləmişlər. Bu dəyərli fikirlərin ən yüksəkdə olanlarından biri də Ulu öndər Heydər Əliyevə məxsusdur. Vaxtilə ulu öndər Qədir sənəti haqqında demişdir.

Gecədə yazıçı Aqil Abbas, Xalq artisti Ramiz Quliyev, şairlər Ramiz Məmmədzadə, Yusif Savalan Qədir Rüstəmovla bağlı xatirələrini bölüşdülər.  Ramiz Quliyev  unudulmaz xanəndə ilə birgə Xalq yazıçısı Anarın müəllifi və rejissoru olduğu "Üzeyir ömrü və ya Uzun ömrün akkordları " filminə çəkilişlərlə bağlı xatirələrini bölüşdü.

Gecədə Əməkdar artistlər Sevinc Sarıyeva, İlkin Əhmədov, Cabir Abdullayev, Firuz Səxavət, xanəndələr Əlyar Məmmədov, Ağakərim Nafiz Qədir rüstəmov repertuarından olan muğam və xalq mahnıları təqdim etdilər. İfaçıları Rövşən Qurbanovun rəhbərliyi ilə "Buta" instrumental ansamblı müşayiət edirdi.
Tədbirin sonunda ailə üzvləri adından Qədir Rüstəmovun oğlu Mehdi Rüstəmov çıxış edərək atasının sənətinə dövlətimizin hər zaman diqqətini qeyd edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31