Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur

Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur

BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı və Yaponiya Hökumətinin birgə təşkilatçılığı ilə Yaponiyanın Kyoto şəhərində "Gələcək nəsillərə yatırım" mövzusunda  4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransı keçirilir.

Olaylar.az bildirir ki, konfransın məqsədi turizm və mədəniyyət sektorları arasında birgə əməkdaşlığın inkişaf etdirilməsi və ortaq mədəni irsin qorunması üçün dövlət-özəl sektor tərəfdaşlığının artırılması yollarının araşdırılmasıdır. Konfransda Mədəniyyət Nazirliyini Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə təmsil edir.

Konfransın açılış mərasimində UNESKO-nun baş direktorunun müavini Xinq Qu, BMÜTT-nin icraçı direktoru Manuel Butler, Yaponiya şahzadəsi Akiko Mikasa və Yaponiyanın torpaq, infrastruktur, nəqliyyat və turizm üzrə nazir müavini Hirofumi Kado çıxış etmişdir.

Çıxışlar zamanı müasir dövrdə mədəniyyətin və mədəni irsin rolu, həmçinin turizm məqsədilə səyahət edən insanların mədəniyyət məkanlarını ziyarət etməsi və mədəniyyət məhsullarından istifadə etməsi ilə bağlı birgə proqramların həyata keçirilməsi mövzularında fikirlər səsləndirilmişdir.

Konfrans çərçivəsində keçirilən sessiyalarda BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi ilə bağlı məsələlər, eləcə də yaradıcı sənayelərin rolu və inkişaf etdirilməsi, səhayət edən insanlar üçün ölkələrin yaradıcı sənaye və mədəni irs məhsullarının zənginləşdirilməsi mövzuları müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, müasir dövrdə mədəni turizm bu prosesdə əsas rol oynayır.

Səfər çərçivəsində Vasif Eyvazzadə UNESKO-nun baş direktorunun müavini Xinq Qu, təşkilatın sabiq baş direktoru Koiçiro Matsuura və bir sıra ölkələrin nümayəndələri ilə Azərbaycanda mədəniyyət və mədəni irs, həmçinin yaradıcı sənayelər sahələrində həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31