III Eksperimental Teatr Festivalı başa çatıb

III Eksperimental Teatr Festivalı başa çatıb

Azərbaycan Teatr Xadimləri İttifaqında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan "2+1" III Eksperimental Teatr Festivalının bağlanış mərasimi olub.

Tolaylar.az bildirir ki, tədbirdə Xalq artisti Hacı İsmayılov çıxış edərək festival barədə məlumat verib. Bildirib ki, Abbas Mirzə Şərifzadə adına Aktyor Evində baş tutan festival doqquz gün davam edib və bu günlər ərzində bir-birindən maraqlı 18 tamaşa oynanılıb.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov bildirib ki, ölkəmizdə belə festivalı keçirməklə bir addım irəli getmiş oluruq.

Ötən əsrin 90-cı illərinin Azərbaycan teatrı üçün çətin bir dövrün olduğunu deyən A.Nemətov deyib ki, Azərbaycan Teatr Xadimləri İttifaqı o vaxtlar teatrlara böyük dəstək olub, onları tənəzzülə uğramaqdan qoruyub.

Sonra Gəncə Dövlət Kukla Teatrı "Düyməcik", Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti "Boksçu", Ağdam Dövlət Dram Teatrı "Kimdir müqəssir", Qusar Dövlət Ləzgi Dram Teatrı "Üç gün, üç gecə", Bakı Uşaq Teatrı "Ballı" tamaşalarına görə fəxri diplomlarla təltif olunub.

Qeyd edək ki, diplom alanlar sırasında özəl teatrlar da olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31