Cizgi filmi və 6 informasiya bülleteninin surdotərcümə formatında təqdimat mərasimi keçirildi

Cizgi filmi və 6 informasiya bülleteninin surdotərcümə formatında təqdimat mərasimi keçirildi

Nizami Kino Mərkəzində "Yalançı çoban" cizgi filminin və vətənpərvərlik mövzusunda 6 informasiya bülleteninin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində hazırlanmış surdotərcümə versiyalarının təqdimatı keçirilib.

Olaylar.az bildirir ki, təqdimat mərasimində hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, eşitmə və nitq qabiliyyəti məhdud uşaqlar iştirak ediblər.

Tədbirin açılışında çıxış edən layihə rəhbəri Cəsarət Hüseynzadə cizgi filmi və informasiya bülletenlərinin surdotərcümə versiyalarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "Şəmsi Əsədullayev" Xeyriyyə İctimai Birliyinin əməkdaşlığı çərçivəsində hazırlandığını qeyd edib. Bundan əvvəl "Bir qalanın sirri" və "Nəsimi" filmlərinin surdotərcümə versiyalarının təqdimatları keçirilib. Layihə rəhbəri eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün "Yalançı çoban" cizgi filminin, "Aprel döyüşləri", "Qarabağ dərdimiz", "Azərbaycanın Milli Qəhrəmanları", "Mübariz İbrahimov", "Xocalı soyqırımı", "Din nədir" mövzularında informasiya bülletenlərinin surdotərcümə formatında təqdimat mərasimlərinin də keçirildiyini qeyd edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvləri Akif Kərimov, Məmmədhəsən Həsənov, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri Cəmilə Abdulova, Azərbaycan Respublikasının Qarabağ Əlilləri və Veteranları İB-nin sədri Növrəstə Yusifova və başqaları çıxış edərək eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunmasında, onların informasiyaya əlçatanlığının təminatında belə layihələrin böyük rol oynadığını bildiriblər.

Layihə çərçivəsində hazırlanan cizgi filminin və vətənpərvərlik mövzularında olan informasiya bülletenlərinin surdotərcümə versiyaları təqdim edilib.

Tədbirdən sonra filmi seyr edən eşitmə və nitq imkanları məhdud uşaqlar axşam yeməyinə dəvət olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31