Səadət Şıxıyevadan Nəsimi ilinə böyük töhfə - “Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər”

Dekabrın 9-da Azərbaycan- Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzində AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent, Nəsimişünas alim Səadət Şıxıyevanın  “Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər” kitabının təqdimatı keçirildi. Olaylar.az bildirir ki, kitab Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Mirzə İbrahimov adına Kitab Fondu” İctimai Birliyinin “Nəsimi yaradıcılığının elmi –nəzəri tətqiqi” layihəsi əsasında çap olunub.

Dekabrın 9-da Azərbaycan- Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzində AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent, Nəsimişünas alim Səadət Şıxıyevanın  "Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər" kitabının təqdimatı keçirildi.

Olaylar.az bildirir ki, kitab Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və "Mirzə İbrahimov adına Kitab Fondu" İctimai Birliyinin "Nəsimi yaradıcılığının elmi-nəzəri tədqiqi" layihəsi əsasında çap olunub.

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri və kitabın elmi redaktoru Esmira Fuad bildirdi ki, Azərbaycan və Türk dünyasında Nəsimişünaslıq elminə öz töhfəsini vermiş Şəadət Şıxıyevanın bu kitabı uzun illər zəhmətinin məhsuludur: "Səadət xanım ömrünü Nəsimiyə həsr edən, hər sözün üstündə əsən dəyərli araşdırıcıdır. Nəsimi ilində görülən ən böyük işlərdən biri dünya şöhrətli ifaçı  Sami Yusifin Nəsiminin "Sığmazam" qəzəli əsasında hazırladığı kompozisiyası və bir də  Səadət xanımın bu kitabıdır. Fikrimcə, Səadət xanım Nəsiminin mənəvi varisidir.

Səadət xanımın sözə, Nəsimi irsinə olan böyük dəyərinin sayəsində biz bu kitabı 4 ildir ki, gözləyirdik. Səadət xanım hər bir məqaləsində, araşdırmasında sözə çox böyük həssaslıqla yanaşır. Dünya standartlarına cavab verən bu cür kitabın ərsəyə gəlməsinə görə gözəl naşir, alimlərin sədaqətli dostu, professor Nadir Məmmədliyə təşəkkürümü bildirirəm."

Esmira Fuad qeyd etdi ki, Nəsimini ilk olaraq məhz "Nəsimi" filmi ilə sevmişdiksə, bu gün Nəsimini məhz Səadət xanımın apardığı araşdırmaları sayəsində yenidən sevdik.

Azərbaycan-Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin rəhbəri Toğrul Allahverdiyev yeni yaradılan mədəniyyət mərkəzi haqqında məlumat verərək bildirdi ki, mərkəz yaxın günlərdə Nəsimi ili ilə bağlı "Nəsimi-650" adlı yeni kitab dərc edib.

Orta əsrlər ədəbiyyatının bilicisi Nəzakət Məmmədli bildirdi ki, bu gün Nəsimisevərlərin bayramıdır: "Səadət Şıxıyevanın Nəsimi irsi ilə bağlı araşdırmaları, əziyyətləri əvəzsizdir. Bu kitabda zəhmətdən əlavə sevgi və sistemli araşdırmalar yer alıb. Bu il Nəsimi haqqında çox kitab dərc olunsa da, bu kitabda Nəsimi hərtərəfli verilib."

Nəzakət xanım daha sonra əlavə etdi ki, Səadət xanım Nəsiminin fars və türk dillərində yazılan əsərlərini müqayisəli araşdırıb: "Nəsimi illərlə ateist kimi təbliğ olunsa da, bu kitab son illər Nəsimi haqqında yazılan yanlış məlumatlara bir daha aydınlıq gətirəcək. Kitab Nəsimi irsindən bəhs edən azsaylı dəyərli kitablardan biridir. Səadət xanım hər araşdırmasında ilkin mənbələri axtarıb tapıb, onlar üzərində çalışıb".

Təqdimatda iştirak edən filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayeva qeyd etdi ki,  bizim qısqanclıqla dolu ədəbi mühitimizdə bu kitabın dərc olunması böyük  uğurdur:

"Nəsimi ilə bağlı iki böyük məqaləmdə Nəsiminin orta məktəblərdə yanlış təbliğindən yazmışdım. Təsadüfən Səadət xanımın Nəsimi haqqında məqalələrini oxudum və öz yazımda Səadət xanımın  yazısını qabartmaqda yanılmadığımı gördüm. Səadət xanım fədakarlıqla elmi araşdırma aparan dəyərli ziyalımızdır. Nəsimi ilində Səadət xanım böyük sarsıntı keçirdi. Bayağı musiqidən tutmuş Nəsimi ilə heç bir əlaqəsi olmayanların kitablarının dərc olunmasına qədər çox ağrılı bir durum yaranmışdı. Bu il Nəsimi ili ilə əlaqədar keçirilən kitab yarmarkasında Səadət xanımın adı çəkilmədi. Təəssüf ki, bu elmi mühitin qısqanclığının "məhsuludur". Səadət xanım kimi tədqiqatçıların köməyə ehtiyacı yoxdur, Səadət xanımın layiqli oxuculara ehtiyacı var. Səadət Şıxıyeva imzası mənim üçün çox dəyərli və güvənli imzadır."

Filologiya elmləri doktoru Ataəmi Mirzəyev qeyd etdi ki, Nəsimi ilində ən böyük təşəkkür Səadət xanıma düşür: "Səadət xanım özünəməxsus tədqiqatçıdır. O hər sözünün üstündə əsir. Nəsimi ilinin son günlərinin bu cür dəyərli kitabla bitməsi gözəl təsadüfdür."

Yazıçı Kənan Hacı bildirdi ki, bu kitab uzun illərin tədqiqatının məhsuludur.

Sonda çıxış edən Səadət xanım Şıxıyeva təqdimatda iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi: "Kitab Esmira Fuad və Nadir Məmmədlinin sayəsində dərc olundu. Kitabın ilkin variantı mənim diplom işim, daha sonrakı variantı namizədlik dissertasiyamdir. Bu kitabı böyük sevgi ilə yazdım. Kitab hazırlanan zaman texniki problemlərlə üzləşməmə baxmayaraq, sonda  yekunlaşdı və yayımlandı."

Qeyd edək ki, kitabda Nəsiminin poetik irsinin tədqiqi tarixinə nəzər salınır. Bu kontekstdə Nəsimişünaslıqda mövcud olan mübahisəli məsələlərə münasibət bildirilir, şairin irfani düşüncəsinin ifadəçiləri olan başlıca məcaz və motivlər araşdırılır. Onun söz sənətindəki yerini göstərən və bədii təxəyyülünün imkanlarını açıqlayan poetik fiqurlar ənənə və fərdiyyət kontekstində dəyərləndirilib.

Kitab mütəxəssislər, ali məktəb müəllimləri və tələbələri və ümumiyyətlə, Nəsimi irsini sevənlər üçün nəzərdə tutulub.

Nigar Adil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31