“Bölgə” teatr truppası fəaliyyət sahəsini genişləndirir

“Bölgə” teatr truppası fəaliyyət sahəsini genişləndirir

Kürdəmir rayonunda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət Üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi "Bölgə" teatr truppasının gənc mədəniyyət işçiləri ilə növbəti regional görüşü təşkil edib. Kürdəmir və ətraf rayonlarda fəaliyyət göstərən 100-dən çox gənc mədəniyyət işçilərin iştirakı və Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilmiş görüş şəhərin Heydər Əliyev Mərkəzində baş tutub.

Olaylar.az bildirir ki, tədbirdə Mərkəzin əməkdaşları Hüseyn Məmmədovun truppanın yaranması, mahiyəti və qarşısında qoyulan prioritetlər haqqında, Rəfiqə Nəsirovanın Azərbaycan teatrının tarixi, keçdiyi yol, eləcə də interaktiv səhnəciklər haqqında çıxışları dinlənilmişdir. Çıxış edənlər qeyd ediblər ki, teatr truppasının yaradılmasında başlıca məqsəd mərkəzin fəaliyyət istiqamətlərini genişləndirməklə teatr sahəsi üzrə də uğurlara imza atmaqdır.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Xəyyam Məlikov öz çıxışında qeyd etdi ki, teatr gənclərin ruhuna dərindən nüfuz etmiş bir aləmdir. Görüşdə Beyləqan Mədəniyyət Mərkəzinin "Gənclik" xalq teatrının bədii rəhbəri Rəqsanə Babayeva cıxış edərək vurğuladı ki, teatr dünyanın ən unikal sənət sahələrindən biridir və bu gün teatr sənətinə maraq göstərən insanların sayı minlərlədir.

Görüş çərçivəsində "Məzuniyyət" adlı tamaşa aprel hadisələrinə həsr olunmuş tamaşanın yeni səhnələri numayiş etdirilib. Həvəskar aktyorların səhnədə canlandırdıqları ailə faciəsi və övladının yoxluğu ilə barışa bilməyən ananın fəryadı tamaşaçıları qəhərə qərq etmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31