Nazir Əbülfəs Qarayev Bəhreyn Krallığının nümayəndə heyətini qəbul edib

Nazir Əbülfəs Qarayev Bəhreyn Krallığının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Bəhreyn Krallığının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Olaylar.az bildirir ki, Əbülfəs Qarayev Parisdə keçirilən UNESKO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin Forumunda iştirakı zamanı Bəhreynin Mədəniyyət naziri ilə görüşünü xatırladıb, UNESKO ilə əməkdaşlıq çərçivəsində Bəhreynin Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirilən layihələri diqqətə çatdırıb.

Nazir Dünya İrsi Siyahısına daxil olan Muharraq şəhərinin bərpası layihəsinin memarlıq sahəsində ən əhəmiyyətli mükafatlardan biri olan Ağa Xan Mükafatına layiq görülməsi münasibətilə Bəhreyn Krallığına təbriklərini ifadə edib.

"Bahrain Holidays" şirkətinin idarə heyətinin sədri Mahmood Alkadhem Azərbaycan xalqının və mədəniyyətinin Bəhreyn vətəndaşlarının diqqətini cəlb etdiyini, mədəniyyətlərimiz arasında oxşarlıqların olduğunu bildirib. O, şirkətin fəaliyyəti barədə məlumat verərək sağlamlıq turizmi, təhsil turizmi sahələrində görülən işləri, habelə 70-dən çox xarici ölkəyə səfərlərin təşkil edildiyini, il ərzində hava limanı səfərlərinin 9 milyon insanı əhatə etdiyini diqqətə çatdırıb. Bununla yanaşı, "Bahrain Holidays" şirkəti tərəfindən həyata keçirilən təhsil proqramları çərçivəsində tələbələrin müxtəlif xarici ölkələrə səfərlərinin təşkil edildiyi də vurğulanıb.

Əbülfəs Qarayev Körfəz ölkələrində ölkəmizin tanıdılması ilə bağlı görülən işlərdən,  Azərbaycanın qoşulduğu mədəni marşrutlardan bəhs edib.

Parisə səfəri çərçivəsində İSESKO-nun yeni baş direktoru ilə görüşünü də xatırladan nazir bütövlükdə İslam ölkələrində mədəni irsin qorunması və bərpası məsələləri ilə bağlı geniş müzakirələrin aparıldığını söyləyib, son zamanlarda bu istiqamətdə əhəmiyyətli işlərin görülməsinə başlanıldığını deyib.

Sonda nazir "AlBilad" və "AlVatan" qəzetlərinin, "Golf Diary News" və digər informasiya agentliklərinin nümayəndələrinin suallarını cavablandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31