“Yeddi nar çubuğu” səhnəyə gəlir

“Yeddi nar çubuğu” səhnəyə gəlir

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 88-ci sənət mövsümündə də tamaşaçılarına rəngarəng və maraqlı repertuar təqdim edir. Yaradıcı heyət növbəti səhnə əsərinin məşqlərinə başlayıb.

Olaylar.az bildirir ki, kollektiv bu dəfə Azərbaycanın məişət nağılları sırasında ibrətamizliyinə görə xüsusi yeri olan "Yeddi nar çubuğu"na müraciət edib. Kiçikhəcmli nağılı publisist Zülfüqar Rüfətoğlu pyesə çevirib. Tamaşaya Əməkdar artist Qurban Məsimov quruluş verir.

Azərbaycan Dövlət Kukla Teatrı, "ITALDIZAIN" şirkəti və Fransanın Bakıdakı "Cartier zinət evi"nin  dəstəyi ilə ərsəyə gələn nağıl-tamaşanın fərqli səhnə tərtibatı olacaq.

Parket və masaüstü kukla texnikalarında nümayiş olunacaq tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubovadır.

Səhnə əsərinin bəstəkarı, Əməkdar artist Vüqar Camalzadə yurd, torpaq təəssübü, çağırış, cəng ruhlu musiqilər yazıb. Tamaşada ümumilikdə 10-dək mahnı səslənəcək.

"Yeddi nar çubuğu"nda obrazları əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Ramiz Qəmbərov, Yasin Abbasov, Araz Həsənli, Samirə Nəcəfova və Aygül Ağayeva oynayacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31